“Sumqayıt”ın və Sumqayıt futbolunun problemi nədir?

942

Sumqayıt Azərbaycanın ən qabaqcıl futbol məktəblərindən sayılır. Milli çempionatımızın keçirildiyi ilk illərdə, yəni 1992-94-cü illəri əhatə edən dövrdə “Xəzər” komandası iki dəfə gümüş medallara sahib çıxmış, bir dəfə isə dördüncü pilləni tutmuşdu. Sumqayıt futbol məktəbi Azərbaycan futboluna Nazim Süleymanov, Arif Əsədov, Kamal Quliyev, Mehman Yunusov, İsmayıl Məmmədov, Fərhad Vəliyev, Aqil Məmmədov, Mübariz Orucov, Vüqar Quliyev,  Ruslan Poladov,  Vüqar Nadirov, Mahir Şükürov kimi futbolçular bəxş edib. Şəhərin yetirmələri Azərbaycan millisinin, iddialı klubların aparıcı üzvləri olublar və bu gün də bu ənənə davam edir. Lakin bunun qarşılığında “Xəzər”dən sonra Sumqayıtın iddialı komandası olamıyıb. Güclü maliyyə dayaqlarının olmaması həmişə Sumqayıt futbolununun bir nömrəli problemi olub. Məhz bunun nəticəsidir ki, hazırda Sumqayıtın Premyer Liqada komandası yoxdur. Uşaq futbol məktbinin durumu çox ağırdır. Uşaqlar, qış aylarında da açıq meydançada məşq edirlər, çünki qapalı zal şəraiti yoxdur. Bu uşaqların soyunub geyinmək üçün belə normal otaqları yoxdur. Mehdi Hüseynzadə adına

16000 nəfərlik şəhər stadionu günü gündən öz nüfuzunu itirir. Stadion rəhbərliyi müəyyən işlər görsələr də çürük taxta oturacaqların ümidinə qalan arenanın əsaslı yenidənqurulması üçün külli miqdarda maliyyə vəsaiti lazımdır. Şəhərin büdcəsi buna imkan vermədiyindən ya rəhbərlik bu məsələni Respublika səviyyəsində qaldırmalıdır, ya da arenanı münasib qiymətə uzunmüddətli icarəyə verməklə problemdən çıxış yolu tapılmalıdır. Mərkəzi stadionun ərazisində yerləşən ehtiyat meydança da bərbad gündədir və oranın da əsaslı təmirə ehtiyacı var. Şəhərin ikinci stadionu hesab olunan”İnşaatçı” isə hazırda demək olar yararsız vəziyyətdədir. Az öncə Premyer Liqada Sumqayıtın təmsilçisinin olmamasını qeyd etdik. “Standard” elitanı tərk edərək birinci diviziona düşdükdən və fəaliyyətini dayandırdıqdan sonra çoxları Sumqayıtın yenidən futbolsuz qalacağını düşünsə də, “Azərikimya” İstehsalat Birliyi şəhərimizi futbolsuz qalmağa qoymadı. Birbaşa öz təşəbbüsü ilə “Sumqayıt” klubunu yaratdı. Bununla da sumqayıtlı futbolsevərlərin gözlərində yeni ümid qığılcımları saçmağa başladı, hər kəs Sumqayıtın adına layiq klubun formalaşacağına,  Premyer Liqaya vəsiqə qazanacağına və “Sumqayıt”ın uğurlu çıxışı fonunda şəhər futbolunun ağ günə çıxacağına inanmağa başladı. Lakin… Artıq I divizionda birinci dövrə başa çatıb və “Sumqayıt” 21 xalla 7-ci pillədə qərarlaşıb. Komandanın Premyer Liqaya vəsiqə şansı demək olar ki, yoxdur. Az öncə “Azərikimya” İB-nin göstərdiyi təşəbbüsü  və atdığı addımı yüksək qiymətləndirdik. Lakin təəssüf ki, komandaya cavabdeh olan digər şəxslərin yarıtmaz, qeyri-peşəkar fəaliyyəti hazırkı mənzərənin yaranmasına səbəb oldu. İlk növbədə komandaya baş məşqçi seçimi düzgün aparılmadı. Sabir Əliyev kimi təcrübəli, Sumqayıt və Azərbaycan miqyasında ciddi uğurlar qazanmış bir məşqçi ola-ola komandanın sükanını o qədər də tanınmayan, məşqçi kimi ciddi uğuru olmayan birinə tapşırmaq yalnış addım idi. Əgər rəhbərlik gənc məşqçi istəyirdisə, o zaman Azərbaycan millisinin sabiq üzvü, ölkə futbolunda kifayət qədər çəkisi olan Kamal Quliyevə bu şansı vermək olardı. “Sumqayıt” rəhbərliyi azarkeşlərin stadiona gəlməməsindən narazılıq edir. Amma unutmayaq ki, əgər mövsüm öncəsi rəhbərlik və baş məşqçi mətbuatda “məqsədimiz Premyer Liqaya vəsiqə qazanmaq deyil” deyirsə, o zaman heç kim gəlib bu komandanı dəstəkləməyəcək. Sumqayıt azarkeşi qarşısına ciddi məqsəd qoymayan komandanı dəstəkləmir. Bundan öncə Sumqayıt klubları üç dəfə I divizionda müarizə aparıblar və hər üç halda da ilk cəhdəcə çempion adını qazanaraq yüksək liqaya vəsiqə qazanıblar (1995-96-cı il “Sumqayıt”- baş məşqçi Telman Salahov, 2001-2002-ci il “Xəzər”-baş məşqçi Sabir Əliyev, 2003-04-cü il “Gənclərbirliyi”-baş məşqçi Sabir Əliyev). Bunları yaşamış Sumqayıt azarkeşləri təbii ki, “məqsədimiz Premyer Liqaya vəsiqə qazanmaq deyil” deyən bir komandanı dəstəkləməyəcək. Baş məşqçi mövsüm öncəsi iddia edirdi ki, “əsas məqsədimiz, Sumqayıt uşaqlarından ibarət sağlam, güclü komanda yaratmaqdır”. Amma bu gün bu “sağlam” komanda ilk “altılığ”a belə düşə bilmir. Bombardirlər siyahısında və eləcə də milli komandalarda “Sumqayıt”ın bir futbolçusunun belə adı yoxdur. Komanda şəhərin futbol tarixində ilk dəfə ölkə kubokunda oynamaqdan imtina etdi. Bu, Sumqayıt futbolunun imicinə böyük zərbə idi. Bir halda ki hədəf Premyer Liqaya vəsiqə deyil, o zaman ölkə kubokunda oynamaq lazım idi. Belə ki, gənc futbolçular Premyer Liqanın iddialı klublarına qarşı oynayıb böyük təcrübə yığa bilərdilər. Görünür böyük hesablı məğlubiyyət qorxusu buna əngəl olub. Ancaq unutmaq lazım deyil ki “Sumqayıt” I divizonda  artıq iki dəfə böyük heablı məğlubiyyət yaşayıb (“Rəvan” və “Abşeron”a 0:4). Sonda demək istədiyimiz nədir? Sumqayıt futbol ictimaiyyəti, eləcə də azarkeşlər Muxtar Babayevin timsalında “Azərikimya”-nın  addımını alqışlayır. Lakin “Sumqayıt”ın çox böyük problemləri var və bu komanda şəhərin adına layiq oyun göstərmir. Odur ki Muxtar müəllim hadisələrə şəxsən müdaxilə etməlidir. Sumqayıtda futbolu bilən mütəxəssislər, futbol adamları kənarda qalıblar. “Xəzər”ə iki dəfə gümüş medallar qazandıran, eyni zamanda bu komandanı və “Gənclərbirliyi”ni çempion kimi yüksək liqaya çıxardan Sabir Əliyev kimi təcrübəli mütəxəssisin təcrübəsindən yararlanmaq lazımdır. Azərbaycan millisinin şərəfəini qorumuş, Ukraynada uğurlu legioner həyatı yaşamış, Azərbaycanın ən iddialı klublarında çıxış etmiş Kamal Quliyev bu gün yada düşmür. Gənc mütəxəssis kimi  Kamaldan gözəl namizəd ola bilməz. Hazırkı vəziyyət klubda köklü islahatları tələb edir. “Sumqayıt”da futbolu dərindən bilən, Azərbaycanm futbolu tarixində iz qoymuş insanlar çalışmalıdır. Əks halda “Sumqayıt” Sumqayıt azarkeşlərinin inamını qazana bilməyəcək və Sumqayıt futbolunun problemləri davam edəcək.

Anar Xanlarov, xüsusi olaraq “Sumqayitxeber.com” üçün

P.S Mövzu ilə əlaqədar fikir və şərhlərinizi  yaza bilərsiniz.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Suvgayit azerkesi
    Noyabr 26, 2011 - 02:39

    Sabir Eliyevi Getirsinler mesgci. O cox guclu mesgcidir. Kamal onun telebesi olub

  • Suvgayit azerkesi
    Noyabr 26, 2011 - 02:40

    Sabir Eliyevi Getirsinler mesgci. O cox guclu mesgcidir. Kamal onun telebesi olub///

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər