“Neftçi” klubunun sumqayıtlı futbolçusu Mahir Şükürov Topaz Premyer Liqasının XXX turunda “Simurq”la 1:1 hesablı bərabərlikdən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.
– Qarşılaşma barədə fikirləriniz maraqlı olardı…
– Qələbə istəyirdik. Çünki qazanılacaq 3 xal çempionluğu vaxtından əvvəl təmin etməyimiz demək idi. Çox təəssüf alınmadı. Arzu edərdim ki, “Simurq” bütün oyunları bu cür keçirsin.
– “Simurq”un çempionatda heç bir iddiası olmaya-olmaya bu cür əzmkarlıq göstərməsi maraq doğurmaya bilməzdi…
– Nə olacaq ki… Onun-bunun göstərişini yerinə yetirirlər. “Simurq” belə oynayan idisə “İnter”ə qarşı da bu cür müqavimət göstərəydi. Daha 5 top buraxmazdı.
– “Qarabağ” – “İnter” matçının nəticəsinin məlum olması, sizdə müəyyən mənada arxayınçılıq yaratmışdımı?
– Qələbə bizə çempionluğu gətirəcəkdi. İmkanlarımız da oldu, amma “çərçivə”yə düşə bilmədik. Nə deyim, Allahın qismətidir.
– Komandanızın ən sərrast hücumçusu Nikolas Kanalesin meydana çıxmamağı oyuna təsir etdimi?
– Tək onluq deyil. Yenə qol epizodları yaratmışdıq. Sadəcə, qol vura bilmədik. Heç-heçə qismətimizdə imiş.
– Oyununuz alınmadı, yoxsa zərbələrdə dəqiqlik çatmadı?
– Rəqib 11 nəfərlə müdafiə olunurdu. Hamısı “oturmuşdu” qapının ağzında. Ətdən çəpər çəkmişdilər. Açıq futbol oynamırdılar. Sanki qazanacaqları 1 xal sayəsində onlar Çempionlar Liqasına və ya Avropa Liqasına yollanacaqdı.
– Çempion olmaq üçün digər rəqiblərin nəticəsini gözləmədən qarşıdakı iki oyunda 1 xal qazanmaq kifayətdir. “Neftçi” bunu bacara bilməyəcək?
– Niyə bacara bilməyəcək? Narahatçılıq yoxdur. Hamımız peşəkar futbolçularıq. Bizdən nə istədiklərini yaxşı bilirik. Bu cür fürsəti əldən buraxmaq olmaz. Çempionluğa doğru gedirik.
– “Qızıl dubl” edə biləcəksinizmi?
– Məqsədimiz budur. Buna doğru addımlayırıq. İlk növbədə çempion olmalıyıq. Bundan sonra ölkə kuboku qazanmaq haqda düşünməliyik. Çünki həmin oyuna hazırlaşmaq üçün vaxtımız olacaq.