Sumqayıt şəhərinin əsas problemlərindən biri “Acıdərə” kanalı ilə bağlıdır.
Buraya yeraltı və kanalizasiya suyu axıdılır. Yaranan mənzərəni sözlə ifadə etmək olduqca çətindir. Kanalın üzəri açıq olduğundan ətrafı dözülməz üfunət iyi bürüyüb. Bundan başqa axan su günbəgün torpağı yuymaqla məcrasını da genişləndirməkdədir. Bu ətraf mühitin məhv olması ilə yanaşı orada yaşayan 20 mindən çox insanın həyatı üçün təhlükə mənbəyidir. Yağış yağdıqda isə vəziyyət daha acınacaqlı hal alır. Kanalın çirkab suyu, həyətyanı sahələrə və yaşayış evlərinin zirzəmilərinə daxil olmaqla, əlavə çətinliklər yaradır. Uzun illərdir bu problemin həllini gözləyən sakinlərə şad xəbərimiz var. Artıq sözügedən kanalın qapalı sistemə keçirilməsi istiqamətində işlərə başlanılıb. Layihə ilin sonuna kimi başa çatdırılacaq.
Bununla yanaşı 20 minə yaxın sakinin yaşadığı ərazidə kanalizisiya sistemi yaradılacaq. Bu da mövcud problemin birdəfəlik həllinə gətirib çıxaracaq.