Sumqayıtın hansı idarələri qapalıdır? – SORĞU-ARAŞDIRMA

1074

Jurnalistlər hansı qurumların İnformasiya Əldə Etmək haqqında qanuna riayət edib-etmədiyi barədə danışır

 

Təəssüflə qeyd etməliyik ki, yerlərdə, elə şəhərimizdə də media orqanlarının informasiya almaqla bağlı problemləri olur. Maraqlıdır ki, bürokratik əngəllər yuxarıdan aşağı gəldikcə artır. Məsələn, şəhər icra hakimiyyətindən hansısa xəbəri almaq və ya dəqiqləşdirmək daha asandır, nəinki hansısa daha kiçik idarədən, lap elə hansısa bağçadan…

Sumqayıtlı jurnalistlər arasında onların informasiya almaq imkanlarını, eyni zamanda hansı qurumların informasiya açıqlığını təmin etdiyini, media nümayəndələrinə süni əngəllər yaratmadığını (və yaratdığını) müəyyənləşdirmək üçün sorğu apardıq. Respondentlərimizin bəziləri heç bir problemlə üzləşmədiyini desə də, bəziləri konkret faktlarla rastlaşdıqları əngəllər barədə fikirlərini bildirdilər. Həmkarlarımızdan bu suallarımızı cavablandırmalarını istədik:

– İnformasiya əldə etmək imkanlarınız nə qədər yaxşı təmin olunur?

– Hansı qurumlardan informasiya almaq asandır?

– Hansı qurumlardan informasiya almaq çətindir?

 

Azərtac Dövlət Teleqraf Agentliyinin Sumqayıt üzrə müxbiri Ətrabə Rzayeva informasiya almaqla bağlı problemlə üzləşmir. Hansı qurumlardan informasiya almağın rahat olduğuna gəlincə isə xanım jurnalist bu mənada “Azərikimya” İstehsalat Birliyini fərqləndirir. “İnformasiya almaqla bağlı prinsip etibarı ilə Sumqayıtda problem yox dərəcəsindədir” – deyə Ə.Rzayeva qeyd edir.

 

“Yenilik.az” saytının rəhbəri Xanlar Xocalı isə deyir ki, bu təkcə Sumqayıta aid deyil, ümumrespublika səviyyəli problemdir: “Məlum olduğu kimi ölkədə banan, siqaret, maşın təkəri və s. biznes sahələri inhisarçıların nəzarətindədir. Lakin son illərdə bu inhisarçılıq artıq informasiya sahəsinə də sirayət edib. Belə ki, korrupsioner məmurlar, korrupsiya hesabına əldə etdikləri var-dövlətlə özlərinə və gülbalalarına müsbət imic formalaşdırmaq, gələcək siyasi məqsədlərini reallaşdırmaq üçün media qurumları yaradır və informasiyanın ilk olaraq məhz həmin qurumlara verilməsi üçün öz əllərindəki inzibati rıçaqlardan istifadə edirlər. Nəticədə, müstəqil mətbuat və internet mediası informasiya almaq imkanından məhrum olur”.

Sumqayıta gəlincə isə X.Xocalının qənaətincə şəhərimizdə Təhsil, Gənclər və idman idarələrini çıxmaq şərtilə bütün dövlət qurumlarının informasiyaları ilk öncə inhisarçı media qurumlarında dərc olunur: “Məsələn, Sumqayıtda adi boğulma, zəhərlənmə kimi hadisələrin dərhal Sumqayıtın yerli mətbuatına deyil, hansısa agentliyə və ya sayta verilməsi buna sübutdur”.

 


“Bizim yol” qəzetinin əməkdaşı, sumqayıtlı jurnalist Natiq Cavadlı
isə deyir ki, Sumqayıt şəhərində informasiya almaq müşkül məsələdir, ancaq bəzi qurumlarla işləmək nisbətən asandır: “Məsələn, polisdən informasiya almaq elə də çətin deyil. Eləcə də hansısa MİS-dən. Amma şəhərin Mədəniyyət və Turizm Nazirliyinin yerli şöbəsindən kitabxanaların durumu barədə açıqlama almaq qeyri-mümkündür, eləcə də Təhsil Nazirliyinin yerli şöbəsinin müdirinə çıxmaq mümkünsüz idi. Yeni təyinatdan sonrakı vəziyyət barədə isə hələ bir şey deyə bilmərəm. Nəqliyyat Departamentindən və Bələdiyyədən də informasiya almaqla bağlı problemlə üzləşirik.

 

“Gənclərin səsi” radiosunun əməkdaşı Aygül Mehman isə deyir ki, məsələn, Nəqliyyat Nazirliyinin mətbuat xidməti ilə problemi yoxdur: “Həmişə zəng vururam və cavab alıram. Mədəniyyət nazirliyi problem yaradır. Nazirlər kabinetinin rəhbəri Akif Əlinin mobil nömrəsinə zəng vurursan, deyir işə zəng vur, cavab verəcəm, işə zəng vurursan, bu dəfə köməkçisinə tapşırıq verir ki, bağlama. O yazıq da qalır arada – başlayır, söz aparıb-gətirməyə. Ta ki, söhbət bitənə qədər. Statistika Komitəsi telefona cavab vermir, İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti hər şeyə cavab verir, bircə hazırladığımız materialda onların cavablandırmalı olduqları sualdan başqa. Təhsil Nazirliyi də cavabdan qaçır. Hər növ bəhanə ilə canını qurtarmağa çalışır ki, cavab verməsin”.

Sumqayıta gəlincə isə, jurnalist deyir ki, Sumqayıtdan üç dəfə material hazırlamışam: “Sumqayıt idarə rəhbərlərinin kobudluğu var. Bunun da səbəbi ondadır ki, elə bilirlər rüşvət istəməyə gəlmisən, məqsədini izah edəndə və görəndə ki, sənə pul yox, informasiya lazımdır, onda demək olar ki, problem olmur. Bu günə qədər kimə müraciət etmişəmsə, problemsiz cavab almışam”.

 

 
“Xəbərlə” xəbər portalının redaktoru Elnur Ağayev
də vəziyyətdən qane deyil: “Açığını desəm, hazırda şəhərimizdə informasiya əldə etmək imkanlarımız elə də yüksək səviyyədə təmin olunmur. Buna səbəb kimi bəzi dövlət idarə və müəssələrinin sorğuya cavab verməkdən boyun qaçırması, yaxud sorğu ya cavab vermək səriştəsinin olmamasını göstərmək olar. Bir çox hallarda mətbuat xidmətləri rəhbərləri də işini düzgün qurmur. Elə də olur, qurumlara hansısa bir məsələylə bağlı müraciət edirsən, onlar cavab verməkdən boyun qaçırır, bunu özündən də yuxarı ötürür, belə müraciətlərə mərkəzin baxdığını söyləyirlər. Sumqayıtda qurumların əksəriyyətində mətbuatla işləmək üçün heç kim ayrılmır. Bu da informasiya alınmasında çətinliklər yaradır. Bəzi idarələr, bəzi məsul şəxslər isə bəlkə də sorğunun, onun şərt və qaydalarının nə olduğunu bilmirlər. Ümumiyyətlə, məmurlar jurnalist görəndə, elə bil arzuolunmayan bir şəxs görürlər…

Məsələn, Azərikimya, Gənclər və İdman baş idarəsi, Mədəniyyət və Turizm idarəsi, Sumqayıt Dövlət Universiteti, Sumqayıt Dövlət Texniki Kolleci, Sumqayıt Teatrından informasiyanı daha asan almaq olur. SDU-da bu mənada son aylar xüsusilə dəyişikliklər hiss olunur. Ancaq təəssüf ki, İstilik Təchizatı İdarəsi, Təmizlik Departamentindən, hətta bəzi bağça və məktəblərdən də sorğu almaqda çətinlik çəkmişik”.

 

Bax belə. Bu, jurnalist həmkarlarımızın verdikləri şərhlər idi. Sonda isə qanunu vərəqləməyə vaxt tapa bilməyən məmurlar üçün İnformasiya Əldə Etmək haqqında qanunun 2-ci maddəsini təqdim edirik:

 

Maddə 2. İnformasiya əldə etmək azadlığı

2.1. Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır.

2.2. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir.

2.3. İnformasiya sahibinə müraciət edən hər kəs:

2.3.1. sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq;

2.3.2. informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir.

2.4. Fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır.

2.5. İnformasiya sahiblərindən bu Qanunun tələblərinə uyğun olaraq əldə edilmiş sənədləşdirilmiş informasiyadan, digər məqsədlər, o cümlədən kommersiya məqsədləri üçün törəmə informasiya məhsulunun yaradılmasına bu şərtlə icazə verilir ki, törəmə informasiya yaradılarkən ilkin mənbəyə istinad edilsin.

Hazırladı: Vüsal

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər