Sumqayıtın səhiyyəsi: son illər əldə olunan uğurlar və perspektivlər

1278

İlham Əliyev 2003-cü ildə prezident seçiləndə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün konkret hədəflər müəyyən etdi. Bu hədəflərdən biri də ölkə əhalisinin keyfiyyətli səhiyyə xidmətinə çıxışının təmin olunması idi.

Son 18 ildə Azərbaycanda baş verən iqtisadi inkişaf və dövlətin maliyyə potensialının artması tibb müəssisələrinin yenidən qurulmasına imkan yaratdı. Bütün ölkə boyu tibb müəssisələrinin təmiri, yenidən qurulması və tibbi avadanlıqların yenilənməsi prosesi həyata keçirildi. 

Ötən illər ərzində  Prezident İlham Əliyevin rəhbərliyi altında regionlarda da səhiyyə sahəsində mühüm layihələr reallaşdırıldı, səhiyyə infrastrukturu yenidən quruldu.  Əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəlməsi, sağlamlığının qorunması istiqamətində mühüm irəliləyişlər əldə olundu.

Ötən illər ərzində Sumqayıt şəhərində digər sahələrdə olduğu kimi səhiyyə sektorunda da  genişmiqyaslı işlər həyata keçirildi. Səhiyyənin inkişafı ilə bağlı Sumqayıt şəhərində həyata keçirilən məqsədyönlü işlər əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi istiqamətində irəliləyişlər əldə etməyə imkan verdi.

İlham Əliyev prezident kimi Sumqayıta ilk səfərində tibb müəssisəsinin açılışını etdi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 12 avqust 2005-ci ildə Sumqayıt şəhərinə etdiyi səfər zamanı digər mühüm açılışlarla yanaşı şəhərdə yeni fəaliyyətə başlayan tibb müəssisəsinin də açılışına qatıldı. Ölkə başçısı “Real-Med” diaqnostika sağlamlıq mərkəzi ilə tanış oldu.

Şəhərin əsas xəstəxanası yenidən quruldu

Prezident İlham Əliyevin ölkə səhiyyəsini inkişaf etdirmək səylərində əsas prioritetlərdən biri köhnəlmiş səhiyyə müəssisələrinin yenidən qurulması və müasir tibb avdanlıqları ilə təchizatı oldu. Ötən dövr ərzində 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının binası yenidən quruldu, Prezident İlham Əliyev burada aparılan əsaslı təmir və yenidənqurma işləri ilə yerində tanış oldu.  Bu müalicə ocağının yenidənqurmadan sonra istifadəyə verilməsi şəhər sakinlərinin keyfiyyətli səhiyyə xidmətindən rahat istifadəsinə kömək etdi.

Yeni xəstəxananın tikintisinə başlanıldı

2 saylı Sumqayıt şəhər xəstəxanası uzun müddət istismar olunması nəticəsində əhaliyə keyfiyyətli tibbi xidmət göstərmək gücündə deyildi. Xəstəxananın yararsız vəziyyətdə olması bu tibb müəssisəsinin yenidən qurulmasını zəruri edirdi. Bunu nəzərə alaraq Prezident İlham Əliyev 2 saylı Sumqayıt şəhər xəstəxanasının yenidən tikilməsi və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi haqqında Sərəncam imzaladı. Artıq tikinti işlərinə başlanılıb. Qısa müddət ərzində xəstəxana tikilərək şəhər sakinlərinin istifadəsinə veriləcək.

Sumqayıt şəhərində koronavirusla effektiv mübarizə aparmaq üçün modul tipli xəstəxana yaradıldı

Koronavirusla daha da effektiv mübarizə aparmaq üçün şəhər ərazisində yeni infrastrukturun yaradılması zərurəti yarandı. Prezident İlham Əliyevin tapşırığı əsasında qısa müddət ərzində Sumqayıt şəhərində modul tipli xəstəxana tikildi. Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Modul tipli xəstəxananın açılışı oldu.

 Sumqayıt şəhərində tibbi təhsilin keyfiyyəti artırıldı

1969-cu ildən fəaliyyət göstərən Sumqayıt Tibb Məktəbi Prezident İlham Əliyevin Sərəncamı ilə təhsildə aparılan islahatlarla əlaqədar olaraq 2010-cu ildən Əziz Əliyev adına Sumqayıt Tibb Kolleci adlandırıldı.

Son illər Sumqayıt Tibb Kollecinin maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə korpusların sayı artırıldı, əyani vəsaitlərlə təhciz olunmuş müasir tələblərə cavab verən 4 laboratoriya, 40-dan artıq auditoriya, kitabxana, kompyuter şəbəkəsi, kompyuter otağı, müasir tələblərə cavab verən yeməkxana, avtonom istilik sistemi yaradıldı. Kollec cari və əsaslı təmir olundu. 2019-cu ildə Sumqayıt Tibb Kollecinin 50 illik yubileyi qeyd olundu. Hal-hazırda Sumqayıt şəhərinin tibb müəssisələrində Sumqayıt Tibb Kollecinin 1700-ə yaxın məzunu fəaliyyət göstərir.

Tibbi xidmətin keyfiyyəti yaxşilaşdirildi

Xüsusilə son 5 il ərzində Sumqayıt şəhərində tibb xidmətinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər həyata keçirildi. Müasir tələblərə cavab verən səhiyyə infrastrukturu yaradılmasına başlanıldı. Son 5 ildə şəhərdə fəaliyyət göstərən səhiyyə ocaqlarının əksəriyyəti təmir olundu, tibb müəssisələri müasir avadanlıqlarla təchiz olundu.

1 nömrəli doğum evi, 1,2 nömrəli qadın məsləhətxanaları, 1,4 nömrəli şəhər poliklinikaları, Uşaq Xəstəxanasının infeksion şöbəsi, Vərəm Xəstəxanası, 2 nömrəli uşaq poliklinikası, 3 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsi əsaslı təmir olundu, 1 nömrəli uşaq poliklinikası, 2 nömrəli şəhər poliklinikası, Onkoloji Xəstəxana, 4 nömrəli şəhər xəstəxanasında cari təmir işləri aparıldı. 1,2 nömrəli doğum evlərinin reanimasion şöbələri müasir tibbi avadanlıqlarla təchiz olundu.

Sumqayıtın tibb işçiləri pandemiya ilə mübarizənin önündə oldu

Sumqayıtın tibb işçiləri koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin önündə oldu. Şəhərin tibb personalı pandemiya ilə mübarizə tədbirlərinə səfərbər olundu. Tibb işçilərinin gecə-gündüz apardıqları mübarizə, əzmkarlıqları nəticəsində şəhər ərazisində ölüm hallarının qarşısı xeyli alındı. Virusa yoluxmuş şəhər sakinlərinin həyata qayıtmasında Sumqayıtın tipp personalının böyük əməyi oldu. Onlar bir çox hallarda öz həyatları bahasına şəhər sakinlərini həyata qaytardılar. Pandemiya dövründə Sumqayıtın 10-a yaxın tibb işçisi karonavirusun qurbanı oldu.

Sumqayıtın tibb işçiləri hər zaman diqqət mərkəzində olub

Sumqayıt şəhərində tibb işçiləri hər zaman ölkə başçısının və şəhər rəhbərinin diqqət mərkəzində olub. Ötən dövr ərzində onlarla tibb işçisi Prezident İlham Əliyev tərəfindən mükafatlandırılıb. Əmək fəaliyyətləri yüksək qiymətləndirilib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən də tibb işçiləri hər zaman diqqət və qayğı ilə əhatə olunub. Şəhər rəhbəri mütəmadi olaraq tibb işçiləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb, tibb müəssisələrindəki mövcud vəziyyətlə yerində tanış olub, həkimlərlə görüşlər keçirib. Tibb işçilərinin peşə bayramları hər il təntənəli şəkildə qeyd olunub, fəaliyyətində fərqlənən həkimlər şəhər İcra Hakimiyyəti tərəfindən mükafatlandırılıb. 2019-cu ildə Sumqayıt şəhər səhiyyəsinin 70 illik yubileyi təntənəli şəkildə qeyd olunub.

Tibb işçiləri şəhərin ictimai həyatında fəal iştirak edirlər

Sumqayıtda fəaliyyət göstərən tibb işçiləri şəhərin ictimai həyatında da fəal iştirak edirlər. Təsadüfi deyil ki, Sumqayıt şəhərinin 70 illik yubileyi ərəfəsində tibb işçilərinin iştirakı ilə təşkil olunmuş fləşmob ölkə miqyasında maraqla qarşılandı. Bu da şəhərin tibb işçilərinin şəhərin inkişafına, şəhərin yubileyinə, şəhərdəki bayram əhval ruhiyyəsinə verdiyi möhtəşəm bir töhfə idi.

Son illər Sumqayıt şəhərində tibb sahəsinə göstərilən diqqət bu sahənin bundan sonra da sürətlə inkişaf edəcəyinə əminlik yaradır. İnanırıq ki, yaxın gələcəkdə Sumqayıt şəhərində səhiyyə sahəsində daha çox inkişafın,yeni-yeni layihələrin reallaşmasının şahidi olacağıq.

 Eyvaz Qocayev

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər