Sumqayıtla həmyaşıd, peşəkar jurnalist QALİB ƏHMƏDOV 

1551

SUMQAYIT – 70

Ömür yolları uzun və ya qısa olsa da dünyaya göz açan hər bir insan sonadək qət etdiyi yolla kimliyini sübut edir. Yolun əzəlində və sonundakı isə Ulu Tanrıdan insanın alnına yazılan taleyi və qismətidir. Haqqında cürət edib yazmaq  istədiyim şəxs mənə  jurnalistikanın sirrlərini öyrədən, Təbəssüm təxəllüsünü  yaraşdırıb yaradıcılıq yollarımda məşəl yandıran peşəkar jurnalist Qalib Əhmədovdur.

Qələmini bütünlüklə əməkçi halal insanların və doğma Vətənin tərənnüm və təsvirinə həsr edən, Sumqayıtla həmyaşıd olan peşəkar jurnalist, onlarla kitabın  müəllifi və redaktoru  Qalib (Qadir) Əhmədovun həyat səhifələrindəki nişanələr onun mənalı ömründən bəhs edir:

1949-cu il iyun ayının 1-də Qəbələ rayonunun Sileyli kəndində anadan olan Qalib Əhmədxan oğlu Əhmədov 1966-cı ildə Hacallı kənd orta məktəbini bitirərək böyük arzularla Bakı şəhərinə gəlir. İndiki Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunsa da, sonradan ali təhsilini həmin universitetin filologiya fakültəsində davam etdirir. 1972-ci ildə ali təhsilini başa vuraraq doğma rayonuna qayıdır və müəllim kimi ilk əmək fəaliyyətinə başlayır. 1973-cü ildən taleyini Sumqayıtla bağlayaraq 49 nömrəli texniki peşə (indiki 10 nömrəli Peşə liseyi) məktəbində tərbiyəçi müəllim, tədris hissə müdiri kimi gənc nəslin təlim-tərbiyəsində, onların savadlı mütəxəssis kimi yetişməsində xidmətləri ilə rəğbət qazanır. 1979-cu ildə Azərbaycan ədəbiyyatı tarixi ixtisası üzrə bitirdiyi universitetin aspiranturasına daxil olur. 1983-1987-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun dissertantı kimi ictimai şüur, ünsiyyət, siyasi mədəniyyət və digər problemlərə dair bir sıra elmi məqalələrlə çıxış edir.        1991-ci ildə “İflas: səbəblər və nəticələr” kitabında cari ictimai-siyasi hadisələr haqqında elmi araşdırmaları toplu halda nəşr olunur. “Təşviqatçı”,  “Dialoq“ jurnallarında elmi-nəzəri şöbənin müdiri, “Azərbaycan kommunisti” adlı nəzəri-siyasi jurnalda  şöbə müdiri və “Dirçəliş” jurnalında ideologiya şöbəsinin müdiri, redaktor müavini, “Ayna” qəzetində tərcüməçi işləyir.  Sonralar “Xalq qəzeti”, “Yeni Azərbaycan” qəzetlərində ədəbi işçi, şöbə müdiri, redaktor müavini, “Respublika”, “Azərbaycan” qəzetlərində müxbir, bölgə müxbiri vəzifələrində çalışır. 1984-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin və 1986-cı ildən Azərbaycan Fəlsəfə Cəmiyyətinin üzvüdür. “Dünyaya pəncərə” qəzetinin təsisçisi və baş redaktorudur.

Bəli, Qalib müəllim ömrünün yarıdan çox hissəsini jurnalistika sahəsinə həsr etməklə, yaradıcılığında cəmiyyət, dövlət və şəxsiyyət problemlərinin araşdırılmasına xüsusi önəm verir.  Bu səpkidə vicdan və ədalət yolunda zəfər çalan qələmi şahidi olduqlarını yaddaşlara yazıbdır. İndiyədək  haqsızlıqlara göz yummayan və yığılıb qalan  problemləri araşdırıb qələmin gücü ilə həllinə nail olmağı özünə borc bilən Qalib Əhmədov bir jurnalist kimi öz dəsti-xətti, səsi- sədası və nəfəsi ilə seçilir. Jurnalist qələmini əyilməz, dözümlü, bütöv şəxsiyyət kimi güclü sanan 70 yaşlı qələm sahibi illər boyu düşündüklərini, gördüklərini və arzusunda olduqlarını  “Birinci şəxs: Prezidentin portret cizgiləri”, “Demokratik idarəetmənin  rəhbər kadrları”, “Dövlət və rəhbər”,”Keçid dövrünün siyasi paradoksları (1988-1998)  Partiyalar, Liderlər, Cərəyanlar”, “İstedadlar:  Ümidimiz, gələcəyimiz”, “Teymur Əhmədov : Ədəbi portret”, “Mənəviyyat məbədi”, “Corat. Qloballaşan dünyanın daş yaddaşı”, “Karvan” və s. adlı kitablarında  qələmin gücündən ilhamlanaraq  oxucu kütləsinin yaddaşına yaza bilmişdir. Onun ulu öndər Heydər Əliyevdən bəhs edən “Birinci şəxs: portret və cizgilər” kitabım  rus dilinə tərcümə olunmuşdur və hər iki dildə ali məktəblərdə tədris olunur.

1999-2001-ci illərdə yaşıdı və yaşadığı doğma Sumqayıt şəhərinin 50 illiyinə “Sumqayıt və sumqayıtlılar”, “Sumqayıtla birgə ucalanlar”, “Mühitim, müasirlərim, mülahizələrim” adlı həsr etdiyi üç kitab – trilogiyanın hər biri Sumqayıtın möhtəşəm və qüdrətli zəhmət bahadırları haqqında əsl əmək himnidir.  Vətənkeş ədib kimi  “Corat. Qloballaşan dünyanın daş yaddaşı”  adlı kitabı Sumqayıtın 60 illik yubileyinə növbəti hədiyyəsi olmuşdur. Bu kitabın hazırlanmasında əsas məqsədi  Xəzərin qoynunda bərq vuran Coratın qədimliyini, Sumqayıtın  məhz  2000-ə yaxın  yaşı olan Coratın  münbit torpaqlarında salındığını  xalqımıza tanıtmaq  idi.  Həmmüəllifi olduğum həmin kitabda Coratın və Sumqayıtın turizm bölgəsi kimi ölkəmizə fayda verə biləcəyi qeyd edilir. 2008-2009-cu illərdə yazdıqlarımızın bu gün şahidi oluruq. Xəzərin kəhraba qumlu sahillərində yerləşən Corat və Sumqayıt minlərlə turistin mənalı istirahəti üçün əlverişli turizm məkanıdır. Əminəm ki, bu Corat haqqında yazılan ilk kitab olduğu üçün diqqətdən kənarda qalmayacaq.

Qalib müəllimlə birgə çalışdığımız illərdən mənə məlumdur ki, o şərqin müdrik oğlu Hacı Zeynalabdin Tağıyevlə bağlı tarixi fakt və araşdırmalarla zəngin olan əsər hazırlayır.  Nadir tarixi şəxsiyyətlərdən olan milyonçunu gələcək nəsillərin daha yaxından tanıması üçün vacib və əhəmiyyətli olan “Şərq müdriki Hacı Zeynalabdin Tağıyev 25 il su uğrunda mübarizədə” adlı əsərini müəyyən səbəblərdən kitab şəklində təqdim edə bilməyən Qalib Əhmədovun fikrincə desək,  kitab ərsəyə gəlsə, Hacının  müasirləri də yetişər.  Həm də kitab Sumqayıtın 70 illik yubileyinə böyük hədiyyə olardı.

İstedadı və bacarığı ilə cəmiyyətə xeyir verən şəxsləri qoruyub təbliğ etmək, önəmli işini, zəngin yaradıcılıqlarını yetərincə qiymətləndirmək lazımdır. Əgər gözlər beynimizin dünyaya açılan pəncərəsidirsə,   Sumqayıtda öz xoşbəxtliyinizi tapan peşəkar jurnalist Qalib Əhmədov 70 ildir ki, dünyaya bu iki pəncərədən baxır və çalışır ki,  gördüklərini görə bilməyənlərə və ya görmək istəməyənlərə də çatdırsın. Axı, dünya gör-götür dünyasıdır… Təki ömür gödək olmasın…

 RƏNA TƏBƏSSÜM, AJB-nin üzvü

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər