Sumqayıtlı gənc Fransada Azərbaycanı layiqincə təmsil edir

1394

Fransada təhsil alan sumqayıtlı tələbə Elmar Yusifli : “Məqsədimiz sumqayıtlı gənclərin diqqətini avropaya yönəltməkdir”

Bu günlərdə Fransada təhsil alan sumqayıtlı tələbə Elmar Yusifli “sumqayitxeber.com” saytının və “Sumqayıt Xəbər”  qəzetinin qonağı oldu. Elmar 2007-ci ildə 21 saylı orta məktəbin məzunu olub. Elə həmin il 1-ci qrup üzrə qəbul imtahanında iştirak edib və yüksək balla Azərbaycan Dövlət Neft Akademiyasının  aftomatika və idarəetmə fakultəsinə daxil olub. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Fransaya göndərilib. Elmarla müsahibəni diqqətinizə çatdırırıq:

Necə oldu ki, Fransada təhsil almaq qərarına gəldin?

Xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının şərtləri belə idi ki, 1-ci qrup üzrə 550 baldan, qalan qruplar üzrə isə 600-dən yuxarı bal toplamış abituriyentlərin həmin proqramda iştirak etmək hüququ var idi.  İmtahanlara 2 gün qalırdı müraciət etdim. İmtahanları TQDK sədri Məleykə xanım keçirirdi. İmtahan məntiqdən idi və üzbə-üz keçirilirdi. İlk ildə Sumqayıtdan tək mən bu proqram çərçivəsində xaricdə oxumaq şansı qazandım.

İlk dəfə Fransaya gedəndə 13 nəfər idi. 1 nəfərimiz fransız dilini bilirdi. Biz ingilis dilində bilirdik, amma orda da heç kim ingilis dilində danışmırdı. Çünki aralarında yüzillik müharibə var. Araları yoxdur. Dili bilməməyimiz, başqa bir aləmə düşməyimiz  bizi birləşdirdi. Beləcə Bezanson şəhərində qalmalı olduq.  Bezanson şərqi Fransanda, Dou (Doubs) çayının üzərində yerləşən kiçik və qədim tarixə malik bir şəhərdir. Eyni zamanda Franş Komte regionunun da paytaxtidir. Strasburqla Leon şəhərinin arasında yerləşir.

Sumqayıta bənzərliyi varmı?

Yox sumqayıta yox Şuşaya bənzərliyi var.

Şuşada olmusan ki?

Yox olmamışam. Orda yaşayan Azərbaycanlılardan məhz o şəhərin Şuşaya oxşaması üçün gedənlər var idi. Onlar deyirdilər ki, bu şəhər Şuşaya oxşayır. Birdənə bu şəhərdə çay var və fərq burdadır.

Fransız dilini neçə aya öyrəndiniz?

Dili 9 ay müddətinə Universitetin nəzdində öyrəndik. Həmin müddətdə təhsil almadıq. Ancaq dil öyrəndik. Tam deyə bilmərəm ancaq 60-70 faiz demək olar ki, Fransız dilini bilirəm. Texniki dildə demək olar ki, təmiz bilirəm danışmaq və yazmaqda isə deməzdim tam bilirəm.

Sumqayıtla Bezanson arasında fərqlər varmı? Daha çox fərqlər nədə hiss olunur?

Düzü indi texnologiya orda da var, burda da. Biznən onları fərqli edən ictimaiyyətdir. Orda ictimaiyyət passivdir. Burda universitetlə orda fərqlidir. Orda mənim tələbə yoldaşım demək olar ki yoxdur. 13 nəfər sinifdə otururuqsa, sadəcə salam verib çıxırıq. Soyuqluqdur. Prespektivlik yoxdur. Təkcə universitetdə deyil, həyatda da elədir. Heç kim heç kimin işinə qarışmır.

Orda təhsildə rüşvət hallarına rast gəlinirmi?

Düzü deyirlər var, ancaq mən hələ ki, görməmişəm.

Bayaq qeyd elədin ki, orda passivlikdir. Bunu nəyə əsasən deyirsən?

İldə 4 əsas tətbir keçirilir. Bunlardan biri opera ilə bağlıdır. Biri ümumi yeməklə bağlı, musiqiylə bağlı və ümumi görüşlər, debatlar. Düzdü bizim opera ilə bağlı əlimizdə güclü resurslar yoxdru. Ancaq o biri üç sahədə biz iştirak edirik. Bu il xüsusilə iştirak etdik. Biz orda tələbələrlə birlik yaratmışıq. Əslində biz orda yeni ilimizi, novruz bayramımızı qeyd etmək üçün, hər hansı bir yer kiraləməli olurduq.

Olurdu ki, icazə vermirdilər. Hər adam gedib yer danışa bilməz, vermirlər. Mütləq hər hansı bir birlik nəzdində biz ona rəsmi şəkildə müraciət etməliyik. O məqsədlə biz asossasiya yaratdıq. Biz keçən il 27 nəfər idik.

Fikir vermisinizsə sumqayıtda insanlarda aqressiya daha çox hiss olunur. Sanki insanlar harasa tələsir. Orda necə, insanlarda bu aqressiya hiss olunurmu?

Orda Bezanson şəhərində aqressiya hiss olunmur. Yaşamaq üçün çox rahat şəhərdir. Dili öyrəndikdən sonra fransız dost tapdım. Parisdə universitetdə işləyirdi. Məni dəvət elədi ora. İndi də onunla əlaqəmiz var. Parisdə ən güclü Informasiya Texnologiyaları üzrə universitetə apardı. Sənədlərimi verdim və qəbul elədilər. Bir həftə mən orda qaldım. Parisdə o stresi hiss elədim. Kim qarşıma çıxırdısa qaş-qabaqlı və üstəgəl uşaqların orda mənimlə olmaması.  Parisdə ev tapa bilmədim, ona görə veşlərimi götürüb geri Bezansona qayıtdım.

Orda bir universitetdən başqa universitetə  keçid necədir?

Orda hər ilin sentyabrından növbəti ilin sentyabrına kimi müqavilə qüvvədə olur. Sentyabr ayından sonra hər şey sıfırlanır. Universitetdə bu il oxuyursansa gələn il o demək deyil ki, sən universitetin 2-ci kursunda oxuyuacaqsan. Sənədləri yenidən aparıb təqdim etmək lazımdır. O da ki, istənilən universitetə aparıb təqdim etmək mümkündür.

Orda təhsilin səviyyəsi necədir? Qane edirmi? Hər halda dostlarınla müqayisələr aparırsınız

Mən ordakı təhsili bəyənirəm. Amma nəyi bəyənmirəm – orda prespektivlik yoxdur. Bir universitetdə tələbə həmkarlar ittifaqı yoxdur. Tələbələri fəallaşdırmaq üçün, birləşdirmək üçün maraqlı bir tədbirlər keçirilə, ilin tələbəsin seçə, yəni tələbədə inkişaf etmək üçün stimul ola, bu yoxdur.

Niyə bunları reallaşdırmaq üçün  təşəbbüslə çıxış etmirsiniz?

Bilirsniz, orda ölkə miqyasında bu yoxdur. Orda heç kim heç kimin işinə qarışmır. Orda rəqabət yoxdur. Demək olmur ki, mən səndən güclü oxuyuram. Adama deyərlər ki, oxu da mən belə oxuyuram. Məncə hər bir yerdə inkişaf üçün rəqabət lazımdır. Bəlkə də bu onunla əlaqədardır ki, həmin ölkə maksimum inkişaf edib və görsənir buna görədir ki, rəqabət dayanıb. Bizdə isə hələ rəqabət gedir. Hər kəs irəli getməyə can atır.

Araşdırmalar göstərir ki, gənclərin əksəriyyəti xaricdə təhsil almağa və orda yaşamağa üstünlük verir. Sən necə düşünürsən getməkləri yaxşıdır yoxsa yox?

Əlbətdə ki gənclərin xaricdə təhsil alması müsbət haldır. Hətta mən özüm də kömək edirəm ki, Fransada təhsil almaq istəyənlər olsa onlara dəstək olum. Xaricə gedən tələbənin ən azı dünyagörüşü artır, xaricdə olan tələbə başqa bir ictimaiyyət görür, bizim ictimaiyyətlə fərqi başa düşür. Sözsüz ki, ora gedən tələbə orda oxumaq qabliyyətinə malik olur. Başa düşməlidir ki, o orda qalmalı və oxumalıdır. Orda olan tələbə müqayisə apara bilir və orda olan yaxşı cəhətləri gələcəkdə ölkəmizə gətirir. Onlar gələcəkdə bizə lazımlı kadr ola bilər. Mən şəxsən istəyirəm ki, tələbələrimiz buna can atsınlar və xaricdə təhsil alsınlar. Ancaq eyni zamanda ölkəmizə töhvə verməyi də unutmasınlar.

Şəhərimizə qayıtdıqda burda nələrin dəyişməsini istərdin?

Mən bayaq qeyd etdim ki, elə də fərq yoxdur. Yəni bu fərqin olmaması texnoloji baxımdandır. Amma  ölkəmizdə ediləsi işlərin 90%-nin durduğunu deyərdim. Fransaya çatmaq üçün çox işlər görmək lazımdır. İlk öncə qanunlar güclənməlidir. Misal üçün ekologiya ilə bağlı qanunlar güclənməldir. Hər kəs bilməlidir ki, yerə zibil atılmamalıdır. Mən şəhərimizdə görürəm ki, bununla bağlı aksiyalar keçirilir ancaq insanlar yenə də yeri zibilləyir.

Deyirsən ki, cərimələr olmalıdır? Orda bu cür məsələlər necə tənzimlənir?

Bəli orda cərimələr var və hətta orda elə bir mühit var ki, insan yeri təmiz gördükdə çalışır ki, yerə zibil atmasın. Gözəlliyi gördükdə artıq  insan özü özünü məcbur edir ki, yeri zibilləməsin.

Amma burda olduqda yəqin ki, yerə zibil atmısan…

Bəli, əvvəl hamı kimi mən də yerə zibil atırdım. Ancaq indi belə hal baş vermir. Burda da artıq vərdiş elədiyim üçün atmıram.

Burda hər yerdə marketlər var. Ancaq orda hər regionda böyük mağazalar var. Bu həm də rahatlıqdır. İstədiyini seçmək imkanı olur. Həm də qiymətlər hər yerdə eyni səviyyədədir. Keyfiyyətsiz mallara rast gəlmək mümkün deyil. Orda kim istəsə bir qiymət qoya bilmir. Təbiət gözəldir. Hər tərəf yaşıllıqdır və su boldur. Kürdəmirdən tələbə yoldaşımız var, deyir bizdə bu qədər yağış yağsa Kürdəmirdə hər yer gözəllik olar (gülür). O yağış nəticəsində hər tərəf otlaq yaşıllıqdır. Orda oturduqda adamın əsəbləri sakitləşir.

Orda yol hərəkəti qaydalarını deyərdim. Mən gələndə orda imtahan verdim və sürücülük vəsiqəsi aldım. Orda imtahan vermək üçün 40 sualdan maksimum 5 sualda səhf etmək olar. Düzdür imtahanda fransız dilini tam bilməməyim mənə çətinlik yaşatdı. Mən ay yarım orda davamlı olaraq imtahana getdim.

Orda rüşvətlə almaq mümkün deyil?

Yox qətiyyən.

Fransada yol hərəkət qaydalarını pozma halları, polisin buna münasibəti bizimlə müqayisədə necədir?

Bizlə onlar arasında yol hərəkət qaydalarında çox fərq var. Bizdə yol hərəkət qaydalarına əməl edən mən deyərdim ki, yoxdur. İtaliyada da bizdəki kimidir. Ancaq Fransa və Almaniyada yolda maşın sürərkən adam əsəbləşmir. Dayanıb maşınla qarşıdakına yol verdikdə və onun başı ilə təşəkkür etdikdə insan zövq alır. Hətta orda türklər var, deyir ki, qarşıdakı insanın məhz təşəkkürünə görə insan istəyir ki, yol versin. Məhz ona görə dayanıb yol verirlər.

Misal çəkə bilərəm, mən velosipetlə keçərkən aftobus məni görmədi. Baxmayaraq ki, yol sağdan gələnin idi. Saxladı və mən başımla işarə elədim ki, keçsin. Onun mənə təşəkkür etməsi  mənə çox xoş təsir bağışladı.

Burda tıxaclara əsas səbəb maşınların yolda necə gəldi hərəkət etməsidir. Şəhərdə görə bilərsiniz ki, işarələr var ki, durmaq olmaz. Ancaq bütün taksilər yolun ortasındadır. Mən burda maşın sürmədim. Çünki burda sürsəm vərdiş edəcəm və orda qanunları pozacam. Keçən il türk dostum mənimlə bura gəlmişdi. Deyirdi ki, orda maşın sürərik. Ancaq gəlib burda elə gördü ki, hətta yolu keçəndə də əlindən tutub keçirirdim.

Burdan fərqli olaraq orda nələrlə qarşılaşmısan?

Velosibetlə kimisə, ayaqladıqım da olub. Hirslənmişəm ki, mən sürə bilmirəm sənə nə olub, çəkil heç olmasa. Ancaq o durub məndən üzr istəyib. Olur ki axşam kinoteatrdan  çıxırıq  aftobusun axırıncısına çatmırıq. Gecə sakit havada içmiş adamlar və yaxud kənar şəxslər insanı narahat etmir. Düzdür içkili insanlarla da rastlaşırıq. Onlar sadəcə yaxınlaşıb, “cənablar, sizdə qəpik olmaz?” deyib keçirlər. Vermədikdə isə, “oldu cənablar üzr istəyirəm” deyib keçirlər.

Parisdə olub ki, gecə küçədə qalmışam, heç kim yaxınlaşıb bir söz deməyib. Burda bəzən içkili insanlardan adam qorxur ki, nə isə edə bilər. Amma mən orda belə bir halla rastlaşmadım.

Yemək problemini necə həll edirsiniz?

İlk dəfə gedəndə 3 ay apardığımız yeməkləri yedik. Çünki mağazaları tanımırdıq. Burdan çoxlu yemək üçün qida aparmışdıq. Çünki bilmirdik orda nə var, nə yox.  Sonradan uşaqlar tapırdılar mağazaları.

Bəs sizə orda dəstək verən bir təşkilat yox idi?

Bizi orda tələbə təşkilatı – Knus – öhdəliyinə götürmüşdü. Onlar da bizi qəbul edib göndərdilər universitetə.

Orda insanlar arasındakı münasibətlər necədir?

Mən sərbəstlik cəhətdən oranı xoşlayıram. Orda da qonşular arasında münasibət var. Kiməsə nə isə lazım olduqda kömək edirlər. Ancaq çox əlaqə saxlamırlar. Burda çox yaxınlaşma süniləşmə yaradır. Cəmiyyətdə çox görmüşəm ki, “qonşum bunu belə başa düşər” deyə hərəkət edirlər. Hansı ki, başqa yol o insana daha rahatdır. İnsana necə rahatdırsa elə yaşamalıdır. Orda heç kim heç kimin işinə qarışmır. Hər kəs tam sərbəst şəkildə özü olur.

Aparılan sorğular onu göstərir ki, təhsil almaq üçün gənclərin əksəriyyəti ölkəni tərk etmək istəyir. Səncə bu yaxşı haldırmı?

Bildiyimiz kimi, neft sahəsində olan ölkələr adətən birtərəfli inkişaf edir. Bizdə də tələbələri ona görə göndəriblər ki, orda təhsil alaraq burda gəlib tətbiq edək. Xarici Azərbaycana gətirək. Mütləq qayıtmaq lazımdır deyə bir şərt yoxdur. Qalsaq da, Azərbaycan üçün çalışmalıyıq. Ya səfirlikdə ya da diasporamızda. Ordakı birliyimizlə məhz ölkəmizə fayda verək. Bizim dövlətin hazırladğı proqram heç bir ölkədə yoxdur. O elə bir layihədir ki, tələbədən heç nə tələb etmir. Sadəcə olaraq tələb edir ki, təhsil al. Mən sənə bu qədər pul verirəm, sən çalış üzrsüz səbəbə dərsdən kənarda qalma. Mən kompüter sahəsində təhsil alıram və bu bizə gələcəkdə çox lazımdır. Fransada texnologiyanın tətbiqi sahəsi çox inkişaf edib. Texnologiya Amerikada çıxırsa bu Fransanın kəndində belə dərhal tətbiq olunur. Fransada kəndlərdə belə kabelsiz internet vardır. Kabellə sürətli internet də var. Fransızların hər biri çalışır ki, axırıncı texologiya evlərində olsun.

Sumqayıtın gələcəyini necə görürsən? Gələcəkdə hansı sahədə yeniliklər görmək istərdin?

Bu gün sumqayıt demək olar ki, əvvəlki kimya şəhəri kimi qəbul olunmur. Sumqayıt heç də Bakıdan geridə qalmır. Burda yaşamaq çox rahatdır. Həm havanın təmizliyinə görə, genişliyinə, tıxaclara görə çox rahatdır. Sumqayıt çox gözəl turizm şəhəri, ekologiya şəhəri ola bilər. Yəni, məhz keçmişdə olan zəhərli şəhərin əksi kimi.

Ancaq iş baxımından da müəyyən addımlar atmaq lazımdır…

Sözsüz ki, bu gün iş yerlərinin əksəriyyəti Bakıdadır. Mən düşünürəm ki, ya Sumqayıtda olmalıdır ya da Bakıda. Mən onu üstün tutardım ki, Sumqayıt yaşayış şəhəri olsun, Bakı isə iş şəhəri. Sumqayıt o zaman tikildi ki, ağır sənaye Bakıda yox Sumqayıt ərazisində olsun. Yəni şəhərin kənarında olsun. Bakı yaşayış Sumqayıt isə iş üçün olsun. Bu gün mən əksini düşünürəm, yəni Bakıda iş yerləri varsa insanlar orda işləməli və Sumqayıt isə yaşamaq üçün şəhər olmaldır.

Fransada təhsil almaq istəyənlər nə qədər təhsil haqqı ödəməlidir?

Orda bir tələbənin təhsil haqqı 381 avrodur. Digər ölkələrlə müqayisədə çox ucuzdur. Orda təhsil almağın çox sadə yolu var. Fransa universitetlərinə girmək üçün sadəcə olaraq həmin tələbənin dil bilgisi ilə bağlı b2 səviyyəli sertifikatı olmaldır. O sertifikatı burda da almaq olur. İnternet üzərindən də imtahan verib bu sertifikatı əldə etmək olur. Universitetə istənilən vaxt bu sertifikatı göndərib gedib oxumaq olar. Orda imtahan vermirsən, sərbəst istəiyin yerə girə bilrəsən.

Ola bilər ki, qiymətlərin ucuz olması universitetlərin əyalətdə olması ilə bağlıdır?

Yox bu qiymətlər Parisdə də demək olar ki eynidir. Bu məbləğin 178 avrosu tibbi sığortaya ayrılır ki, xəstələndikdə sığortanın 60%-ni ödəməlidir. Qalan məbləğ isə universitet xərclərini ödəyir. Üzgüçülük hovuzundan tutmuş, gitara dərslərinə kimi hər şey pulsuzdur.

Sadəcə olaraq atestat qiymətləri nəzərə alınır. Əgər tibb üzrə təhsil almaq istəyirsinizsə kimya və fizika fənlərindən olan qiymətlərə fikir verillər.

Orta məktəbləri müqayisədə necədir? Orda daha çox bilgi verilir yoxsa bizdə?

Bizdə nəzəriyyə güclüdür, orda isə praktika. Orda bəzi elementləri biz gözümüzlə görəndə sevinirdik ki, bu həmin biz orta məktəbdə keçdiyimiz elementdir. Bizdə isə sovet dövründən qalma nəzəriyyə inkişaf edib. Ancaq biz onlardan təhsildə nəzəriyyə baxımından çox qabaqdayıq. Ordan baxanda ölkəmizdə rəqabət daha çox görsənir. Rəqabət mən deyərdim ki, inkişaf deməkdir.

İşlə təmin olunma necədir? Universiteti bitirdikdən sonra təyinatlar varmı?

Eşitdiyimizə görə çox çətindir. Hər kəs universitet bitirdikdən sonra şəxsi vərəqə (cv) göndərməklə iş axtarışına çıxır. Yəni bizdəki kimi.

Artıq 3 ildir ki, Fransadasan. Gənclərin Fransada təhsil alması üçün hər hansı bir addım atmısınızmı?

Mən ora gedən kimi internet sayt yaratdım. Məqsədim burda olan gənclərin diqqətini Fransaya yönəltmək idi. Daha sonra assosiasiya yaratdıq. Orda ictimai birlik yaratmaq çox sadədir. İndi daha geniş tərkibdə fəaliyyət göstərmək istəyirik. Birliyi yaratmaqda məqsədimiz burdakı gənclərin diqqətini avropaya yönəltməkdir. Yəni gənclərin avropada təhsil almasını reallaşdırmaq. Bu istiqamətdə işlərimiz davam edir. Birliyimizin burda nümayəndəliyini açmaq fikrindəyik. Şəhərimizdəki nümayəndəlik burda maarifləndirmə işləri aparacaq və gənclərə dəstək olacaq ki, xaricdə təhsil almağın yollarını öyrənsinlər. Biz də orda lazım olan dəstəyi onlara verək ki rahat şəkildə təhsil ala bilsinlər. Biz çox çətinliklər çəkmişik. Çünki ilk gedən biz idik. Bundan sonra ora gələn tələbələr elə də çətinlik çəkmirlər. Çünki biz kömək edirik.

Bununla yanaşı, biz həm də ordakı gənclərə Azərbaycan Universitetlərini tanıdırıq. BU məqsədlə sərgilərdə iştirak edirik. Təqdimatlar edirik. Əgər universitetlər bizə materiallar versə biz bunu daha geniş şəkildə təqdim edə bilərik. Gələcəkdə bu istiqamətdə də layihələrimiz var.

Fransada ermənilər sizin fəaliyyətinizə mane olmurlar ki?

Bildiyiniz kimi Fransada ermənilər daha çoxdur. Getdikcə rəqabət daha da çoxalır. Düzü üzdə elə də kin görsənmir. Qarşılaşanda salamlaşırıq…Bilirsiniz orda türklər daha çox dönərxana açmaqla məşğuldur, onlar isə dövlət işlərinə daha çox fikir veriblər və indi də verirlər. Universitetlərdə də türklər çox azdır. Orda rəqabət gizlin gedir. Üzdə biz bunu hiss etmirik.

Mehriban xanım Əliyevanın dəstəyi ilə orda, INALCO-da (Şərq dilləri və sivilizasiyası üzrə milli inistitut) Azərbaycan dili şöbəsi açıldı. Parisdən və Azərbaycandan müəllimlər gəldi. Ordakı ermənilər əvvəlcə dərs saatlarını azaltmağa çalışdılar, sonra isə ləğv etməyə. Ancaq alınmadı. Sonradan Mehriban xanımın sayəsində dərs saatlarını çoxaltdılar. İndi də əl atırlar ki, özləri orda dərs desinlər. Tezliklə kurslara gedib Azərbaycan dilini öyrənirdilər ki, dərs keçsinlər. Bu da alınmadı. İndi çalışırlar ki, ermənipərəst fransızlar orda dərs keçsinlər. Onlar Azərbaycan haqqında pis aura yaratmaqla məşğuldurlar.

Azərbaycan həqiqətlərini Fransa ictimaiyyətinə çatdırmaq üçün hər hansı bir aksiyalar keçirirsinizmi? Biz çalışırıq ki, hər il Fransada təşkil olunan aksiyalarda iştirak edək. Xocalı soyqırımı ilə bağlı aksiyalar təşkil olunur. Sərfirlik bu sahədə bizə dəstək olur. Biz tələbələr də bu aksiyalarda öndə oluruq. Bundan sonra da bu istiqamətdə müəyyən planlarımız var. Elə birliyi yaratmaqda məqsədimiz də ondan ibarətdir ki, birgə bu işləri həyata keçirə bilək. Söhbətləşdi: Eyvaz Qocayev

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Sahin
    Sentyabr 9, 2010 - 13:10

    Halaldir
    Cox sag olun,xarici olkeler haqqda fikirlerim bir azda artdi
    Aqayev olara mende calisiram
    bu il mende ali mektebe imtahan verecem,fikrim 600bali kecib xarici dovletde vetenimizi temsil etmekdi

    HER KESE ugurlAARRRRRRRRRRRRRR

  • Rovshen
    Sentyabr 10, 2010 - 14:53

    halaldi Elmara senle fezr edirik… cox shad oldumki seni burda tanidim

  • Rovshen
    Sentyabr 10, 2010 - 14:54

    halaldi Elmara senle fexr edirik… cox shad oldumki senin kimi gencle burda tanish oldum

  • Gunel Mehi
    Oktyabr 25, 2010 - 14:21

    Elmarla bir mektebde oxumusuq.Onun xaricde tehsil almasi ozu ele bir ugurdu.Azerbaycan ucun elediyi islerde de ugurlar.Her xaricde tehsil alan vetendasimiz nese etmeye calissa bu cox elverisli olaq.Calisaq vetenimizi duzgun temsil edek.

  • Leman
    Mart 4, 2011 - 13:16

    Salam.Elmar kimi gencler chox olmalidi olkemizde.Men de isteyirem Fransada tehsil almaq amma chox chetinliklerle uzleshirem.Institut bali nezere alinir?alinirsa neche balla getmek olar?orda hem oxumaq hem ishlemek olurmu?xaish edirem bu suallara etrafli cavab veresiniz…

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər