SUMQAYITLI GƏNC PİANOÇUNUN PARLAQ QƏLƏBƏSİ

851

Cari il may ayının 02-08-də Türkiyə Respublikasının İstanbul şəhərindəki Pera İncəsənət Liseyində dünyaşöhrətli Avstriya bəstəkarı və pianoçusu Frans (Ferens) Listin anadan olmasının 200 illik yubileyinə həsr edilmiş VI Beynəlxalq Festival keçirilmişdir. Azərbaycan, Türkiyə, Qazaxıstan, Bolqarıstan, Kipr və Koreyanı təmsil edən 834 nəfər yeniyetmə və gənc pianoçunun qatıldığı festival çərçivəsində baş tutmuş Beynəlxalq Piano Yarışmasında 56 nəfər iştirak etmişdir.

Festivalda ölkəmizi təmsil edən gənclərdən biri də Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü, adı “Qızıl Kitab”a yazılmış Sumqayıt Musiqi Kollecinin fortepiano şöbəsinin tələbəsi Fuad Əlizadə idi. O, dünyaşöhrətli musiqiçilərin qatıldığı münsiflər heyətinin qərarı ilə yarışmada 13-16 yaş kateqoriyasında birinci yerin qalibi olmuş, qələbənin rəmzi olan plaket və sertifikatla təltif edilmişdir. F.Əlizadə bu mötəbər beynəlxalq yarışmanın qalibi olmuş yeganə azərbaycanlı olmuşdur. Bundan başqa F.Əlizadə tanınmış fransız və rus pianoçuları Yelena Filonovanın və professor Tamara Poddubnayanın ustad dərslərini uğurla başa vurmuşdur.

Onu qeyd etmək lazımdır ki, bu gənc və istedadlı pianoçunun yeganə beynəlxalq uğuru deyil. Belə ki, o, bir neçə ölkəmiqyaslı müsabiqədə uğurla çıxış etmiş, ötən il keçirilmiş Qara Qarayev adına Pianoçuların I Beynəlxalq Elmi-İfaçılıq Müsabiqəsində kiçik yaş qrupunda (10-16 yaş) I yerə layiq görülmüşdür.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər