Sumqayıtlı deputat: “Bizdə seçiləni məğlub olanın təbrik etməsi ənənəsi yoxdur”

1034

Deputat Musa Qasımlı  Azadlıq radiosunun “İşdən sonra” verilişinin qonağı olub. Onunla müsahibəni təqdim edirik:
– Musa müəllim, parlamentə hansı işləri görmək üçün getmisiniz?

TƏRKİB MƏNİ QANE EDİR

– Bundan əvvəlki üç çağırış parlamentin fəaliyyəti ölkəmizdə dövlət quruculuğu, keçid dövrünün problemlərini həll etməkdən ötrü qanunların qəbul edilməsi baxımından ciddi əhəmiyyət daşıyırdı. Yəni 3-cü çağırış parlamentin fəaliyyətini də mən müsbət qiymətləndirirəm. Nəyi bacardılarsa, onu da etdilər. Hesab edirəm ki 4-cü çağırış Azərbaycan parlamenti öz tərkibinə görə kifayət qədər intellektuallardan, gənclərdən, qadınlardan, iqtisadçılardan, hüquqşünaslardan, ziyalılardan ibarətdir. Tərkib məni qane edir. Bu həm də Azərbaycan cəmiyyətinin inkişafını və palitrasını göstərir. Bu baxımdan mənim fikrimcə 4-cü çağırış parlamentin fəaliyyəti qənaətbəxşdir.

– Amma beynəlxalq təşkilatlar parlament seçkilərindən sonra bildirirdilər ki, bizim ənənəvi müxalifət dediyimiz partiyaların təmsilçiləri bu parlamentdə yoxdurlar. Bunun özünü müxalifətsiz parlament adlandırırlar. Buna münasibətiniz?

AZƏRBAYCAN PARLAMENTİNDƏ MÜXALİFƏT VAR

– Seçkiyə qiymət heç vaxt birmənalı olmur. Hansı ölkəni götürürsünüzsə, götürün, bu təcrübəni görəcəksiniz. Mən hesab edirəm ki, hər hansı bir seçkidə birinci yerdə ilk növbədə seçicinin və xalqın iradəsi durur. Kənar təşkilatlar və ya qeyri-hökumət təşkilatları, başqa ölkələrin rəyləri arxa planda gəlir. Müxalifətin olması Azərbaycanda siyasi həyatın, Azərbaycan cəmiyyətinin ayrılmaz bir tərkib hissəsidir. Bu aksiomadır. Yəni bunsuz Azərbaycan cəmiyyətini təsəvvür etmək mümkün deyil.

Sadəcə Azərbaycan cəmiyyəti 80-ci illərin sonu 90-cı illərin əvvəli kimi deyil. İndi insanlar artıq radikal müxalifət deyilən müxalifətin hərəkətlərini bəyənmirlər. Hər hansı bir siyasi partiya seçkidən-seçkiyə cəmiyyətin üzünə çıxmamalıdır, o daim cəmiyyətin içərisində olmalıdır, işləməlidir. Yeni ideyalar olmalıdır. Artıq tənqidlərin üzərində seçki kampaniyasını aparmağı cəmiyyət qəbul etmir. Müxalifətin olması qətiyyən cəmiyyətdə toqquşmalara gətirib çıxarmamalıdır. Müxtəlif ideyalar olmalıdır. Bu ideyaların içərisindən ən səmərəlisini hakimiyyət götürüb həyata keçirə bilər.

Hesab edirəm ki, Azərbaycan parlamentində müxalifət var. Müxalifətin fəlsəfəsi hakimiyyətə alternativ fikirlər irəli sürmək, nöqsanları axtarıb tənqid etməkdir. Amma tənqidin üsulları, yolları fərqlidir. Bunu artıq radikallıqla etmək olmaz. Çünki bizim bir dövlətimiz var. Bu dövlət müxalifətindir də, iqtidarındır da – hamınındır. Bunu baltalamaq olmaz.

– Amma bu parlamentdə bütün zümrələr təmsil olunsaydı, bütün səslər eşidilsəydi, daha maraqlı olmazdımı?

– Bu artıq seçicilərin səs hüququdur. Seçicilər nəyə səs veriblərsə, kimə səs veriblərsə, o səsə hörmət etmək lazımdır. Bizdə seçiləni məğlub olanın təbrik etməsi ənənəsi yoxdur. Amma biz Azərbaycan xalqının iradəsinə, seçicinin iradəsinə hörmət etməliyik.

– Bu gün parlamentin səlahiyyətləri bir qədər məhduddur. Bunu dəfələrlə hüquqşünaslar bəyan ediblər. Belə bir parlamentdə fəaliyyət göstərmək çətin olmayacaq ki?

PARLAMENTİN KİFAYƏT QƏDƏR SƏLAHİYYƏTLƏRİ VAR

– Mən belə hesab etmirəm. Hesab edirəm ki, parlament Azərbaycanda hakimiyyətin qanadlarından biridir. Qanunverici qanaddır. Onun səlahiyyətləri qətiyyən məhdud deyil. Azərbaycan parlamentli respublika deyil. Azərbaycan prezidentli respublikadır və parlamentin kifayət qədər səlahiyyətləri var.

– Beynəlxalq Şəffaflıq Təşkilatının məlumatına görə, Azərbaycanda əhalinin 47 faizi rüşvət verir. Gürcüstanda isə bu rəqəm 3 faizdir. Buna münasibətiniz?

HƏTTA ƏN İNKİŞAF ETMİŞ ÖLKƏLƏRDƏ KORRUPSİYA VAR

– Azərbaycanı heç bir başqa ölkə ilə müqayisə etmək istəməzdim. Hətta ən inkişaf etmiş ölkələrdə korrupsiya var. Mən korrupsiyaya qətiyyən bəraət qazandırmıram. Hesab edirəm ki, korrupsiya, rüşvət olmamalıdır. Mən də öz fəaliyyətimdə buna qarşı mübarizə aparacağam. Hesab edirəm ki, korrupsiya Azərbaycan cəmiyyətinə gətirilmiş bir şeydir. Çarizm tərəfindən gətirilib. Amma buna qarşı bizdə sistemli şəkildə iş aparılır. Bu, vacib bir məsələdir. Amma adminstrativ metodlarla korrupsiyanın kökünü kəsmək olmaz. Bundan ötrü cəmiyyətdə mütləq maarifçilik lazımdır. Məmur kresloda vətəndaşa xidmət etməkdən ötrü oturub. Vətəndaş rüşvət verməməlidir və məmur almamalıdır.

– Azərbaycan rəsmilərinin dediyinə görə, Azərbaycan vətəndaşının vəziyyəti yaxşıdır. O zaman niyə Azərbaycanda korrupsiya var?

– Bizim düşmənimiz korrupsiya olmalıdır, bizim düşmənimiz rüşvət olmalıdır, bizim düşmənimiz kasıblıq olmalıdır. Biz çalışmalıyıq ki, insanlarımız daha çox işlə təmin olunsunlar və rüşvət barədə düşünməsinlər. Hara getdikcə onunla rastlaşmasınlar. Onu verməyə məcbur edilməsinlər və ya onu verib işlərini düzəltməsinlər. Bu, yanlış bir şeydir.

– Dinləyici yazır: Sizcə Azərbaycanda büdcə xərclərinə ictimai nəzarət varmı?

– Büdcəyə ictimai nəzarət məsələsi gücləndirilməlidir. Burda qəbahət heç nə yoxdur. Dövlət büdcəsinə nəzarətin ciddi olması qətiyyən pis bir şey deyil.

– Parlamentdə sizin dediyiniz kimi müxalifətçilər, hakim partiyanın üzvləri və bitərəflərdir. Siz hansı sıradasınız?

TƏNQİDLƏ İŞ AŞMAZ

– Mən özüm heç bir siyasi partiyanın üzvü deyiləm. 2003-cü ildə Müsavat Partiyasından ayrılandan sonra heç bir siyasi təşkilatda yoxam və heç bir siyasi partiyanın tərkibində fəaliyyət göstərmirəm. Onların kursunu dəstəkləmirəm. Mən özüm bitərəfəm. Əslində, bitərəf olmaq – siyasi baxışlarına görə, mövqeyinə görə bitərəf olmaq demək deyil. Mən hesab edirəm ki, hər bir bitərəf siyasətçi obyektiv olmalıdır. Müsbət olan şeyləri deməlidir. Nələr çatışmırsa, təkcə onları tənqid etməməlidir, eyni zamanda onlardan çıxış yollarını axtarmalıdır. Tənqidlə iş aşmaz, tənqidi və təklifi hamı verir. Hesab edirəm ki, deputatın fəaliyyətinin bir hissəsi ondan ibarətdir ki, çatışmazlıqların həlli yollarını göstərsin. 10-15 yol göstərilər, hökumət də ondan birini götürər, həyata keçirər. Təbii ki, mən bitərəf kimi hesab edirəm ki, öz müstəqilliyimi qoruyub saxlayacağam və öz obyektivliyimi heç vaxt itirməyəcəyəm.

– Siyasi simpatiyalarınız da var yəqin ki?

AZƏRBAYCAN XALQI ÖZ DÖVLƏTİNİN GÜCLÜ OLMASINA ÇALIŞMALIDIR

– Hesab edirəm ki, Azərbaycanda demokratiya, çoxpartiyalı sistem bizim cəmiyyətimizin ayrılmaz tərkib hissəsidir. Bunun üstündən qətiyyən adlayıb keçmək olmaz. Amma buna baxmayaraq, bütün siyasi partiyalar, müxtəlif baxışları olan şəxslər hamısı Azərbaycan dövlətçiliyi üçün, Azərbaycan dövlətinin inkişaf etməsi üçün çalışmalıdır. Mənim düşündüyüm bundan ibarətdir. Çünki Azərbaycan daxilində bir az qarmaqarışıqlıq olan kimi xarici ölkələrin Azərbaycana təzyiq vasitələri, özlərinin istəklərini həyata keçirmələri artır. Bunun bizə heç bir xeyri yoxdur. Bu məmləkətin sahibi Azərbaycan xalqıdır. Azərbaycan xalqı öz dövlətinin güclü olmasına çalışmalıdır.

– Dinləyici yazır: Bu hakimiyyətin ucbatından heç özünüz və ya ailəniz ac qalıbmı?

– Mən heç bir azərbaycanlı ailəsinə çörəyə möhtac olmağı arzulamıram. Və heç bir Azərbaycan vətəndaşının da evinə çörəyi, pulu olmadan getdiyi günü arzulamıram. Arzulayıram ki, hər bir azərbaycanlı evinə ən azı çörək pulunu apara bilsin. Özü-özünü dolandıra bilsin. Mən öz qələmimlə, öz zəhmətimlə həmişə ailəmi dolandırmışam. Buna görə öz zəhmətimə və Allaha şükür edirəm.

WikiLeaks-də Azərbaycanla bağlı xeyli məlumatlar var. İzləmisinizmi? Bu məlumatlarla bağlı sizin fikirləriniz necədir?BU ABŞ-IN ÇÖKÜŞÜNDƏN XƏBƏR VERƏN AMİLDİR

– Əgər bu sayta xakerlər giribsə, çox təhlükəlidir və Amerika Dövlət Departamentinin, Amerika dövlət sisteminin saytlarının məxfi məlumatlarının etibarlı qorunmadığına dəlalət edir. Əgər xakerlər giribsə, bunu 2001-ci ilin 11 sentyabrı ilə eyniləşdirirəm. Hesab edirəm ki, Amerika informasiya təhlükəsizliyi baxımından etibarlı ölkə deyildir, əgər xakerlər giribsə. Yox əgər Amerika Dövlət Departamentindən kimlərsə və ya Amerikadan kimlərsə informasiyanı sızdırıbsa, bu Amerikanın böyük dövlət statusuna, onun nüfuzuna ciddi şəkildə xələl gətirən bir amildir.

İlkin mülahizə kimi söyləyə bilərəm ki, ABŞ tərəfindən, kimlərsə tərəfindən sızdırılan informasiyalardır və sistemli şəkildə sızdırılır. Əvvəlcə məxfilik götürülür. Sonra materialların üzərində müəyyən düzəlişlər edilir və təqdim edilir. Mən Azərbaycanla bağlı deyilən ifadələri çox mənfi qiymətləndirirəm və hesab edirəm ki, doğru deyil. Həmin saytda yazılır ki, Azərbaycana İsrail filan qədər silah verib. Bu, Azərbaycan-İran münasibətlərini pozmaq məqsədini güdür.

O saytın bütün məlumatları Azərbaycan-Türkiyə, Azərbaycan-Rusiya, Azərbaycan-Orta Asiya dövlətlərinin münasibətlərini korlamaq məqsədi güdür. Hesab edirəm ki, Amerika Dövlət Departamenti hər bir ölkə qarşısında izahat məktubu verməlidir. Hətta yeri gələrsə, bunların özləri saxtalaşdırmayıblarsa üzr istəməlidir. Çünki bu ABŞ-ın çöküşündən xəbər verən bir amildir və Amerikanın dünyada etibarlılığını tamamilə aşağı salır. Amerika diplomatları ilə bundan sonra heç kim açıq danışmayacaq, əgər bunlar həqiqətdirsə. Bu ABŞ-ın nüfuzunu tamamilə itirməsi deməkdir.

– Orada azərbaycanlı nazirlərin adları çəkilir, məmur ailələrinin adları çəkilir. Bu məlumatların açıqlanmasında məqsəd nədir sizcə?

NİYYƏT ÇAXNAŞMA YARATMAQDIR

– ABŞ-ın ayrı-ayrı ölkələrlə bağlı siyasəti var. Bu hər hansı bir ölkənin daxilində çaxnaşma yaratmaq, hakimiyyət daxilində intriqalar yaratmaq, hakimiyyətlə xalq arasında uçurum yaratmaq məqsədi güdən bir xəttdir. Niyyət bundan ibarətdir. ABŞ hər hansı bir ölkəyə öz təsirini saxlamaqdan ötrü yüzlərlə üsullardan istifadə edir. Biri də bundan ibarətdir.

– Orada çıxan məlumatları millət vəkili olaraq araşdırmaq fikriniz varmı?

ABŞ BUNA NECƏ REAKSİYA VERƏR?

– Biz hələ müəyyənləşdirməliyik ki, bu məlumatlar nə qədər doğrudur, obyektivdir və ya saxtadır. Ondan sonra mülahizə yürütmək olar. Mən hesab edirəm ki, saxtadır. Hesab edirəm ki, Amerika Dövlət Departamentinin saytında olan bir məsələni araşdırmaq birinci növbədə ABŞ-ın məsuliyyətidir. Əgər belə şeylər varsa, niyə görə başqa ölkələrin daxili işlərinə qarışır? Bu başqa ölkələrin daxili işinə qarışmaqdır. BMT nizamnaməsi var, ATƏT-in Helsinki yekun aktının prinsipləri var. Bayaq mən dedim ki, bu ABŞ-ın nüfuzuna xələl gətirir. Həm beynəlxalq, həm ikitərəfli öhdəliklər baxımından. Azərbaycanda kimsə götürsün ABŞ hakimiyyəti daxilində olan belə məsələlərdən yazsın. Onda necə olar? Və ya ABŞ necə reaksiya verə bilər? Ona görə ABŞ Dövlət Departamenti buna aydınlıq gətirməlidir. Birinci növbədə onlar buna münasibətini bildirəndən sonra artıq biz münasibətimizi bildirə bilərik.

– Dinləyici yazır: Sizcə Assanj edam olunmalıdır?

– Mən belə hesab etmirəm. Jurnalist gördüyünü yazacaq. Necə görmək istədiyini də yazacaq. Jurnalist öz düşüncələrində azaddır. Sadəcə, jurnalistin məlumatı ötürməsi onun haqqıdır. Mənə elə gəlir ki, burda məsuliyyət həmin saytın üzərinə düşmür. O sayta məlumat necə gəlib çıxıbsa onun üzərinə düşür. Təbii ki, bəlkə də saytın üzərinə bir mənəvi məsuliyyət var. Amma mən düşünmürəm ki, Assanj edam olunmalıdır.

Mənbə: Azadlıq radiosu, işdən sonra verlişi, Kamran Mahmudov, Şahnaz Bəylərqızı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər