Məlum olduğu kimi, hazırda dövrələrarası transfer dönəmi başa çatmaq ərəfəsindədir. Bu isə o deməkdir ki, yerli klublar üçün azarkeşlərin gözünə kül üfürməyin vaxtı da yekunlaşmaq üzrədir. “Transfer pəncərəsi”nin açılmasından bəri keçən zaman kəsiyində isə ölkə klubları, daha doğrusu, elita təmsilçilərinin rəhbər şəxsləri xeyli ucuz reklam gedişləri edib. Guya Ukrayna “Metallist”ini ağ günə Qara çıxaracaqmış, amma sonradan təklifdən imtina edib ki, ora getməkdənsə, “Qarabağ”ın “qara bağlarını” açaram. Elə Əfran İsmayılov, Rauf Əliyev, Elvin Yunuszadə də Türkiyə çempionatını bəyənmədiyindən ölkə daxilində qalıb. Amma deyəsən, hələ də yerli futbol ictimaiyyətini aldatmaq istəyən futbol funksionerlərimiz var. Hər halda, belə olmasa, “Sumqayıt”ın hücumçusu Orxan Əliyevin dünyanın aparıcı futbol ölkələrinin təmsilçilərinin diqqət mərkəzində olduğu yönündə xəbərlər yayılmazdı. Sən demə, sözügedən futbolçu ilə “Trabzonspor” maraqlanırmış. Bir müddət əvvəl “Portu”ya gedən gənc oyunçu oradan üzü qara qayıtsa da, klub rəhbərliyi özünü sındırmayaraq Orxanın Portuqaliya nəhənginin təklifini bəyənmədiyini bildirdi. Guya Orxanın yaşı az olduğundan ona hələlik əvəzedici heyətdə oynamaq təklif olunmuş, oyunçu isə bundan imtina etmişdi. Hücumçunun Portuqaliyaya yollandığı ərəfədə onun keçidində “Liverpul” və “Ayaks” kimi klubların da maraqlı olduğu bildirilirdi. Əgər doğurdan da beləydisə, onda niyə “Portu”dan üzü qara qayıdan Əliyev İngiltərə və ya Hollandiyaya üz tutaraq üzümüzü ağ eləmədi?
Düzü, “Sumqayıt”ın üzvünü reklam edənlər bu məsələyə də bəhanə tapa bilər. Ən pis halda ya Əliyevin 18 yaşı tamam olmadığından, ya Orxanı istəyən Şenol Günəşi istefa verməsi səbəbindən, ya da işçi vizası ala bilmədiyindən geri qayıtdığını deyəcəklər. Nə də olsa, bizdə belə bir praktika çoxdan var. Yadınızdadırsa, “Neftçi”nin üzvü Araz Abdullayev də məhz işçi vizası ala bilmədiyindən geri qayıtmışdı. Ən azı bu məsələ ilə bağlı səslənən iddia bu yöndə idi. Yoxsa indi fövqəlistedad olan Abdullayev “Everton”un əsas siması idi. “Neftçi”də də ehtiyatda zəif çıxış etdiyinə görə yox, özündən yaşca böyük olan Flavinyo və Vobaya hörmətsizlik olmasın deyə oturub.
Orxan Əliyevin “Portu”, “Ayaks”, “Liverpul” və “Trabzonspor” kimi klubların gündəmində olmasının nə dərəcədə real olmasını araşdıranda bir neçə sual meydana çıxır. Görəsən, sözügedən klubun nümayəndələri Orxan Əliyevi harada bəyəniblər? Əgər yuxarda bəhs etdiyimiz Araz Abdullayevin seçmə mərhələdə səfərdə Şotlandiya millisinin qapısına yol tapmaqla ingilislərin diqqətini çəkməsi ağılabatan idisə, Əliyev belə bir uğurun iştirakçısı olmayıb. Yox, əgər iddialı klublar Orxana seçmə mərhələdəki rüsvayçılıqlardan sonra “elçi” düşübsə, bu işdə nəysə qeyri-adilik axtarmalı olacağıq. Ölkə Premyer-Liqasında da “Sumqayıt”ın çıxışını izləyənlərin kürkünə birə düşür ki, burda futbol oynamqdan daha çox futbolla oynayırlar. Həm də axı ilk dövrədən sonra cəmi iki qola imza atan hücumçu kimə lazımdır?
“Sumqayıt” klubunun apardığı piar kampaniyasının ardından Orxan Əliyevi Azərbaycanın iddialı kollektivlərindən birinin sırasında görsək, təəccüblənməməliyik. Onsuz da futbolçu ilə bağlı aparılan reklam kampaniyasının məqsədi də Orxanı yüksək qiymətə elita təmsilçilərindən birinə satmaqdır. Bir də ki, axı ölkə klubları Əliyevlə istənilən halda maraqlanmalıdır. Axı, futbolçu Portuqaliya “Portu”sunda baxışda, “Liverpul” və “Ayaks”ın maraq dairəsində olub. “Trabzonspor”a yollanmasına da zədə əngəl törədib. Yəqin ki, ölkəmizdə ikinci belə futbolçu tapmaq çətindir. Futbolçunun qiymətini qaldırmaq üçün transfer söyləntilərindən yaxşı variant yoxdur. Məgər ölkə xaricindən təklif aldığını deyən Rauf Əliyevlə Kamran Ağayev belə etmədimi? Sonda necə deyərlər Biləcəridən o yana keçə bilməyən milli üzvləri “Bakı”ya pənah gətirmədimi? Hələ mən şəxsən bəndənizə Avstriyanın “ SV Mattersburq” klubuna keçəcəyini söyləyən Amit Quluzadəni demirəm. Bu pair sadəcə ikinci “altılıq” komandası “Rəvan”ı ilk “altılığ”ın təmsilçisi “Qəbələ”yə dəyişməyə bəs etdi. Deməli, “Sumqayıt” klubunun rəhbərliyi və Orxan Əliyev də “doğru” yoldadır. Bu yolla ən azı elitanın medallar uğrunda nübarizə aparan klubuna keçmək olar. Nə də olsa, belə demək mümkünsə, “məmə deyəndən pəpə yeyənə” qədər hamı bilir ki, danışarkən ağızlarına çullu dovşan sığmayan bizim futbolçular üçün pul mənbəyi kimi göz qamaşdıran imkanlı elita təmsilçiləri daha ekzotikdir, nəinki Avropa. Bunun əksini iddia eləmək üçün isə belə demək mümkünsə, “qırmızı adam” olmaq lazımdır. Qara gündə olan futbolumuzun qırmızı adamları isə yetərincədir.
P.S. Yazının müəllifinə “Vaşinqton Post” qəzetindən təklif gəlib, o bu yaxınlarda ABŞ-a baxışa yollanacaq.
Tural Məmmədov