SUMQAYITLI AKTYOR MƏCİD HÜSEYNOV: “MƏNİM HƏLƏ O DƏRƏCƏDƏ İMKANIM YOXDUR Kİ…” – MÜSAHİBƏ

6160

Budəfəki qonağımız tanınmış aktyor Məcid Hüseynovdur. Bizimlə söhbətində gənc aktyor bir çox maraqlı məqamlara toxundu.

 

– Bildiyim qədəri ilə KVN ilə məktəb çağlarından məşğulsunuz. 41 saylı məktəb sizin iştirakınızla hətta şəhər üzrə birinci yeri də tutub. Həmin günləri, KVN-ə ilk başladığınız vaxtları necə xatırlayırsınız? 

-Mən, əslində, KVN-ə başladığım günə qədər peşəkar basketbol ilə məşğul idim. Bir gün zalda məşq edirdim, bir oğlan mənə yaxınlaşıb şəhərdə KVN yarışması keçirildiyini və məni də komandalarına dəvət etdiyini dedi. Bu olay 1998-ci ildə  baş vermişdi. Və elə oldu ki, o təklif ilə “topu yerə qoyub” getdim. Həmin komandanın kapitanı oldum, birinci mərhələdən sonra ssenari yazmağa başladım.  Və beləliklə, şəhər birincisi olduq. Həmin vaxt 41 saylı məktəbdə oxuyurdum. Və oxuduğum məktəbi də təmsil edirdim.

– Komediyaya maraq bu sözügedən təklif iləmi yarandı ? Yoxsa öncədən var idi? 

– Məktəb çağlarında Novruz bayramında “Kosa”nı, “Keçəli” həmişə sevə-sevə oynamışam. Bu baxımdan, bəli, marağım var idi. Ancaq incəsənətlə bu dərəcədə məşğul olacağım ağlıma gəlməzdi.

 

– Bildiyim qədəri ilə incəsənətə yad ixtisası bitirmisiniz. Məktəb çağlarından həvəskar şəkildə olsa da, bu işlə məşğul olmağınıza baxmayaraq fərqli ixtisası oxuyub bitirməyinizin səbəbi nə idi? 

-Düzü, həmin ərəfədə İncəsənət Universitetinə daxil olmaq haqqında düşünmürdüm. SDU-un “Fizika və elektro energetika” ixtisasını bitirmişəm. Universitet oxuya-oxuya ikinci təhsilim də tibb qardaşıdır. Bu sahəyə heç bir aidiyyatım yoxdur. Açığı, daha bir təhsil almağa haradasa həvəsim olmadı. Ona görə sonralar İncəsənət Universitetinə də sənəd vermədim.

 

 – Özünüzü nə vaxtdan qəti olaraq bu sahədə gördünüz? Və dediniz ki, mən axıra qədər bu işlə məşğul olacam? 

-2001-ci ildə Universitetə qəbul  oldum. Artıq sentyabrın 9-10 -u olardı, mən Universitetin KVN komandasını yığdım. Və həmin gündən bu işi davam etdirəcəyimi dedim. 2006-cil ildən “Planet Parni iz Baku” komandasının üzvü, aktyoruyam.

 

– İncəsənətdə bu nöqtəyə qədər gəlməkdə özünüzü kimə isə borclu sayırsınızmı? 

– Ümumiyyətlə, təşəkkür komanda üzvlərinə düşür. Mən “stand up”çı  olmamışam ki, əzəldən tək özüm fəaliyyət göstərim. Bu, bir komanda işidir. Ona görə də, təşəkkürə qalsa, lap məktəb çağlarından tutmuş, universitet yoldaşlarım və digər komanda yoldaşlarımın hamısına təşəkkür edirəm.

– İncəsənətdə olmasaydınız hansı sahədə olardınız? 

– Düzünü desəm, diş həkimi olardım. Çünki axır vaxtlar dişlərim məni tez-tez incidir. Məncə diş həkimi olsaydım, daha yaxşı olardı. Diş ağrılarından bu qədər əziyyət çəkməzdim.  Özüm  öz dişimi   yaxşı düzəldərdim.

 

– Bəzən bəzi aktyor və aktrisalar film sahəsində pulun olmamağından şikayətlənirlər. Bəs siz bu sahədən istədiyiniz qədər pul götürə bilirsinizmi? 

-Şükür Allaha. Hər şey qaydasındadır. Pulsuzluq və ya az puldan şikayətlənən adamları da qınamıram. Bəziləri haqqı deyir, bəziləri nahaqqı.  Haqqı deyənlər onlardır ki, istedadı ola-ola qalır qıraqda. O da onun öz səhlənkarlığıdır, çağrılan yerə bir dəfə gecikir, ikinci dəfə çağırmırlar. Ancaq nahaqq deyənlər nə edirlər?   Məsələn, çəkilişə çağırırlar gedir, ona öncədən deyilən qiymətlə razılaşıb gəlsə də, sonradan narazılıq etməyə başlayır.   Bu sahədə az da olsa, çox da olsa pul var. Aktyor var çəkilişə günlük 1000 manata gedir, eləsi də var 30 manata. Hər şey insanın özündən asılıdır. Hər bir sahədə pul var. Sadəcə, gərək xarakterin də bötöv olsun.

 

 – Bəs siz özünüz  pul, şöhrət üçün bu sahədəsiniz? Yoxsa özünüzü burada görürsünüz? 

-Mən şöhrət üçün bu sahədə olanların sırasında deyiləm. Öncəliklə özümü incəsənətdə gördüyüm üçün burdayam. İkincisi də hər kəs hər bir sahədə pul üçün, ailəsini dolandırmaq üçün əziyyət çəkir. Çalışdığım odur ki, harada oluramsa, olum işimi mükəmməl görüm. İşimi qüsursuz gördükdən sonra pul özü mənim arxamca gələcək. Mən onun arxasınca qaçmayacam.

– Siz də sumqayıtlısınız. Bu il də doğma şəhərimizin 70 illik yubileydir. Yubileylə bağlı nəsə bir layihə düşünmüsünüzmü ? 

– Bilirsiniz bu şəhər tədbiridir. Şəhər miqyasında olan hansısa tədbiri ayrı-ayrı şəxslər düşünmür. Keçiriləcək tədbirlər şəhər rəhbərliyi və əlaqədar qurumların təşkilatçılığı ilə keçirilir. Əgər məni də şəhərimizin yubileyi ilə bağı təşkil olunacaq hansısa tədbirə çağırsalar, əlbəttə, məmnuniyyətlə  iştirak edərəm.

– Vaxt var idi ki, sizi telekanallarda tez-tez aparıcı qismində görürdük. Ancaq xeyli müddətdir ki, hansısa verilişin aparıcısı kimi görünmürsünüz . Bu vaxtın azlığı ilə bağlıdır, yoxsa özünüzü həmin sahədə tapa bilmədiniz? 

-İşlərin, film çəkilişlərinin çoxluğu ilə bağlı aparıcılığa ara verdim. Çünki çox yorulurdum, heç bir yol ilə çatdırmaq olmurdu. Çəkilişlərə çox halsız, yorğun gedirdim. Ancaq planımda var ki, 2020-ci ildən, yanvar ayından yeni bir veriliş ilə efirə qayıdım.

– Azərbaycan tamaşaçısı bu gün nəyə gülür, nəyə ağlayır? Onları güldürmək yoxsa ağlatmaq asan və ya  çətindir? 

-Müəyyən qism tamaşaçı var ki, yaş etibarı ilə obraz baxımından bu insanı ağlatmaq lazımdır. Çünki həmin insanlar dram janrında olan film və ya dramatik verilişlərə baxıb ağlamağı sevirlər. Ancaq bəzi qism insanlar var ki, onlar televiziyaya gülmək üçün baxır. Onlar da ancaq elə bütün günü baxıb gülsünlər. Ona görə bu dəqiqə bizdə kinoteatrlarda durum başqa cürdür. Kinoteatr gənclərə, cavanlara işləyir. Fikir vermisinizsə, kinoteatrlarda zal əgər yüz yerlikdirsə, onun doxsan nəfəri gənclərdən ibarət olur. Yaşlı nəsli konotetrlarda görmək müşkülə çevrilib. Gənclər gülməyə gəlirlər. Ona görə də bu gün Azərbaycanda çəkilən filmlərin doxsan doqquz faizi yumoristik filmlərdi. Mən dramatik janrda çəksəm, çox az adam gəlib filmə baxacaq. Belə də, mən filmə yatırdığım pulun 5-10 fazini götürə biləcəm ya yox. Ona görə də hər kəs bu gün yumoristik  filmlər çəkib gənclərə işləyir.

serial

– İş olan yerdə həmişə tənqid olur. Bu qaçılmazdır. Sizin də həyata keçirdiyiniz işləri və ya yaratdığınız obrazları bəyənən şəxslər olduğu kimi, bəyənməyənlər də var. Buna münasibətiniz necədir? 

-“YouTube”da mənim son filmimi axtarışa verib altda rəylərə baxa bilərsiniz. Demək olar ki, doxsan faiz adam həmin filmi tərifləyir, öyür. Çox cüzi bir qism şəxs isə buna tənqidi yanaşır. Təbii ki, tənqid olmalıdr. Mən özüm də istəyərəm ki, tənqidlər bildirilsin, çünki mən öz yanlışlarımı bilsəm, bunu gələn işlərimdə etmərəm. Ancaq insanlar da gərək tənqid yazanda və ya deyəndə düşünsünlər ki, film hansı çətinliklərlə ərsəyə gəlib, maliyyə necə tapılıb, hansı məşəqqətlərlə maliyyə qarşılanıb. İnandırıram sizi, bunları düşünsələr, bu dərəcədə ağır rəy, tənqid yazmazlar, deməzlər. Son “Hozu” filmimin ideyası mənə məxsusdur. Ssenarisini mən daxil olmaqla bir neçə nəfər birgə yazmışıq. O filmi mənim özüm sponsorsuz, öz maliyyəmlə çəkmişəm. Belə də, istər-istəməz əyər-əskikliklər olacaq. Çünki mənim hələ o dərəcədə imkanım yoxdur ki, Hollivud filmləri səviyəsində film ortaya qoyum. Ona görə də xahiş edirəm tamaşaçılardan, unutmasınlar ki, biz də onların məmnuniyyəti üçün çalışırıq. Əgər nəyisə bəyənmirlərsə, bunu daha mülayim dil ilə bildirə bilərlər.

– Bu gün Azərbaycan komediyası hansı durumdadır? Necə düşünürsüz, sovet dövrü ilə müqayisədə indiki günümüzdə bizim komediyamız irəliləyib, yoxsa geriləyibmi? Bu iki dönəmi müqayisə etsəniz, nə kimi fərqlərin olduğunu deyə bilərsiniz? 

-Mən, məsələn, Yaşar Nuri ilə bir il eyni serialda çəkilmişəm. Mən də ondan nəsə “oğurlamağa” çalışmışam. Qabaq SSRİ dönəmində filmin hər bir xərci dövlət tərəfindən qarşılanıb. Əslində, indi də dövlətimiz film, serial və televiziyaların inkişafına pul ayırır. Sadəcə olaraq, mənim və mənim kimi komediya janrında film çəkən şəxslərin olduğu nöqtə bir qədər fərqli yerdir. Yəni filmi biz özümüz, öz büdcəmizlə çəkirik. Dövlətdən heç bir maliyyə yardımı almırıq. Ona görə çəkdiyimiz işlərdə hansısa nöqsanlar ola bilir. Ancaq bu gün bizim də filmlərimiz inkişaf edir. 10-15 il  bundan qabaq çəkilən filmə baxın, bir də indi araya-ərsəyə gələnlərə. İstər ssenari, istərsə də keyfiyyət cəhətdən müsbətə doğru addımlar görəcəksiniz. Yəni on ilə böyük irəliləyiş etmişik. İndi mən tam cəsarətimlə deyə bilərəm ki, keyfiyyətli filmlər çəkilməyə başlanıb. Sentyabrdan “Hozu 2” filmi işıq üzü görəcək ki,   həmin film artıq çəkilib qurtarıb və milyona yaxın büdcəsi var. Azərbaycanda ən çox məkanı olan filmdir, yəni 52 məkanda film çəkilişləri reallaşıb. Bütün bunları göz önünə gətirsək, deyə bilərik on ildən sonra film sektorumuz daha da inkişaf edəcək.

Söhbətləşdi: Səbuhi ALLAHVERDİZADƏ

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər