Sumqayıtın Xeberle.com informasiya portalı 10 yaşını qeyd etdi – FOTOLAR

824

Sumqayıtın Xeberle.com informasiya portalının fəaliyyətə başlamasından 10 il ötür.

Şəhərdə fəaliyyət göstərən üç jurnalist – Ramil Zeynallı, Elnur Ağayev və Kamal Almuradlının 2012-ci il 28 iyun tarixində birgə yaratdıqları bu xəbər portalı qısa müddətdə çevik, dəqiq və etibarlı regional informasiya mənbəyi kimi özünü təsdiqləyə bilib.
Bu əlamətdar günlə bağlı Sumqayıtda “Bosfor family fast-food” restoranında yubiley tədbiri keçirilib. Mərasimdə Sumqayıtın tanınmış ictimaiyyət nümayəndələri, ziyalılar, idarə və müəssisə rəhbərləri, KİV nümayəndələri, QHT rəhbərləri, mədəniyyət və incəsənət xadimləri, fəal gənclər, habelə paytaxtdan təşrif buyuran qonaqlar iştirak ediblər. Əvvəlcə portalın təsisçiləri Ramil Zeynallı, Elnur Ağayev və Kamal Almuradlı 10 illik fəaliyyət dövrünün qısa hesabatını verərək, görülən işlərdən, işgüzar tərəfdaşlarından, həmçinin yeni ideya və perspektivlərdən söz açıblar. Çıxış edən millət vəkili Müşfiq Məmmədli dövlətin media sahəsinə göstərdiyi qayğıdan danışıb. M. Məmmədli Xeberle.com portalının Sumqayıtın informasiya məkanında xüsusi rol oynadığını bildirib. Sumqayıt hadisələrinin əsas araşdırmaçısı, “Sumqayıtın əks-sədası” qəzetinin baş redaktoru, respublikanın əməkdar jurnalisti Eyruz Məmmədov çıxış edərək saytın təsisçilərini təbrik edib, Xeberle.com-un Sumqayıt media məkanında xüsusi yerindən və rolundan danışıb.
Yeni Azərbaycan Partiyasının Sumqayıt Təşkilatının sədri Ramiz Hüseynov, Sumqayıt şəhər İcra Hakimiyyətinin rəsmiləri Fərman Kazımov, Ceyhun Məmmədov, Eyvaz Qocayev, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin sədri Mətanət Məhərrəmova, Sumqayıt “Dostlar Klubu”nun sədri Hümbət Quliyev, şairə Ofeliya Babayeva, əməkdar jurnalist Rəhman Orxan, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt təşkilatının sədri Rafiq Oday, jurnalist Aida Eyvazlı və digər çıxış edənlər də Sumqayıta dair xəbərlərin məhz bu saytdan oxuduğunu, təsisçilərin regional medianın inkişafına mühüm töhfəsindən söhbət açıb, portalın kollektivinə təbriklərini və ürək sözlərini çatdırıb, onların fəaliyyətini yüksək qiymətləndiriblər.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Sumqayıt şəhərinin qurucularından biri, şəhər üçün böyük xidmətləri olan mərhum icra katibi Kamal Axundovun qızı Kəmalə Dadaşzadə çıxış edərək atası haqqında bir sıra məlumatı məhz bu saytdan oxuduğunu bildirmiş, onun həyat və yaradıcılığına ayrılan xüsusi diqqətə görə portalın həmtəsisçilərinə minnətdarlığını bildirmişdir.
Sonda qeyd olunub ki, əsas məqsədi Sumqayıt şəhərinin ictimai, siyasi, sosial və mədəni həyatında baş verən hadisə və yenilikləri, aktual problemləri təqdim etməkdən ibarət olan portal ölkədə, regionda və dünyada baş verən ən mühüm xəbərlərə də mütəmadi yer ayırır. Gündəlik xəbər yayımı ilə bərabər, müxtəlif video və fotoreportajlar, araşdırmalar, müsahibələr, sosioloji rəy sorğuları, siyasətdən tanınmış şəxsiyyətlərin həyatına, idmandan texnologiyalara qədər istənilən mövzuda materiallar təqdim edir. Təsadüfi deyildir ki, portal yaradıldığı vaxtdan qısa müddət sonra Sumqayıtın media həyatında mühüm yer tutmağa başlayıb.
Maraqlı sual-cavab viktorinası ilə, səmimi söhbət və ünsiyyətlə, şən əhval-ruhiyyədə keçən tədbir gənc ifaçıların təqdimatında musiqili proqramla davam edib. İncəsənət ustaları öz ifaları ilə tədbirə xüsusi rəng qatıb.
Fotolar: Elşən Tağıyev

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər