Ötən il noyabrın 14-də Parisdə, Royal Pavilyonda Azərbaycanın paytaxtı Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması münasibətilə qəbul təşkil edilib. Tədbirdə çıxış edən Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan hökuməti adından Bakının 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyini təqdim etməyin böyük şərəf olduğunu bildirib.
M.Əliyeva deyib ki, Azərbaycan yüksələn xətlə inkişaf edən dövlətdir və indi ölkəmizin iddiası 2025-ci ildə Ümumdünya Sərgisinə ev sahibliyi etmək və bütün dünyanı qəbul etmək hüququnu qazanmaqdır. 2025-ci ildə Ümumdünya Sərgisini təşkil etmək bizim səmimi istəyimizdir. Əgər bu şərəfə layiq görüləriksə, biz bütün dünyanı Azərbaycanda və gözəl şəhərimiz olan Bakıda qürurla qarşılayacağıq.
Azərbaycan “Expo 2025” Sərgisini mayın 10-dan noyabrın 10-dək təşkil etmək təklifini irəli sürüb. Sərginin mövzusu isə “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” olacaq.
Bakı ilə yanaşı, Rusiyanın Yekaterinburq, Yaponiyanın Osaka və Fransanın Paris şəhərlərinin də “Expo 2025” Ümumdünya Sərgisinin keçirilməsi üçün namizədliyi irəli sürülüb.
Bakının “Expo 2025” Ümumdünya Sərgisinə namizəd şəhər olması şərəfinə təşkil edilən qəbulda Azərbaycanın və Fransanın tanınmış ictimai-siyasi xadimləri, diplomatik korpusun nümayəndələri və digər nüfuzlu şəxslər iştirak edib.
Tədbir zamanı qurulmuş xüsusi monitorlarda Azərbaycan haqqında nümayiş olunan videoçarxlar, ölkəmiz barədə nəşrlər böyük maraqla qarşılanıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili Modern.az-a deyib ki, “EXPO 2025” sərgisi dünyanın ən böyük sərgisidir:
“Onun reallaşdığı ölkələr bu sərgidən hər zaman böyük iqtisadi fayda əldə ediblər. Sərginin hansı ölkədə keçiriləcəyi ilə bağlı yarış davam edir, böyük rəqabət var. Azərbaycan “Milan 2015” sərgisində iştirak edib, ölkə stendi yaradıcılığına görə böyük marağa səbəb olub. Son illər Azərbaycan bir çox beynəlxalq tədbirləri yüksək səviyyədə keçirməklə əvəzedilməz təcrübə əldə edib”.
Deputat deyib ki, sərgi Azərbaycanda keçiriləcəyi təqdirdə iqtisadiyyatın əksər sektorlarına böyük həcmdə əlavə gəlir əldə etmək imkanı yaradacaq:
“Həmçinin, Azərbaycan reallıqlarının dünyaya çatdırılmasında, Qarabağ həqiqətlərinin yayılmasında da sərginin əvəzedilməz rolu ola biləcək. Bundan başqa, sərgi həm də Azərbaycana marağın daha da artmasına, turizmin və xarici investisiyaların artmasına səbəb ola biləcək”.