Sumqayıtlı çəkməçi: “Adət-ənənə, mentalitetə görə, kişi kişinin ayaqqabısını təmizləməz…”

660

Bakı bulvarında onlara kiçik heykəl də qoyublar. Qarşısında müxtəlif boyalar, fırçalar, ayaqqabı təmizləmək üçün başqa vasitələr olan ortayaşlı kişi müştəri gözləyir…
Onlar da müştəri gözləyir. Ayaqqabısı palçığa batmış, metronun, avtobusun basabasından çıxmış, lap elə üstünə azca toz qonmuş müştərilərini.
Ancaq bu heykəldən fərqli olaraq, əsl çəkməsilənlər bulvarda yığışmır. Onlar hərəsi şəhərin bir tərəfindədir. Bakıda havalar isti keçdiyindən indi müştəriləri çox olmur. Yəqin elə ona görədir ki, biri öz iş stulunda mürgüləyirdi, o biri əşyalarını qoyub harasa getmişdi. Bir başqası isə yaxınlıqda nahar edə-edə kənardan iş alətlərinə göz qoyurdu. Axır ki, birini tapdım.

3-5 DƏQİQƏYƏ 1 MANAT

Rauf Həşimovun 42 yaşı var. 12 ildir bu işlə – ayaqqabı təmizləməklə məşğuldur. Deyir hər gün səhər saat 6-da Sumqayıtdan Bakıya gəlir, axşam 10-11-də qayıdır:

Rauf Həşimov

«Əvvəllər müxtəlif yerlərdə işləmişəm. Gördüm ki, həmin işlərlə evi dolandıra bilmirəm, bu işlə məşğul olmağa başladım. Qazancım pis deyil. Hər gün eyni olmur. 3 manat da olur, 5 manat da, 20 manat da. Hamı bilir ki, ayaqqabını 1 manata təmizləyirik. Bir ayaqqabının təmizlənməsi, boyanması 3-5 dəqiqə çəkir. Uzunboğaz çəkmədirsə, təmizlənməsi 5 dəqiqə çəkir, ayaqqabıdırsa, 3 dəqiqə».  

«İŞİMİ SEVİRƏM»

Rauf deyir ki, başqalarının münasibətindən asılı olmayaraq, o, öz işini sevə-sevə görür:

«Bir dəfə belə bir hadisə olmuşdu. Bir gənc oğlan gəlmişdi. Dedi, neçəyə təmizləyirsən? 

Ayaqqabını 1 manata təmizləyirlər

Dedim, 1 manata. Dedi, pulunu verim, özüm təmizləyim. Dedim, yox, elə olmaz. Dedi ki, hörmət mənasında deyirəm. Deyirəm, mən səni başa düşürəm, təşəkkür edirəm. Sən mənə güclə ayaqqabı təmizlətdirmirsən ki. Bu işi mən özüm görürəm. Sənin burda oturmağın mənə hörmətsizlik yox, hörmətdir. Adət-ənənə, mentalitetə görə, kişi kişinin ayaqqabısını təmizləməz. Ancaq bu, mənim işimdir, çörəkpulumu qazanıram. Gəlirim olmasa, ailəmi saxlaya bilməsəm, mən burda oturmaram. Mən işimi sevirəm. İşimi sevməsəm, müştəri işimdən razı qalmaz».

QADIN MÜŞTƏRİLƏRƏ XÜSUSİ MÜNASİBƏT

Raufun əsas müştəriləri kişilərdir. Qadınlar az olur. Həm də qadın müştərilərə xüsusi münasibət var:

Amerikalı idi, 50 manat verdi.

«Müştərilər arasında payız, qış vaxtları qadınlar da olur. Ancaq nadir hallarda burda oturduram. Çünki bəzilərinin geyimi burda oturmağa uyğun olmur. Qadın skamyada oturur, çıxardıb ayaqqabısını verir, mən də təmizləyib qaytarıram. Mən müştərilərimi çox sevirəm. Elə günüm olub ki, vəziyyətim ağır olub, mənə maddi baxımdan yardım ediblər. Hamı bilir ki, ayaqqabını 1 manata təmizləyirəm. Ancaq eləsi var ki, 2 manat verib, eləsi olub 5 manat. 50 manat verən də olub. Amerikalı idi, 50 manat verdi. Mən ona dedim ki, bu qədər çoxdur, ancaq dedi, qalsın. Mən də dedim ki, «thank you very much»».

Rauf deyir ki, bu 12 ildə ona mane olanlar da olub. Ancaq bu, əvvəllər baş verib. Çünki o, həmişə öz hüquqlarını qorumağı bacarıb:

«Əvvəllər mane olan olub. İndi yoxdur. Çünki Konstitusiyaya görə, hər bir vətəndaşın azad işləmək, yaşamaq hüququ var. Mən də işləmək, yaşamaq hüququmdan bacardığım qədər istifadə etməyə çalışıram».  Azadlıq.org 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər