Sumqayıt Dövlət Universitetinin (SDU) nümayəndələri – Strateji Araşdırmalar Mərkəzinin direktoru, dosent Günel Paşayeva və Keyfiyyət təminatı şöbəsinin müdiri Nərmin Həsənova Almaniya Federativ Respublikasının Brandenburq Texniki Universitetində (BTU) ezamiyyətdə olublar.
Səfər zamanı universitet əməkdaşları BTU-nun Kottbus və Zeftenberq şəhərlərində yerləşən korpuslarının maddi-texniki bazası, akademik heyəti, elmi-tədqiqat laboratoriyaları və tədrisin təşkili ilə yaxından maraqlanıblar. BTU-nun mütəxəssisləri ilə görüşlər işgüzar şəraitdə keçib, müxtəlif proqramlar barədə faydalı fikir mübadiləsi aparılıb. Ətraflı müzakirələr universitetlərin mümkün ola biləcək bütün istiqamətlərdə əməkdaşlığa başlamaq üçün hazır olduğunu göstərib.
Görüşlər zamanı birgə ikili diplom proqramının hazırlanması ilə bağlı müəyyən ortaq nöqtələrin olduğu qeyd edilib. Bildirilib ki, BTU-nin maşınqayırma, elektrik mühəndisliyi və enerji sistemləri fakültəsinin müvafiq proqramı ilə bağlı əməkdaşlıq SDU-da analoji modelin yaradılmasına stimul ola biləcək. Eyni zamanda, BTU tərəfindən SDU məzunlarının müxtəlif ixtisaslar üzrə magistratura proqramına müraciət edə biləcəyi qeyd olunub. Bundan əlavə, tələbə və müəllim mobilliyinin, mübadilə proqramlarının həyata keçirilməsi üçün hazırlıq əzmi bəyan edilib.
Zəngin görüş proqramının bir hissəsi kimi, sumqayıtlı qonaqlar Drezden şəhərində Volksvagen şirkətinin elektrikli maşınlar istehsal edən zavoduna da səfər edib və istehsalatla yaxından tanış olublar.
SDU nümayəndələrinin ölkəmizin Almaniyadakı səfirliyində də görüşləri olub.
Müzakirə qapadılmışdır.