Sumqayıtlı futbolçu: “Mənə qarşı haqsızlıq edildi” (MÜSAHİBƏ)

1802

Bir müddət öncə başa çatan futbol üzrə Topaz Premyer-Liqasının cari mövsümü komandaların sıralamasına  aydınlıq  gətirməklə yanaşı, həm də ayrı-ayrı futbolçulardan hansının parladığını, kimlərin bəxt ulduzunun söndüyünü müəyyən etməyə şərait yaradır. Bu baxımdan fərqlənənlərdən biri də qış fasiləsindən sonrakı dönəmi  “Rəvan”da keçirən, mövsümün sonunda isə klubdan ayrılan  sumqayıtlı futbolçu Emin Mustafayev oldu. Ötən birincilikdə şəhərimizin təmsilçisi “Sumqayıt”dakı oyunu ilə rəğbət qazanan yarımmüdafiəçi cari “futbol ili”ndə isə istənilən səviyyədə çıxış edə bilmədi. Elə gənc orta sahə oyunçusu ilə də həm bu, həm də digər maraqlı məqamlara aydınlıq gətirdik.

– Mövsüm başa çatan kimi “Rəvan”dan ayrıldınız. Bu sizin, yoxsa komandanın istəyi ilə baş verdi?

–  “Rəvan”a böyük ümidlərlə gəlmişdim. Daha çox oynamaq şansı qazanmaq üçün paytaxt klubuna üz tutsam da, heç nə gözlədiyim kimi olmadı. Mənə qarşı haqsızlıq edildiyini düşünürəm. Cəmi iki qarşılaşmada forma geyə bildim. Mövsüm başa çatanda isə qarşılıqlı razılaşma ilə yollarımızı ayırdıq.

– Sizə qarşı haqsızlıq edildiyini dediniz. Konkret olaraq hansı haqsızlıqlarla üzləşdiyinizi deyə bilərsiniz?

– Mən komandanın heyətində ən az forma şansı qazanan oyunçu oldum. Hətta mənimlə eyni mövqeydə çıxış edən futbolçu zəif oynayanda belə, məşqçi məni meydana buraxmırdı. Məhz bu baxımdan mənə qarşı haqsızlıq edildiyi qənaətindəyəm.

Topaz Premyer-Liqasında geridə qalan mövsümündə cəmi iki matçda üst-üstə 148 dəqiqə forma geymisiniz. Sizcə, oynamamağınız nə ilə bağlı idi?

–  Bunun səbəbini baş məşqçidən soruşsanız, daha yaxşı olar. Mən özümü oynamaq üçün tam hazır sayırdım və məşqlərdə özümü yaxşı tərəfdən göstərirdim, amma baş məşqçi mənə şans vermirdi.

– Ümumiyyətlə, iddialı “Qarabağ”ı “Rəvan”a dəyişməyi karyeranızda geriyə atılmış addım kimi qiymətləndirmək olardımı?

– Geriyə addım hesab eləmirəm. Mən “Qarabağ”ı “Rəvan”a daha çox oynaya bilmək üçün dəyişdim. Məni komandaya oynamaq üçün dəvət etmişdilər, amma mən bura gələndən sonra hər şey dəyişdi.

– Artıq yeni klubla anlaşmalısınız.  “Rəvan”dan ayrıldıqdan sonra hər hansı bir təklif almısınızmı?

–  Hələ ki, konkret bir təklif  yoxdur.  Komandadan ayrılmağım müəyyən mənada  gözlənilməz vaxtda baş verdiyindən hələlik bir qədər qeyri-müəyyənlik hökm sürür.

– Konkret təklif  olmadığını dediniz. Bəs adınızın Rusiya, Türkiyə və Belarusiyanın aşağı dəstə təmsilçiləri ilə anılması nə ilə bağlıdır?

– Indi bu haqda danışmaq istəmirəm. İnşallah, hər şey dəqiqləşəndən sonra bu barədə məlumat verəcəm.

–  Ötən “futbol ili”ndə “Sumqayıt”dakı çıxışınız heç də pis alınmamışdı. Yenidən bu kluba dönməyiniz mümkündürmü?

–  Sumqayıt mənim doğma şəhərimdir. Bu səbəbdən doğulduğum şəhərin komandasında forma geymək istərdim. Bu komanda üçün əlimdən gələni etməyə hazıram və təklif gəlsə, məmnuniyyətlə geri qayıdaram. Amma o da var ki, bu təkcə mənim istəyimlə olacaq bir şey deyil.

–  Qış fasiləsində “Qarabağ”dan “Rəvan”a transfer olundunuz. Əgər çempionluğa oynayan komandanı ikinci “altılıq” klubuna dəyişəcəkdinizsə, onda niyə “Sumqayıt”da qalmadınız?

–  Mən ötən mövsüm “Sumqayıt”da icarə əsasında çıxış edirdim. İcarə müddəti başa çatdığından “Qarabağ”a qayıtdım. Ən əsası da “Sumqayıt”ın məşqçilər korpusu məni komandada saxlamaqda maraqlı deyildi.

–  “Sumqayıt”dan söz düşmüşkən, bir sumqayıtlı futbolçu olaraq necə düşünürsünüz Sumqayıt futbolunu necə yüksəltmək olar? Sizcə, bütün sumqayıtlı oyunçuları bir komandada toplasaq, o komanda çempionatmızda necə çıxış edə bilər?

–  Sumqayıt futbolu şəhərin komandasında yalnız yerli oyunçuların çıxış etməsi ilə irəli gedə bilər, çünki yerli futbolçular doğma şəhərinin komandası üçün bütün potensialını ortaya qoyacaq, amma gəlmə top ustalarından bunu gözləməyə dəyməz. Ən əsası da ona görə ki, gəlmələr daha çox öz cibini düşünür.

–  Artıq karyeranızda üç klubun formasını geymisiniz. Sizin üçün hansı komandaya və konkret hansı futbolçuya qarşı oynamaq çətindir?

– Bu baxımdan “Qarabağ”ı qeyd edərdim. Sözügedən komandanın istənilən komandaya qarşı öz oyun istilini diqtə edə bilməsi və rəqibi topsuz qoyaraq oynaması əsas özəllikləridir. Belə oyun üslubu həm də rəqibə psixoloji cəhətdən mənfi təsir edir. Məhz sadaladığım səbəblərdən ağdamlılara qarşı oynamaq çətindir. Konkret olaraq isə “Qarabağ”ın braziliyalı üzvü Riçard Almeydaya qarşı oynamaq asan deyil, çünki həm topla həm də topsuz olanda meydanda çox qaçır. Bir sözlə, yüksək səviyyəli futbolçudur.

–  Azərbaycan futbolunda pərəstiş etdiyiniz futbolçular varmı?

–  Yuxarıda yüksək səviyyəli oyunçu kimi xarakterizə etdiyim Riçard Almeydanın oyunu xoşuma gəlir. Yerlilərdən isə milli komandamızın kapitanı Rəşad Sadıqovu qeyd edə bilərəm.

–  Maraqlıdır, adını çəkdiyiniz futbolçulara hansı xüsusiyyətlərinə görə pərəstiş edirsiniz?

–  Çətin anlarda məsuliyyəti üzərlərinə götürməyi bacarırlar ki, bunu da yüksək qiymətləndirməmək olmaz.

–   Avrokuboklarda Azərbaycan klublarından nə gözləyirsiniz?

–  Əvvəla, Avrokuboklarda mübarizə aparacaq bütün komandalara uğurlar arzulayıram. Klublarımızdan gözləntilərimə gəlincə, “Neftçi” və “Qarabağ”dan uğurlu nəticə gözləyirəm. Ən azı Avroliqanın qrup mərhələsinə vəziqə qazanmalıdırlar.

 

Söhbətləşdi: Tural Məmmədov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər