“Çempionat AFFA İcraiyyə Komitəsinin qərarı ilə dayandırılıb. Səbəb hamının sağlamlığıdır. İnsanların, vətəndaşların sağlamlığı və son zamanlar ölkədə yoluxma sayının çoxalması nəzərə alınaraq belə bir qərar qəbul olunub”.
Bu fikirləri “Report”a açıqlamasında “Sumqayıt”ın prezidenti Riad Rəfiyev Azərbaycan Premyer Liqasının və ölkə kubokunun dayandırılmasına münasibət bildirərkən deyib.
Həftəsonları ölkədə sərt karantin rejiminin tətbiq edildiyini xatırladan gənc funksionerin sözlərinə görə, bu halda futbol oynamaq və çempionatı normal səviyyədə keçirmək üçün vaxt olmayacaq: “Biz bilmirik ki, şənbə və bazar günlərindəki sərt karantin rejimi nə vaxta qədər olacaq. Qurum hər şeyi nəzərə alaraq Premyer Liqanı və ölkə kubokunu dayandırmaq qərarı verib. Biz isə klub olaraq hansı qərar qəbul edilirsə, razılaşmalı və icra etməliyik”.
“Gənclik şəhəri” təmsilçisi tarixində ilk dəfə Rəfiyevin klub prezidentliyi dövründə avrokuboklara vəsiqə əldə edib. O, Avropa Liqasında iştirak edəcəkləri üçün sevindiklərini söyləyib: “Sevinc hissi ona görə deyil ki, avrokuboklara vəsiqə bizim dönəmimizdə oldu. Sevinirik ki, “Sumqayıt” Avropa Liqasına vəsiqə qazanıb. Çalışacağıq ki, şəhərimizi bu turnirdə layiqincə təmsil edək. Burada kimin əməyi varsa, hamısına minnətdarlığımı bildirirəm. Bu, bizim rəhbərliyimizin dövründə olub, amma əvvəlki rəhbərliyin də burada əməyi var. Hamıya öz minnətdarlığımı çatdırıram”.
Klub prezidentinin sözlərinə görə, “Sumqayıt”ın Avropa Liqasında iştirakı başqa komandalara qarşı haqsızlıq sayılmamalıdır: “Bu qərar Avropanın bir neçə ölkəsində də qəbul edilib. Qitədə təxminən 10 ölkə bu qərarı verib. Misal olaraq, Fransa, Belçika, Niderland kimi böyük ölkələri misal göstərmək olar. Avropa Liqasına vəsiqə üçün heç bir haqsızlıqdan söhbət gedə bilməz. Burada ilk olaraq, vətəndaşlarımızın sağlamlığı hər şeydən önəmlidir. Heç bir futbol və avrokubok bizim vətəndaşların sağlamlığından vacib ola bilməz. İcraiyyə Komitəsi də Operativ Qərargahla məsləhətləşəndən sonra belə bir qərar qəbul edib. Biz də bunu tam olaraq dəstəkləyirik”.
Klub prezidenti Avropa Liqasına vəsiqə qazanmaları ilə bağlı qərar yeni verildiyi üçün 2020/2021 mövsümünün planları ilə bağlı danışmağın tez olduğunu sözlərinə əlavə edib.