“Sağlam Düşüncə” Gənclər Təşkilatı SALTO–nun Şərqi Avropa və Qafqaz ölkələri üzrə Resurs Mərkəzi (SALTO EECA) tərəfindən keçirilən müsabiqənin qalibi olaraq Erasmus+ Gənclik və Avropa Həmrəylik Korpusu proqramları üzrə Azəbaycanda Məlumat Mərkəzi seçilib.
2017-ci ildən Şərq tərəfdaşlığı ölkələri və Rusiyada fəaliyyətə başlayan Məlumat Mərkəzlərinin başlıca məqsədi Erasmus+ Gənclik və Avropa Həmrəylik Korpusu çərçivəsində gənclər və gənclər təşkilatlarının imkanları barədə məlumat vermək və onlara layihələrinin həyata keçirilməsində dəstək olmaqdır.
Qeyd edək ki, hər il SALTO EECA tərəfindən elan edilən müsabiqə yolu ilə Şərq tərəfdaşlığı ölkələri və Rusiyadan hər ölkə üzrə 1 gənclər təşkilatı seçilir. Müsabiqənin qalibi olan təşkilatlar ERASMUS+ Gənclik və Avropa Həmrəylik Korpusu proqramları üzrə yerli səviyyədə Məlumat Mərkəzinin koordinasiyasını həyata keçirir.
2020-ci il üçün hazırlanan fəaliyyət planı əsasında “Sağlam Düşüncə” Gənclər Təşkilatı Məlumat Mərkəzi olaraq müxtəlif regionların Gənclər Evləri və Mərkəzlərində və ali təhsil müəssisələrində seminarlar, sosial media hesabları üzərindən online məlumat sessiyaları, webinarlar və digər maarifləndirici tədbirlər həyata keçirəcəkdir. Eyni zamanda gənclər və gənclər təşkilatlarının nümayəndələrinin ünvanladığı suallar cavablandırılacaq, konsultasiya xidməti göstəriləcəkdir.
Xatırladaq ki, “Sağlam Düşüncə” Gənclər Təşkilatı 2019-cu ildə də keçirilən müsabiqənin qalibi olmuş, ötən il ərzində Azərbaycanda Məlumat Mərkəzi funksiyasını həyata keçirmişdir.
Ətraflı məlumat üçün 0558237290 nömrəsi ilə əlaqə saxlaya və ya info.azerbaijan@salto-youth.net ünvanına məktub yaza bilərsiniz.