“Sumqayıt”ın prezidenti “Neftçi”yə məğlubiyyətdən tutmuş, muzdlu jurnalistlərə qədər hər şeydən danışdı

940

Sumqayıt” klubunun prezidenti Kamran Quliyev Sportinfo.Az-a verdiyi geniş müsahibəsində “Neftçi”yə 1:8 hesablı məğlubiyyətdən, baş məşqçi Bernhard Raabın gələcək taleyindən tutmuş, klubun bazası, stadionu və yeni layihələrinə kimi hər şeydən danışdı.

– Klub prezidenti kimi, “Neftçi”yə 1:8 hesablı məğlubiyyəti özünüz üçün təhlil etmisinizmi? Sizcə, “Sumqayıt” niyə o cür hesabla uduzdu?

– Birincisi, biz heç vaxt bu cür hesablarla barışa bilmərik.Heç bir klub prezidenti, klub rəhbəri belə nəticəyə razı ola bilməz. Həmin oyun başa çatan kimi dərhal təcili klubdaxili iclas keçirdik və məşqçilər korpusundan hesabat tələb etdik. Hesabat gələndən sonra rəhbərlik tərəfindən şərtlər qoyuldu, bundan başqa, futbolçulara da həmin şərtlər çatdırıldı. Şərtlər isə ondan ibarət idi ki, yaxın zamanda komanda yaxşı nəticələr qazanmalı, öz oyununu tapmalı və bir də bu cür acınacaqlı məğlubiyyətə düçar olmamalıdır. Təbii, bu, futboldur, burada məğlub da olmaq olar. Ancaq komanda rəqabət aparmalı, layiqli oyun ortaya qoymalıdır. Dediyim kimi, artıq bu şərtlər, eləcə də xəbərdarlıq həm məşqçilər korpusuna, həm də futbolçulara çatdırılıb. Yaxın zamanlarda yaxşı nəticələr olmasa, dəyişikliklərə əl atmağa məcbur olacağıq.

– “Neftçi” ilə oyundan sonra futbolçularınıza dediyiniz ilk söz nə oldu?

– Futbolçularla görüşüm olmadı. Ancaq məşqçilər korpusu ilə danışdım. Çünki həmin anda futbolçularla nə isə danışmaq, onlara nəyisə izah etmək qeyri mümkündür. Həmin vəziyyətdə futbolçular sənin dediyin sözü düzgün anlamıya və qəbul etməyə də bilərlər. Ancaq dediyim kimi, məşqçilər korpusu ilə görüşdə onlara qəti narazılığımızı və iradlarımızı bildirdik.

– Maraqlıdır,məşqçilər korpusu təqdim etdikləri hesabatda məğlubiyyətə səbəb kimi nəyi göstəriblər?

– Heyətlə bağlı əməlli-başlı problemimiz var idi. 5 futbolçumuz bu matçda forma geyinmədi, hansı ki, onlar komandanın 35-40 faizi sayıla bilər. “Neftçi” ilə ilk dövrədəki qarşılaşmanı yüksək səviyyədə keçirən Səlahət Ağayevlə Orxan Əliyev yox idi və onların yeri aşkar görünürdü. Ancaq onu deyim ki, Vobayın qolunu çıxmaq şərti ilə buraxılan 8 qoldan 7-də qapıçının səhvi yox idi. Müdafiə xətti demək olar, yox idi. Bilirsiniz, bizim heyətin bir sıra üzvləri var ki, artıq millinin “qapısını” döyür, bəziləri artıq start heyətində oynayır. Ola bilər ki, hansısa milli üzvünün də oyunu alınmaya bilər. Ancaq oyunun alınıb alınmamasından aslı olmayaraq, futbolçu gərək meydançada mübarizə aparmalıdır. Bəli, biz bugün digər iddialı klublarımızın futbolçularına verdikləri pulu öz futbolçularımıza verə bilmirik. Ancaq mən sizə deyim ki, futbolçularımız elə verdiyimiz pulun dəyərində oyun ortaya qoyurlar. Əgər böyük pullar qazanmaq istəyirlərsə, o zaman daha yaxşı oynayıb, daha böyük, imkanlı klublara getməlidirlər. Bu isə özlərindən asılıdır. Milli komandanın şərəfini qoruyan futbolçu kimliyindəm aslı olmayaraq, qarşısındakı rəqibə 1:8 uduzmamalıdır. Şəxsən mən düşünürəm ki, “Neftçi”yə qarşı əvəzedici heyəti oynatsaydıq, 8 top buraxmayacaqdıq. Futbolçularımızda istək yox idi. Bəzən oynayırlar, bəzən isə sanki, oyunlarında uçurum yaranır. Evdə 7000 azarkeşin gözü önündə “Qarabağ”a 1:6 uduzdular. Qəbələdə hesabı açırıq, ilk hissədə yaxşı oynayırıq, amma ikinci hissədə hər şey dəyişir və 1:4 məğlub oluruq. Axı, bilirik ki, bu futbolçuların potensisalı daha yaxşı nəticələrə imkan verir. Bu komanda “Neftçi”ni udub, “Bakı”nı udub, “Xəzər Lənkəran”, “İnter”, AZAL-dan xal alıb… Açığı bəzən onların məsuliyyətinə şübhə ilə yanaşıram.

– Gələk ən əsas məsələyə. Hansı ki, hazırda daha çox müzakirə mövzusuna çevrilib. Söhbət baş məşqçiniz Benhrad Raabdan gedir. Artıq çox adam “Sumqayıt” rəhbərliyinin səbrinıə məəttəl qalıb. Sizcə, Raabı istefaya göndərmək üçün onun 1:18 uduzması lazımdır?

– Keçən il həqiqətən də komandamız çox gənc idi, heyət yeni yığılmışdır. Komandada mütəmaddi oynayan yeganə təcrübəli futbolçu Samir Abbasov idi. Bu mövsüm öncəsi isə Ceyhun Sultanov, Aftandil Hacıyev kimi təcrübəli futbolçuları da komandaya cəlb etdik. Bundan başqa, ölkə xaricində yaşayan, futbol oynayan və əslən Azərbaycana bağlı olan yeni futbolçuları da heyətimizə qatdıq. Ancaq nəticələr bizi qane etmir. Az öncə dediyim kimi, yaxın zamanlarda ciddi dəyişiklik olmasa, biz dəyişiklik etməli olacağıq. Bu sözlərim həm baş məşqçi Raaba, həm də futbolçulara aiddir. Konkret Raaba gəlincə, o, hazırda bizim baş məşqçimizdir. Onun da qarşısına konkret tələb qoyulub ki,qış fasiləsinə qədər nəticələr yaxşılaşsa, əməkdaşlığımız davam edəcək. Yox, yaxşılaşmasa, lazımı tədbirlər görüləcək.

– Qarşıda 5 çempionat oyunu qalıb. Bu 5 oyundan neçə xal toplamağı baş məşqçinin qarşısına tələb kimi qoymusunuz?

– Mən “Bakı” ilə kubok oyununu da bura əlavə edərdim. Çünki kubokda iki mərhələ keçsək, Avropa Liqasına çıxmaq şansımız yaranacaq. Düzdür, indi kimlərsə mənim bu sözümü qəribə qəbul edəcək ki, 1:8 uduzan klubun prezidenti Avropa Liqasından danışır, amma niyə də olmasın? O ki qaldı konkret çempionatdakı 5 oyuna, əsas məqsəd o qoyulub ki, təhlükəli zonadan uzaqlaşmalıyıq, bizə lazım olan stabil oyun dəsti-xəttini tapıb onun üzərində işləmək.

– Bir məsələ də var ki, özünə hörmət edən məşqçi bu cür hesablı məğlubiyyətdən sonra rəhbərliyin qərarını gözləmədən özü istefa verib gedir. Məsələn, Azərbaycanda Qurban Qurbanov, Yunis Hüseynov bu addımı atıb. Maraqlıdır, heç olubmu ki, Raabda hansısa böyükhesablı məğlubiyyətdən sonra belə fikri olsun? Bu jesti onda hiss eləmisiniz?

– Bəli,bir dəfə belə bir şey olub. Ancaq bir məsələ var ki, Raab bizim müqaviləyə hörmətlə yanaşır. O, bizimlə məsləhətləşməmiş belə addım atmır. Bəli, bəzi klub məşqçiləri həmin addımı atır, istefa verir, sonra da rəhbərlik həmin istefasını qəbul eləmir və o məşqçi qalıb işləyir. Üzr istəyirəm, mən buna daha çox şou kimi baxıram. Mənim fikrimcə, məşqçi ilk növbədə bağladığı müqaviləyə hörmətlə yanaşmalıdır. O, ilk növbədə qərarını rəhbərliyə bildirməlidir, bundan sonra çıxıb istefa haqda mətbuata açıqlama verməlidir. Mən sizə açıq deyəcəm, keçən mövsüm qış fasiləsinə doğru bizim komandamızın yaxşı oyunları,nəticələri oldu. Həmin vaxt yerli klublarımızdan ikisi Raabla maraqlanırdı.

– Sumqayıt azarkeşlərinin, futbol ictimaiyyətinin 1:8-ə göstərdiyi reaksiyadan yəqin ki xəbəriniz var. Hamı bir nəfər kimi, Raabın istefasını tələb edir. Hətta facebook sosial şəbəkəsində bununla bağlı səhivə də yaradılıb…

– (gülür). Şükür Allaha ki, özümü keçmişin adamı hesab eləmirəm və müasir dövrdə yaşadığımdan çalışıram özümü də bu dövrə uyğunlaşdırım. Facebook və eləcə də digər məşhur sosial şəbəkələrə hərdən özümdə girib baxıram. Dünyada hətta ən məşhur məşqçilərə qarşı da bu cür kompaniyalar aparılır. Təbii ki, azarkeşlər arasında da müxtəlif fikirli insanlar ola bilər. Biz, azarkeşlərin də fikirlərini öyrənirik, onların düşüncələri də bizim üçün önəmlidir. Amma bu gün Bernhard Raabdan narazı olan azarkeşlərin buna haqqı da var. Hər halda nəticələr yaxşı olsa, heç kim bu dərəcədə narazı olmaz. Biz həmişə sağlam tənqidə hazır olmuşuq. Bugün o səhivəni yaradanların da komandaya ürəyi yanır, onlar da istəmirlər ki, bu cür nəticələr olsun.

– 1:8-dən sonra mətbuatda, istər çap, istərsə də elektron KİV-də klub rəhbərliyinə qarşı da tənqidlər oldu. Buna münasibətiniz?

– Bilirsiniz,hərənin öz fikri var. Siz yaxşı olar ki, mənimlə bağlı sualı mənə yox, Sumqayıtın futbol ictimaiyyətinə, azarkeşlərə verəsiniz. Çünki mənim özümün özümə qiymət verməyim düzgün olmaz. Əlbəttə, ola bilsin bəzi qərəzli, muzdlu jurnalistlər var və kimlərsə onlardan istifadə edir.

– Bəlkə sizə qarşı tənqidi fikirlərin arxasında hansısa şəxsi münasibətlər, prinsipallıqlar durur?

– Keçən il AFFA-nın xətti ilə “Liverpul” Akademiyasının İngiltərədə keçirilən seminarında iştirak eləmişdim. Orada seminarı aparan və “Liverpul”un sabiq icraçı direktoru olmuş şəxs belə bir sual verdi ki, siz, futbolu hansı sahələrlə bağlı sayırsınız? Həmin vaxt biz 50-ə yaxın sahə tapdıq ki, futbola yaxınlığı var. Bu mənada mənimdə bir çox sahənin insanı ilə münasibətim olub və heç kiminlə də problemim olmayıb. Əksinə, çalışmışam ki, hamı ilə düzgün rəftar eliyim, münasibət saxlayım. Bizim gördüyümüz bir çox işlər var ki, heç digər klublar hələ bunun yaxınlığından belə keçməyiblər. Təbii ki, görülən işlər kimlərisə qıcıqlandıra bilər. Bir də ki, bəzi jurnalistlər var, adlarını çəkmək istəmirəm, çünki bu, onlar üçün reklam olardı. Amma onlara ilk növbədə onlara uğurlar arzulayıram və arzu edirəm ki, tutduqları vəzifədə daha çox çalışsınlar. Çünki onlar da bizim kimi, Azərbaycan futboluna xeyir verə bilərlər. Təhlil edəndə də bunu düzgün etmək lazımdır. Əlbəttə 1:8-dən sonra hamı “qılıncını” sıyırıb bizimüstümzə hücum çəkə bilər. Bəs görəsən biz “Neftçi”ni, “Bakı”nı udanda, “Xəzər Lənkəran”dan, “İnter”dən xal alanda həmin bu insanlar harda idi? Bunlar sadəcə, gözləyirdilər ki, bizim klub büdrəsin və əllərinə bəhanə düşsün. Mən onları muzdlu jurnalistlər adlandırıram.

– Gəlin daha da konkret danışaq. XIII turdan sonra efirə gedən idman verlişləri içərisində sizə qarşı ən kəskin təndiq ATV-də yayınlanan futbol verlişinsə aparıcı Elnur Əşrəfoğlu tərəfindən oldu. Onun üçün qaranlıq qalıb ki, Kamran Quliyev kimdir, necə olub ki, gəlib “Sumqayıt”a çıxıb və eyni zamanda klubu sumqayıtlı futbol mütəxəssislərinə laqeyd münasibətdə ittiham edib…

– Yenə deyirəm, mən istəməzdim ki, kimisə reklam eliyim. Adını çəkdiyiniz jurnalistlə tanışam. Hətta məni öz verlişinə də dəvət edib və həmin verlişdə də kluba gəlişimdən, burada görülən işlərdən danışmışam. Mən artıq 1 il 3 aydır ki, bu klubdayam. Əgər hansısa jurnalist bu qədər müddət ərzində mənim haqqımda məlumat toplaya bilməyibsə, bu, onun öz problemidir. Çünki hamı bilir ki, AFFA-da çalışan insan futbolun içində çalışan insandır. Sabah başqa bir klubumuz da hazırda AFFA-da çalışan hansısa şəxsə iş təklif edə bilər və o da gedib həmin klubda işləyə bilər. Məni də bu kluba “Sumqayıt” klubunun sponsorları dəvət ediblər. Mən özüm işimdən, kreslomdan yapışan adam deyiləm. Sadəcə, burada qarşıma müəyyən vəzifələr qoyulub ki, onun öhdəsindən gəlməliyəm. O ki qaldı sumqayıtlı mütəxəssislər söhbətinə, mən baxıram digər futbol verlişlərində də “peşəkar” jurnalistlər çıxış edirlər və ittiham irəli sürürlər ki, Sumqayıt komandasında sumqayıtlı yoxdur. Gülməli ittihamdır. Samir Abbasov, Emin Cəfərquliyev, Ramil Həşimzadə “Neftçi”yə qarşı matçda start heyətində meydançaya çıxdılar, Aqşin Muxtaroğlu sonradan oyuna qoşuldu, Samir Allahquliyevlə, Bəxtiyar Həsənalızadə də ehtiyatda oturmuşdular. Özünüz baxın, həmin oyunun protokolunda 16 futbolçunun adı var idi ki, onun da altısı sumqayıtlı idi. Bundan başqa, bernhard Raabın ikim köməkçisi-Aqil Məmmədov və Mehman Yunusov da sumqayıtlıdır. Əvəzedici komandanın məşqçiləri Mübariz Orucovla Etibar Şükürov da sumqayıtlıdır. Eyni zamanda akademiyada çalışan məşqçilərin də hamısı sumqayıtlıdır. Indi özünüz qiymət verin, həmin ittihamlar nə dərəcədə məntiqlidir?

– Gətirdiyiniz gəlmə futbolçularla da bağlı tənqidlər çox olur və səbəb də bu göstərilir ki, gətirilənlərijn Azərbaycanla heç bir bağlılığı yoxdur…

– Aydınlıq gətirim. Bu mövsüm öncəsi, Murad Doymuş, Taner Tak-Tak, Fərcad Azad, Muhammet Ali Atam, Erdal Çelik, Məhəmməd Mirzəbəyov kimi futbolçuları heyətimizə cəlb etmişik. Siz dünyada mənə elə klub göstərə bilərsiniz ki, onun etdiyi bütün transferlər özünü doğruldur? Belə klub yoxdur. Mövsümün startında qeydə alınan bəzi nəticələrdən sonra Erdal Çelik və Muhammet Ali Atamla yollarımızı ayırdıq. Qalan futbolçular özlərini yaxşı tərəfdən göstəriblər, Fərcad Azad artıq millinin “qapısını” döyür. Slavik Alxasov, Səlahət Ağayev kimi icarəyə götürdüyümüz futbolçular da yaxşı təsir bağışlayırlar və bizim seçimimizin yalnış olmadığını göstərirlər. O ki qaldı, bəzi adamlar iddia edir ki, xaricdən gələnlərin Azərbaycanla bağlığı yoxdur, birmənalı şəkildə deyirəm ki,həmin baöğlılıq olmasaydı, həmin futbolçular da bu gün burda olmazdı. Yoxsa mən də gedərdim ən rahat yolu turadım, Braziliyadan, Argentinadan, Balkan ölkələrindən əcnəbiləri yığıb gətirərdim. Elə Türkiyənin özündən sırf türk olan və qat-qat bizim futbolçulardan güclü olan oyunçular gətirə bilərdim. Ancaq biz diaspora ilə işləməyə qərar verdik. Məqsədimiz odur ki, xaricdə yaşayan, kökü Azərbaycana bağlı olan istedadlı uşaqları tapıb klubumuza cəlb edək. Onlar da gəlirlərt, milliyə düşmək üçün burda can qoyurlar. İndi mən sual verirəm, bu gün tənqid hədəfinə çevrilən həmin bu futbolçular daha çox azərbaycanlıdır, yoxsa Emin Mahmudovlar, Aleksandr Səmədovlar? Bir daha təkrar edirəm, bu futbolçuların Azərbaycana bağlılığı olmasa burada olmazlar. Birinin nənəsi, birinin babası, birinin əmisi vaxtilə burdan köç eləmiş insanlardır. Özünüz də bilirsiniz ki, son 100 ildə Azərbaycanda nə qədər müharibələr olub, nə qədər insan burdan xaricə köç eliyib. Necə ola bilər bu gün Azərbaycanın özündə 9 milyon azərbaycanlı yaşayır, amma dünyada 50 milyon? Mənim özümüm nə qədər qohumum var ki, Türkiyədə, İranda yaşayır. Belə çıxır ki, onlar azərbaycanlı deyil? Kimə lazımdırsa hamısını sənədlərlə sübut etməyə də hazırıq.

– Orxan Əliyevlə bağlı məsələ nə yerədir? Son vaxtlar “Ayaks” variantı da ortaya çıxıb hətta bəziləri bunu reklam xarakterli də adlandırır…

– Bizim heç vaxt Orxanı reklam etmək fikrimiz yoxdur. Bir futbolçu ki, “Portu”nun düşərgəsinədir, onun reklama nə ehtiyacı var? “Ayaks”la bağlı məlumat elə bizim yerli saytların birində çıxmışdır və orada məlumatı yayan Hollandiya idman portalının adı da yazılmışdı. Sadəcə, bizə rəsmim oaraq, faks “Portu”dan gəldi. Yeni bir məlumat da göndəriblər ki, onu daha bir neçə gün düşərgələrində saxlamaq istəyirlər. Yəqin ki, 1-2 günə qərarlarını açıqlayacaqlar. Qərarın necə olacağından aslı olmayaraq, Orxan düşərgəyə qayıdacaq. Sonrası isə portuqalların verəcəyi qərardan aslı olacaq. Əgər qərar müsbət olarsa, bu, bəlkə də klub üçün ciddi itki olacaq ki,o cür futbolçunu itirəcəyik. Ancaq Azərbaycan, Sumqayıt futbolu adına böyük hədiyyə olacaq.

– Sonda stadion, infrastrukturla bağlı sual vermək istəyirəm. Az öncə gördük ki, 1 həftəlik fasilədən sonra yenidən işlərə start verilib və daha böyük qüvvə ilə iş gedir. Sumqayıt futbolsevərlərinə bununla bağlı xoş xəbər çatdırmaq olar?

– Bəli, bu bazanın tikintisi tam vaxtına gəlib düşüb. Məhz komandanın son vaxtlar düşdüyü çətin vəziyyətlə eyni anda tikinti işlərinin yüksək templə davam etdirilməsi bir stimbul, xoş xəbər sayıla bilər. Artıq tribuna ilə iki ehtiyat meydançanın tikintisi bərpa olunub və bu templə getsək yaxın 2-3 ayda meydançalardan birinin təhvil verilməsi mümkündür. İnanmaq istəyirəm ki, mövsüm başa çatmamış ev oyunlarımızın bir neçəsini öz meydançamızda keçirək. Hər halda tikintini aparan şirkətlə dəsöhbətimizdən belə qənaətə gəldim ki, marta kimi bu, mümkün ola bilər. İnan ki, hazırda həmin meydançaların hazır olması bizim üçün hava-su kimi lazımdır. Çünki bundan sonra akademiyanın uşaqları da orada məşq edə biləcəklər. Bu gün infrastruktur olmadan heç bir klub irəli gedə bilməz.

– Tutum nə qədər olacaq?

– İkitərəfli tribuna olacaq və hər meydançaya baxan tərəfdə 1200 nəfərlik kreslolar quraşdırılacaq. Bundan başqa, tibb məntəqəsindən tutmuş, trenajor zalına kimi hər şey olacaq.

– Bəs media üçün hansı şərait yaradılacaq?

– Bütün şərait. Bir kəlmə deyim, media üçün ayrılan otaq adicə qələmə kimi təmin olunacaq. İnternet ən yüksək səviyyədə olacaq, oyundan sonra gələcəksən kompyuteriaçıb işləyəcəksən, kağız, qələm qabağında, başının üstündə monitor qoyulacaq, oyundan dərhal sonra matçın videogörüntüləri həmin monitorda göstəriləcək, hətta kimin kompyuteri yoxdur onu da kompyuterlə klub özü təmin edəcək ki, rahat işləyə bilsin.

Anar XANLAROV 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Hebib
    Noyabr 28, 2012 - 23:28

    Bu yazilanlardan bele melum olurki komandanin prezidenti Kamran muellim olmasina baxmayaraq ixtiyar sahibi o deyil. Sumqayit futbolu gorunmeyen eller terefinden idare olunur .

  • Kerrie
    Aprel 27, 2013 - 18:22

    WONDERFUL Post.thanks for share..extra wait ..

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər