Deputatın çıxışını təqdim edirik:
“Büdcə zərfinə daxil olan sənədlərdən də göründüyü kimi, 2022-ci ilin dövlət büdcəsi layihəsi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinə uyğun olaraq hazırkı qlobal-iqtisadi çağırışlar, iqtisadi artım, inflyasiya, işsizlik səviyyəsi, makroiqtisadi tarazlığın qorunması nəzərə alınmaqla hazırlanıb. 2022-ci ilin dövlət büdcəsində keçən ilə nisbətən gələn il üçün büdcə xərcləri artırılaraq 30 milyard manata yaxın məbləğdə təklif olunur.
İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, məcburi köçkünlərin öz doğma yurdlarında məskunlaşdırılması, ölkənin Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin daha da möhkəmləndirilməsi, həmin ərazilərdə hərbi hissələrin yerləşdirilməsi, dövlət sərhədlərinin etibarlı qorunması üzrə tədbirlərin maliyyələşdirilməsi, əhalinin sosial rifahının daha da gücləndirilməsi 2022-ci ilin büdcəsinin prioritet istiqamətləridir. Bir sözlə, gələn ilin dövlət büdcəsi qalib ölkənin qalib büdcəsi parametrlərini özündə əks etdirir.
Xüsusi olaraq vurğulamaq istərdim ki, 2022-ci ildə sosialyönümlü xərclər cari illə müqayisədə 1 milyard 649 milyon manat və yaxud 13,5 faiz artırılaraq 13 milyard 851 milyon manata çatdırılır. Beləliklə, büdcədə sosialyönümlü xərclərin xüsusi çəkisi 46,4 faiz olacaq.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 2022-ci ilin dövlət büdcəsində gələn il yanvarın 1-dən əməkhaqlarının, əmək pensiyalarının, sosial müavinətlərin və digər sosial ödənişlərin artırılması üçün 1 milyard 440 milyon manat məbləğində müvafiq maliyyə təminatı təmin edilib. Bütün bunlar göstərir ki, xalqın rifahı hər zaman dövlətimizin ən ümdə vəzifəsidir.
Hökumət 2022-ci ildə həyata keçirəcəyi büdcə siyasəti çərçivəsində ölkə iqtisadiyyatının beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsi, qeyri-neft ixracının stimullaşdırılması və investisiya mühitinin yaxşılaşdırılması üçün daha təsiredici addımların atılmasını, dövlət müəssisələrində mütərəqqi korporativ idarəetmə üsullarının tətbiq edilməsi yolu ilə onların fəaliyyətlərinin səmərəliliyinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsini planlaşdırır.
Hamımız şahidiyik ki, son illər ölkənin qeyri-neft sektoru yüksək artım tempilə inkişaf edir. Qeyri-neft sektorunun inkişafında aqrar sahənin, dağ-mədən və neft-kimya sənayesinin rolunu xüsusi ilə qeyd etmək istərdim.
Hesab edirəm ki, Azərbaycan hökumətinin diqqət mərkəzində olan kənd təsərrüfatı, qeyri-neft şirkətləri və müəssisələri növbəti büdcə ilində də bu dəstəyi hiss edəcəklər.
Onu da qeyd etməliyəm ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafında kiçik və orta sahibkarların payı da getdikcə artmaqdadır. Sahibkarlığın inkişafı, kiçik və orta biznes subyektlərinin yaradılmasından başlayaraq, fəaliyyətlərinin bütün mərhələlərində dövlət dəstəyi mexanizmləri ilə təmin edilməsi təqdirəlayiqdir.
Fürsətdən istifadə edərək diqqətinizə çatdırmaq istərdim ki, deputatı olduğum Sumqayıtın şəhər təsərrüfatının problemlərindən biri dövlətin balansında olan çoxmənzilli yaşayış binalarının istilik sistemlərinin işləməməsi, baxımsız vəziyyətdə olmasıdır. Hər görüşdə Sumqayıt seçiciləri bu məsələ ilə bağlı narahatlıqlarını bildirirlər. Bu məsələni mən ötən il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı da qaldırmışdım. Bu məsələ hələ də həll olunmamış qalır. Sumqayıt şəhərinin bu probleminin həllinə köməklik göstərilməsi üçün hökumət tərəfindən aidiyyəti qurumlara tapşırıq verilməsini xahiş edirəm.
Dövlət büdcəsi layihəsindən göründüyü kimi, 2022-ci ildə təhsil sektoru hökumətin dəstək göstərdiyi sahələr sırasındadır. Tələbə kreditinin verilməsi üçün büdcə layihəsində 22 milyon manat vəsait nəzərdə tutulur. Bu, aztəminatlı ailələrdən olan gənclər, Qarabağ müharibəsi şəhidlərinin övladlarının, ailə üzvlərinin, qazilərin ali təhsil almalarına yeni imkanlar yaradacaq. Bununla yanaşı, sözügedən kateqoriyadan olan daha çox gəncin bu dəstəkdən yararlanması üçün həmin vəsaitin həcminin bir qədər də artırılması məqsədəuyğun olardı.
Azərbaycanda gənclərin təhsilinə xüsusi dövlət qayğısı mövcuddur. Prezidentin təşəbbüsü ilə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair yeni Dövlət Proqramının hazırlanması da dövlətimizin insan kapitalına xüsusi yanaşmasının təcəssümüdür. Bu mənada yüksək rəqabətqabiliyyətli kadrların yetişdirilməsinə yönəldilən vəsait dövlətimizin dayanıqlı inkişafına xidmət edir.
Bundan başqa, xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, orada fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin və diaspor təşkilatlarının fəaliyyətlərinin gücləndirilməsi, Azərbaycan, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin tarixi və mədəni irsinin daha geniş təbliği üçün 2022-ci il büdcəsində nəzərdə tutulan vəsaitlərin həcminin daha çox olmasını təklif edirəm.
Çıxışımı yekunlaşdıraraq bir daha qeyd etmək istərdim ki, 2022-ci ilin dövlət büdcəsi layihəsi hərtərəfli, büdcə sistemi haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq hazırlanıb. Müzakirə olunan bu qanun layihəsini dəstəkləyirəm.
Diqqətinizə görə sağ olun!”