Azərbaycanın inkişaf etmiş şəhərlərindən olan Sumqayıt şəhərinin Ukraynanın iri şəhəri, elm və nəqliyyat mərkəzi sayılan Xarkovla “qardaşlaşmış şəhər” elan edilməsi ilə bağlı videokonfrans keçirilib. Virtual görüşdə hər iki ölkədən olan millət vəkilləri, Xarkov şəhər sovetinin, Xarkov regional məclisinin təmsilçiləri, Sum vilayət sovetinin deputatları, Azərbaycanın Xarkovdakı fəxri konsulu iştirak edib.
Videokonfransda Azərbaycanla Ukrayna arasında tarixi köklərə malik olan münasibətlər, güclü siyasi, iqtisadi, humanitar və çoxşaxəli strateji tərəfdaşlıq əlaqələri, hər iki ölkənin mövcud olduğu regionda hərtərəfli çəkiyə sahib olması ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Milli Məclisin deputatı, sumqayıtlı seçicilərin böyük etimadı ilə millət vəkili seçilən Emin Hacıyev iki ölkə arasında dostluq və qardaşlıq münasibətləri, regional və beynəlxalq müstəvidə qarşılıqlı səmərəli əməkdaşlıq, beynəlxalq təşkilatlarda daim bir-birlərini müdafiə etmələri, Ukraynanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi barədə ətraflı çıxış edib. O, Ukrayna və Azərbaycan arasındakı strateji tərəfdaşlığın möhkəm təməllərə, qarşılıqlı hörmət və dəstəyə əsaslanması, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ukrayna Prezidenti cənab Vladimir Zelenskinin rəhbərliyi ilə ikitərəfli münasibətlərin növbəti inkişaf mərhələsinə qədəm qoyması haqda danışıb.
Deputat Sumaqayıt şəhərinin təməlinin ötən əsrin 49-cu ilində qoyulması, Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində inkişafının yüksək səviyyəyə çatması, Sumqayıtın Cənubi Qafqazın ikinci inkişaf etmiş sənaye şəhəri olması ilə bağlı geniş məlumat verib.
O, qeyd edib ki, şəhərin Xəzərin sahilində yerləşməsi onun inkişafına investisiya imkanlarını artırır və düşünürəm ki, bunun təşviqi çox vacibdir.
E.Hacıyev həmçinin Xarkov şəhəri, onun tarixi, inkişafı barədə də məlumat verib və qeyd edib ki, Xarkov MDB-də inkişaf etmiş şəhərlər sırasındadır.
Deputat Ukraynada yaşayan azərbaycanlıların fəaliyyəti, burada güclü diasporumuzun formalaşması, orada təhsil alan yüzlərlə tələbənin güclü elmi potensiala çevriləcəyi ilə bağlı da fikirlərini bölüşüb.
“İki ölkə arasında mehriban dostluq münasibətlərinin daha da möhkəmlənməsinə töfhə verən amillərdən biri də bu ölkələrin şəhərləri arasında birbaşa əlaqələrin qurulması, onların “qardaşlaşması”dır. Şəhərlər arasında qardaşlaşma əsasən mədəni, iqtisadi, siyasi, təhsil, səhiyyə, ətraf aləmin mühafizəsi sahəsində əlaqələrin möhkəmləndirilməsi və inkişafı ilə müşayiət olunur. Millət vəkili olaraq təmsil etdiyim Sumqayıt şəhəri bu mənada böyük təcrübəyə malikdir. Azərbaycanın müasir sənaye mərkəzi olan Sumqayıt dünyanın 13 şəhəri, o cümlədən Ukraynanın Çerkassı şəhəri ilə “qardaşlaşmış şəhər” statusunu daşıyır. Sovet dövründə xarici əlaqələrlə bağlı mövcud məhdudiyyətlərə baxmayaraq, Sumqayıt bir neçə ölkənin şəhərləri ilə dostluq əlaqələri qurmuşdur. Azərbaycan müstəqillik qazandıqdan sonra bu əlaqələr daha da genişləndirildi. 2003-cü ilin sentyabr ayında Sumqayıt şəhərinin nümayəndə heyəti Çerkassı şəhərində səfərdə oldu və iki şəhər arasında “qardaşlaşmış şəhərlər” əlaqəsinin bərpası ilə bağlı Saziş imzalandı. Kimya sənayesi müəssisələri ilə məşhur olan Sumqayıt və Çerkassı şəhərləri indiyədək həm ticari, həm də mədəni əlaqələri ilə ortaya gətirdikləri birlik vasitəsilə uğurlu layihələrə imza atıb. Hazırda Sumqayıtda “Çerkassı”nın, Çerkassıda isə “Sumqayıt”ın adını daşıyan küçələr var. Qardaşlaşmış şəhərlər layihəsi çərçivəsində mütəmadi olaraq nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, iqtisadi, mədəni və humanitar sahələrdə bir sıra layihələr həyata keçirilib. Hər iki şəhər arasında qarşıdakı dövrdə bu münasibətləri daha da inkişaf etdirmək, o cümlədəm gənclərlə iş, idman və turizm sahələrində əlaqələrə dair fəaliyyət planları mövcuddur. Düşünürəm ki, hazırda pandemiya şəraitində humanitar, mədəni sahədə bir sıra birgə layihələri onlayn şəkildə reallaşdırmaq, videokonfransalar keçirmək mümkündür.
Sumqayıt şəhəri ilə eyni zamanda Ukraynanın Xarkov şəhəri arasında da dostluq və əməkdaşlıq əlaqələri var və bu münasibətlərin daha da inkişaf edərək “qardaşlaşmış şəhər” statusuna yüksəlməsi niyyəti olduqca təqdirəlayiqdir. Sumqayıt və Xarkov şəhərlərinin iqtisadi, mədəni və humanitar sahədə sahib olduğu göstəricilər bu əlaqələrin qarşılıqlı fayda gətirməsi üçün mühüm əsaslar yaradır. Müqayisə üçün deyim ki, təmsil etdiyim Sumqayıt şəhəri son illər böyük inkişaf yolu keçərək, kimya və neft-kimya, metallurgiya, maşınqayırma, еlеktrоеnеrgеtikа, yeyinti və yüngül sənaye, tikinti mаtеriаllаrının istehsalında nəzərə çarpan nailiyyətlər əldə edib. Son 5 ildə Sumqayıt şəhərində ümumi məhsul buraxılışı 5,2 dəfə, o cümlədən sənaye məhsulunun həcmi 4,3 dəfə artıb. İnfrastruktur və sənaye müəssislərinin tikinti layihələrinə 4 milyard manatdan çox investisiya qoyulub. Şəhərdə 18 iri sənaye müəssisəsi açılıb, çoxsaylı yen iş yerləri yaradılıb. Hazırda Sumqayıt şəhərində 184 sənaye müəssisəsi (86 iri sənaye müəssisəsi, 53-ü orta sənaye müəssisəsi, 45-i kiçik sənaye müəssisəsi) fəaliyyət göstərir. Bunların arasında Sumqayıt Kimya Sənaye Parkı, Sumqayıt Texnologiyalar Parkı, “SOCAR Karbamid” və “SOCAR Polimer” zavodları, “Azərtexnolayn” polad boru zavodu, “Аzərikimyа” İstеhsаlаt Birliyinin “Еtilеn Pоliеtilеn” zаvоdu, “Аzərsun Sənaye Parkı”nın müаsir zаvоdlаrı, Gilan Textil Parkı, “Bismak” Qida sənaye kompleksi, Beton məmulatları istehsalı zavodu xüsusilə fərqlənir. Bu müəssisələrdə istehsal olanun müxtəlif çeşiddə məhsullar yerli təlabatı ödəməklə yanaşı, xarici ölkələrə uğurla ixrac olunur” deyə millət vəkili bildirib.
Emin Hacıyev 2018-ci ildə “Sumqayıt Texnologiyalar Parkı” Ukraynanın “Xarkov Elektrotyajmaş” şirkəti ilə mühəndislik və sənaye sahələrində birgə əməkdaşlıq haqqında müqavilə imzalanması və həmin müqavilənin mahiyyəti barədə fikirlərini bildirib, Sumqayıt və Xarkov şəhərləri arasında dostluq münasibətlərinin gücləndirilməsinin iki ölkə arasında əlaqələrin genişləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Sumqayıtla Xarkov arasında dostluq və əməkdaşlıq əlaqələrinin qurulması müzakirə olundu
•
1706