Sumqayıtlı gənclər vətənpərvər ruhda böyüyürlər

971

Gəncliyi əbəs yerə ömrün illərinin əvəzolunmaz anları adlandırmırlar. Qəlbində alov püskürən duyğular, sabaha doğru can atan arzular, xariqələr yaradan əməllər və daha deyə bilmədiyimiz neçə hisslər məhz gəncliyə xas olan yaşam tərzidir. Amma unutmayaq ki, yaşadığımız dövr gəncliyə diqqət və qayğının artırılmasını tələb edir. Bu gün gənclik hansı duyğularla yaşayır, həyatda kimə oxşamağa çalışır, müasir dünyanın qloballaşan prizması gənclikdən nələri tələb edir? Əməkdaşımız bu və ya digər suallarla Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənova müraciət etmişdir. M.Həsənov demişdir:

– Milli-mənəvi dəyərlərin qorunması, vətənpərvərlik hisslərinin aşılanması, sərbəst və düzgün həyat tərzi formalarının gənclik tərəfindən necə qarşılanması, məncə, dövrün ən vacib məsələlərindəndir. Çılğın gənclik illəri gələcək insan ömrünün təməlidir. Onun düzgün qurulması mükəmməl həyat tərzinin əsasını yaradır və belə gənclik gələcək dövrün aparıcı qüvvəsinə çevrilir. Müharibə şəraitində yaşadığımız indiki dövrdə bu, daha xüsusi xarakter alır və bizdən xüsusi münasibət tələb edir.

Mənfur qonşularımızın ölkəmizə qarşı ötən əsrin sonlarından başlayaraq apardığı qanlı müharibədə ölkəmizin ərazi bütövlüyünün qorunması, işğal edilmiş doğma torpaqlarımızın düşmənlərdən təmizlənməsi uğrunda gedən qanlı döyüşlərdə şəhidlik zirvəsinə ucalaraq qanları ilə adlarını tarixin yaddaşına qızıl hərflərlə həkk etmiş həmvətənlərimizin sırasında sumqayıtlı gənclərin də adları vardır. Bu gün biz haqlı olaraq Azərbaycan Respublikasının milli qəhrəmanları Mətləb Quliyev, Cəlil Səfərov, “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüş Vəzir Əliyev, Akif Hüseynov, Surxay Məhərrəmov, Pərviz Şükurov və digər fədakar həmyerlilərimizlə fəxr edirik.

Sumqayıtda dövlət gənclər siyasətini həyata keçirən Gənclər və İdman Baş İdarəsi fəaliyyətə başladığı ilk günlərdən gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi işini ön plana çəkmişdir. Bu sahədə şəhərdə fəaliyyət göstərən aidiyyəti dövlət qurumları ilə birgə ənənəvi olaraq hər il mərhələlərlə keçirilən “Şahin”, “Cəsurlar” hərbi-idman və turizm oyunları və “Vətənin müdafiəsinə hazıram!” paliatlon çoxnövçülüyü məktəbli yeniyetmələr və gənclər tərəfindən böyük rəğbətlə qarşılanır.

Yola saldığımız ildə də “Şahin” və “Cəsurlar” hərbi-idman oyunlarının şəhər və zona birinciliklərində Azərbaycanın Milli Qəhrəmanı M.Quliyev adına 3 nömrəli orta məktəbin komandalarının birinci yerə, “Vətənin müdafiəsinə hazıram!” paliatlon çoxnövçülüyünün yaz və payız çağırışlarına həsr edilmiş yarışlarda isə şəhəri təmsil edən yığma komandaların ikinci yerə layiq görülməsi bu istiqamətdə aparılan məqsədyönlü işin məntiqi nəticəsidir. Bu uğurlar görülmüş işlərin düzgün istiqamətdə olduğuna ən bariz sübutdur.

Yuxarıda bəhs olunan prinsipial istiqamət üzrə cari ildə həyata keçirilmiş tədbirlər sırasında bir neçəsini xüsusilə qeyd etmək yerinə düşər. Baş idarənin təşəbbüsü ilə ölkədə ilk dəfə olaraq Sumqayıtda fəaliyyət göstərən gənclər təşkilatlarının və qurumlarının sıralarında birləşmiş 6140 nəfər gəncin iştirakı ilə ermənilərin torpaqlarımızın işğalı, əhalinin başına gətirilən müsibətlərlə əlaqədar beynəlxalq ictimaiyyət ücün “e-mail hücumu” aksiyaları təşkil edilmişdir. Gənclər yanvar hadisələri və Xocalı soyqırımı ilə bağlı beynəlxalq ictimaiyyətə ünvanlanmış müraciəti və həmin hadisələri əks etdirən videorolikləri ABŞ, Avstraliya, Avropa və digər ölkələrin hökumət nümayəndələrinə, parlament üzvlərinə, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinə, habelə gənclərin özlərinin ünsiyyətdə olduğu sadə xarici vətəndaşlara elektron poçt vasitəsilə göndərmişlər. Xocalı soyqırımı ilə əlaqədar aksiya Heydər Əliyev Fondunun Rusiya təmsilçisi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” adlı beynəlxalq kampaniya çərçivəsində keçirilmişdir.

Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində həyata kecirilmiş tədbirlər sırasında ermənilərin xalqımızın başına gətirdikləri faciələr haqqında həqiqətlərin dünya gənclərinə və beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə Azərbaycan, rus və ingilis dillərində “Erməni təxribatı (Sumqayıt, fevral, 1988-ci il). Faktlar və mülahizələr”, ingilis, alman, rus və fransız dillərində “Erməni təxribatı – Sumqayıt hadisələri” adlı kitablarının nəşr olunub xarici ölkələrin nümayəndələrinə təqdim edilməsini xüsusilə qeyd etmək olar. Kitablar müxtəlif dövlət qurumlarının köməyi ilə nümayəndə heyətlərimizin xarici ölkələrə səfərləri zamanı ayrı-ayrı ölkələrin gənclərinə çatdırılmış, şəhərimizə gələn əcnəbi qonaqlara təqdim edilmişdir.

2003-cü ildən başlayaraq şəhər icra başçısının rəhbərliyi ilə hər il orta ümumtəhsil məktəblərində şagirdlər üçün yay istirahət düşərgələri təşkil olunur. Şəhər təhsil şöbəsi ilə birgə artıq bir neçə ildir ki, minlərlə şagirdin Quba rayonuna ekskursiyası təşkil edilir. Məktəblilər, gənclər və idmançıların ekskursiya proqramı çərçivəsində Quba rayonunda yerləşən, 1918-ci ilin mart ayında ermənilər tərəfindən soyqırıma məruz qalmış soydaşlarımızın kütləvi məzarlığının ziyarəti təşkil edilmişdir. Tarixi faciə barədə bələdçi tərəfindən verilmiş müfəssəl məlumat şagirdlərdə dərin təəssürat oyatmışdır. Təqdirəlayiq haldır ki, istər yay istirahət düşərgələrinin, istərsə də ekskursiyaların təşkil edilməsi respublikada analoqu olmayan təşəbbüslərdir.

Bu gün gənclərimizin tərbiyəsində qəhrəmanlarımızın keçdiyi yolu öyrənmək, onlardan dərs götürmək əsas tərbiyə metodudur desək, səhv etmərik. Şəhər təhsil şöbəsi “Azərikimya” İstehsalat Birliyi ilə birgə uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş üç nominasiya (rəsm, bədii qiraət və inşa yazısı) üzrə “Mübarizin son məktubu” mövzusunda müsabiqə, mənfur erməni təcavüzkarları tərəfindən xalqımızın başına gətirilən qanlı faciələrin ildönümlərilə əlaqədar silsilə tədbirlər keçirmişdir. Gənclərimiz vaxtaşırı hərbi hissələrdə olur, əsgərlərimizlə çiyin-çiyinə təlimlərdə yaxından iştirak edirlər.

Sumqayıt gənclər şəhəridir. Bu şəhərin gəncləri respublika əhəmiyyətli bütün hadisələrdə öndə olmuşlar. Həmin ənənə bu gün də davam etdirilir. Ümummilli lider Heydər Əliyev Sumqayıtı “kiçik Azərbaycan” adlandırırdı. Bu gün hər sumqayıtlı gənc həm bir qurub-yaratmağa, həm də torpaqlarımızın azadlığı uğrunda döyüşə hazırdır.

“Azərbaycan”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər