“Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov Qol.az-a müsahibə verib. Komandasının mövsümün startındakı çıxışını dəyərləndirən mütəxəssis millimizin UEFA Millətlər Liqasında keçirəcəyi oyunlara da toxunub.
– “Sumqayıt” mövsümə məğlubiyyətlə başlasa da, sonradan 1 qələbə və 1 heç-heçə ilə vəziyyəti düzəltdi. Hazırda 4 xalla 4-cü pillədəsiniz. Komandanın ilk 3 turdakı çıxışı sizi qane edirmi?
– Gəlin, nəyisə analiz etmək üçün tələsməyək. Çünki mövsüm yeni başlayıb. Marafon uzundur. Bütün suallara çempionatın sonunda aydınlıq gələcək. Bizim məqsədimiz hər oyuna yaxşı hazırlaşıb, meydana maksimum nəticə üçün çıxmaqdır.
– Millinin oyunları ilə bağlı yaranmış fasilənin xeyiri olacaq, yoxsa komandanı çempionatdan soyudacaq?
– Elə də demək olar. Amma millinin oyunları ilə bağlı yaranmış fasilədir. Maksimum yararlanmağa çalışacağıq. Bir yoxlama oyunu keçirmişik. Daha bir sınaq matçı nəzərdə tutulub ki, o da qarşıdakı günlərdə olacaq.
– Mövsümə 1 hücumçu ilə başlamışdınız. Komandanın öt xəttdə çətinlik çəkdiyi hiss olunurdu. Ancaq sonradan Atilla Yıldırımı transfer etdiniz. Necə düşünürsünüz, türkiyəli futbolçunun hücumdakı problemi həll edə biləcək potensialı var?
– “Sumqayıt”ın problemini bir nəfər həll edə bilməz. Yaxşı kollektiv, sağlam rəqabət olmalıdır. Digər mövqelərdə oyunçu seçimimiz var idi. Sadəcə, hücumçu lazım idi. O məsələni də həll etdik. Komandada rəqabət olmalıdır ki, futbolçular meydanda əllərindən gələni etsinlər.
– Fasilədən sonra ilk oyununuz “Qarabağ”a qarşı olacaq. Həmin oyun barədə nə fikirləşirsiniz?
– “Qarabağ” neçə illərdir avrokuboklarda öz çıxışı ilə bizi sevindirir. Bu dəfə də belə oldu. Avroliqanın qrupuna düşdülər. Bu münasibətlə komandanı təbrik edirəm. Onların sayəsində Avropanın güclü klublarının oyunlarına Bakıda canlı baxa biləcəyik. “Qarabağ” həm yaxşı klub, həm də güclü komandadır. Buna baxmayaraq, biz də meydana nəticə qazanmaq üçün çıxacağıq.
– Qarşıda milli komandamızın UEFA Millətlər Liqasında Kosovo ilə ev, Malta ilə isə səfər oyunları var. Bu görüşlərdən nə gözləyirsiniz?
– Hazırda dünya futbolunda zəif rəqib yoxdur. Biz elə fikirləşirik ki, Kosovo, Malta, Farer adaları zəif komandalardır. Bu, kağız üzərində belə görünür. Futbol meydanda həll olunur. Burada 12-ci oyunçuya – yəni, azarkeşlərə də çox iş düşür. Hamımız stadionda olub, milli komandamıza dəstək olmalıyıq. Çünki milli hamımızındır.
– Sizcə, evdə Kosovonu məğlub etmək olarmı?
– Əlbəttə. Niyə də olmasın?! Sadəcə, çox çalışmaq lazımdır.
Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.