Sumqayıtlı abituriyent apellyasiyadan sonra 400 BAL TOPLADI – “Buna əmin idim”

1532

I ixtisas qrupu üzrə qəbul imtahanında iştirak edən daha bir abituriyent – Sumqayıt şəhər texniki və təbiət elmləri liseyinin məzunu Ağayev Toğrul Pərviz oğlu maksimum nəticə göstərib. Belə ki, cavab kartında kodlaşdırma zamanı texniki səhvə yol verən abituriyentin Apellyasiya komissiyasına müraciəti nəzərə alınıb, nəticədə qəbul göstəricisi 400 bal hesablanıb.

Maksimum nəticə əldə edən Toğrul Ağayev Modern.az-a açıqlamasında bildirib ki, apellyasiya müraciətindən müsbət nəticə alacağına əmin imiş.

 

T.Ağayev bunu imtahan suallarının çox asan olması ilə əsaslandırıb:

“İmtahana ciddi hazırlaşmışdım, sualları rahat da cavablandırdım. İmtahanda heç bir çətinlik çəkməmişdim, sadəcə cavab kağızında kodlaşdırma apararkən aldığım cavabı yuxarıda xəttin üstünə yazmışdım, aşağıda dairələri qaralayanda isə, sıfırın yerinə səhvən, vergül işarəsini qaraladım. Buna səbəbdən də nəticəm 397 oldu. Texniki səhv olduğu üçün Dövlət İmtahan Mərkəzinə müraciət etdim. Onlar da mənim müraciətimə baxıb, müsbət dəyərləndirdilər və bu gün mən maksimum nəticə topladığıma görə həm həyəcanlı, həm də çox sevincliyəm”.

Rekordçu abituriyent təhsilini kompüter elmləri ixtisası üzrə davam etdirmək niyyətindədir:

“Hazırlıqlarıma ciddi önəm verirdim, son vaxtlar isə olduqca ciddi hazırlşadım və bu nəticəni əldə etdim. Başda ailəm olmaqla bütün tanışlarım buna çox sevindilər. İstəyim gələcəkdə kompüter ixtisasına yiyələnməkdir. Amma hələ universitet seçimi etməmişəm”.

T. Ağayev təhsilini Azərbaycanda davam etdirəcəyini vurğulayıb.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə AzEdu.az-a açıqlamasında bildirib ki, Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin məzunu sual kitabçasındakı bir tapşırığın düzgün cavabını cavab kartına kodlaşdırarkən texniki səhvə yol verib. Həmin abituriyent tapşırığın düzgün cavabını (40) müvafiq xanalara yazdıqdan sonra, həmin xananın altında uyğun rəqəmləri (dörd və sıfır) qaralayarkən “0”-ın altında əlavə olaraq “.” (onluq kəsri göstərən nöqtə) xanasını da qaralayıb. Abituriyent eyni sütunda iki dairə (“0” və “.”) qaraladığı üçün optik oxuyucu qurğu avtomatik olaraq həmin cavabı səhv kimi qeydə alıb. İmtahan nəticələri elan olunduqdan sonra isə abituriyent etdiyi texniki səhvlə bağlı Apellyasiya komissiyasına müraciət edib və səhvinin nəzərə alınmasını xahiş edib. Komissiya üzvləri abituriyentin müraciətinə baxıb və onun əvvəlcədən hər hansı aldadıcı niyyətinin olmadığı, həmçinin həmin xanalarda əlavə nəsə yazıb-pozma, düzəliş və s. kimi qeydlərin edilmədiyi və səhvin həll səhvi deyil, kodlaşdırma səhvi olduğu üçün müsbət qərar verib.

Elmar Hüseynov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər