Sumqayıtın sosial-iqtisadi inkişafına həsr olunmuş kitabın təqdimatı oldu

582

Sumqayıt Dövlət Universitetinin professoru Şəfa Əliyevin “Azərbaycanın sosial-iqtisadi inkişafında Sumqayıt şəhərinin strateji əhəmiyyəti” adlı monoqrafiyasının təqdimatı keçirilib. Tədbirdə Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə, millət vəkili Müşfiq Məmmədli, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştiral edib.

Tədbirdə çıxış edən Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov kitabın əhəmiyyətindən danışıb. Şəhər rəhbəri bildirib ki, kitab 5 fəsildən ibarətdir və burada Azərbaycanın sosial-iqtisadi inkişafında Sumqayıt şəhərinin strateji əhəmiyyəti kompleks və sistemli şəkildə araşdırılıb. Bu məqsədlə, Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının tarixi-iqtisadi aspektləri, şəhərin sənaye potensialının və infrastrukturunun yaradılması proseslərinin inkişaf xüsusiyyətləri araşdırılıb.Sumqayıtın sənaye mərkəzi kimi inkişafının sürətlənməsi dövrü, şəhərin sosial-iqtisadi inkişafında tənəzzül prosesləri, müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafında Sumqayıtın rolunun bərpa olunması məsələləri, həmçinin Sumqayıtın müasir şəhər və güclü sənaye mərkəzi kimi inkişafını şərtləndirən amillər baxılıb

Sumqayıt şəhərinin sənaye və elmi-texniki potensialının təhlili aparılmış, şəhərin sənaye potensialının modernizasiya prosesləri qiymətləndirilib. Zakir Fərəcov bildirib ki, Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında ümummilli lider Heydər Əliyevin tarixi rolu araşdırılıb, şəhərin güclü sənaye mərkəzi kimi formalaşdırılmasında xidmətləri qiymətləndirilib və müstəqilliyin bərpasından sonrakı dövrdə Sumqayıt sənaye mərkəzinin dirçəldilməsində Heydər Əliyev qətiyyəti açıqlanıb. Azərbaycanın sosial-iqtisadi inkişafının yeni mərhələyə qaldırılmasında Sumqayıtın strateji əhəmiyyəti tədqiq olunub, şəhərin sənaye mərkəzi kimi modernləşdirilməsində prezident İlham Əliyevin tapşırıq və nəzarətinin strateji rolu qiymətləndirilib.

Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov onu da bildirib ki,Sumqayıtın 70 illiyən həsr olunan bu Monoqrafiyanın sonunda tədqiqat proseslərində əldə edilmiş nəticələr və Sumqayıtın gələcək inkişafı ilə bağlı elmi-praktiki yanaşmalar maraqlı bir formada – “Sumqayıt 70: sosial-iqtisadi inkişaf – nəticələr və strateji hədəflər” başlığı altında 70 nəticə və 70 gələcəyə baxış formasında ümumiləşdirmələr aparılıb.

Mİllət vəkilləri Ziyad Səmədzadə, Müşfiq Məmmədli və digər çıxış edənlər bildiriblər ki, Monoqrafiya elmi işçilər və mütəxəssislər, Sumqayıtın sosial-iqtisadi inkişaf prosesləri ilə maraqlanan tədqiqatçılar, geniş oxucu kütləsi və şəhərin qonaqları üçün nəzərdə tutulub. Monoqrafiyanın müəllifi Şəfa Əliyev gələn qonaqlara öz təşəkkürlərini bildirib. Müəllif bu monoqrafiyanın əhəmiyyətindən danışıb.

Qeyd edək ki, Azərbaycanın sosial-iqtisadi inkişafında Sumqayıt şəhərinin strateji əhəmiyyəti adlı monoqrafiyanın baş məsləhətçisi və ön söz müəllifi Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, elmi redaktoru isə Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadədir.




www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər