SUMQAYITLI GƏNCİ NARKOTİKLƏ TUTDULAR

762

19 yaşlı tələbə Cabbar Savalanlının cibindən narkotik “tapıldı”; həbsindən öncə o, izlədiyini deyibmiş...

AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlı fevralın 5-i axşam saat 21 radələrində Sumqayıtdakı evinə gedərkən saxlanılıb. O, partiyanın müşavirəsindən qayıdırmış. 1991-ci il təvəllüdlü, Sumqayıt Dövlət Universitetinin tarix fakültəsinin 2-ci kurs tələbəsi olan C.Savanlı Sumqayıt Şəhər Polis İdarəsinə aparılıb və orada onun üstündən 0,17 qram narkotik maddə “tapılıb”. Savalanlı haqqında Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Bu maddə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Dünən “Yeni Müsavat”ın müxbiri Sumqayıt şəhərində olub. Bir qrup cəbhəçi, həmçinin “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, vəkillər İntiqam Əliyev, Anar Qasımov və ictimaiyyət nümayəndələri Sumqayıt Şəhər Polis İdarəsinin önündə toplaşmışdılar. Həbs olunan fəalın müdafiəçiləri Əsabəli Mustafayev və Anar Qasımov onunla görüşməyə çoxsaylı cəhdlər etsələr də, istəkləri baş tutmadı. Bir qədər sonra idarənin rəis müavini Azər Cahangirov gələrək hamıdan idarənin önündən uzaqlaşmağı tələb etdi və polisin müdaxiləsi ilə əraziyə toplaşanları kənarlaşdırdılar…
Vəkil Əsabəli Mustafayev bizimlə söhbətdə baş verənləri ciddi qanun pozuntusu adlandırdı: “Dedilər ki, bazar günüdür deyə icazə vermirik. Ona görə də, görüş sabaha (bu günə-red.) qaldı. Hesab edirik ki, əlimizdə order ola-ola vəkil kimi bizim fəaliyyətimizə maneçilik yaradıblar, həm də tutulan şəxsin hüquqları pozulub”. Vəkillər yaranmış vəziyyətlə əlaqədar Sumqayıt Şəhər Prokurorluğuna müraciət hazırlayıblar.

***

Hadisə ilə bağlı cəbhəçi gəncin evinə də baş çəkdik. C.Savalanlı Sumqayıtda 18-ci məhəllə, ev 12, mənzil 2-də yaşayır. Onun atası siyasi fəal olub və hətta buna görə işindən azad edilib. Qonşulardan öyrəndik ki, Cabbarın atası vəfat edib və o, anası ilə birgə yaşayır. Ancaq valideynini evlərində tapa bilmədik. Aldığımız məlumatlara görə, C.Savalanlı son dövrlər sosial şəbəkələrdə aktivlik nümayiş etdirib, hakimiyyət əleyhinə kəskin tənqidi fikirlərlə çıxış edib. Eyni zamanda AXCP-nin son aksiyalarında xüsusi fəallıq göstərib. Həbsindən əvvəl isə dostlarına “20 Yanvar” hadisələrinin 21-ci ildönümündə Şəhidlər Xiyabanını ziyarət zamanı polislə müxalifətçilər arasında baş verən qarşıdurmadan sonra izləndiyini deyibmiş.
AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı baş verən hadisəni qurama adlandırır: “Biz fevralın 5-də partiyanın gənclər komitəsinin müşavirəsini keçirdik, sonra Norveç İnsan Haqları evində bir filmə baxdıq və o, Sumqayıta, evinə getdi. Bu gün (dünən-red.) tezdən eşitdik ki, onun cibinə narkotik maddə atıb həbs ediblər. Cabbar siyasi proseslərdə çox fəal idi. Onun narkotik maddə istifadəçisi kimi saxlanması tamamilə absurddur”.
Digər partiya yoldaşları Cabbarın həbsini gənc fəallara qarşı repressiya kimi qiymətləndirdilər və Savalanlının narkotik istifadəçisi olmadığını dedilər.
Bu arada Siyasi Azadlıqların Müdafiə Alyansı (SAMA) cəbhəçinin həbsini pisləyib və bunu siyasi ayrı-seçkilik kimi qiymətləndirib.

Emil SALAMOĞLU, “YENİ MÜSAVAT”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər