Bu gün “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib.
Banka istinadən xəbər verilir ki, iclasa sədrlik edən maliyyə naziri Samir Şərifov bildirib ki, ABB-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” ölkə prezidentinin 15 iyul 2015-ci il tarixli fərmanına uyğun olaraq bankın sağlamlaşdırılması və restrukturizasiyası proqramı praktik olaraq başa çatıb.
Nazirin sözlərinə görə, bildirmişdir ki, bankın 2017-ci il üzrə maliyyə nəticələri müsbətdir: “Şübhəsiz ki, bu müsbət nəticələrə dövlətin zəruri dəstəyi olmadan nail olmaq mümkün deyildi. ABB-nin uzunmüddətli maliyyə mövqeyinin bərpası və dayanıqlılığının təmin edilməsi, ölkə iqtisadiyyatını dəstəkləyən sağlam və güclü maliyyə institutuna çevrilməsi istiqamətində bir çox tədbirlər həyata keçirilmiş, bankın xarici kreditorlar qarşısında olan xarici valyutadakı borcunu dövlət öz üzərinə götürmüş, bankın əmanətçilərinin, bankda xidmət olunan hüquqi şəxslərin və digər qeyri-rezidentlərin maraqlarını dövlət qorumuşdur. Bunun nəticəsidir ki, bankın kredit reytinqləri yüksəlməyə başlamışdır”.
Yeni fəaliyyət mərhələsinə qədəm qoymuş bankın idarə edilməsində bəzi dəyişikliklərlə bağlı iclasda bir sıra qərarlar qəbul olunub, Müşahidə Şurasının tərkibi yenidən formalaşdırılıb. Belə ki, maliyyə nazirinin müavini Emin Hüseynov Bankın Müşahidə Şurasının yeni üzvü təyin olunub.
MŞ-nın yeni üzvü Emin Hüseynov 1974-cü ildə anadan olub, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bitirib, 1998-ci ildə ABŞ-ın Florida Ştatı Universitetində İqtisad üzrə, 2009-cu ildə isə ABŞ-ın Harvard Kennedi Məktəbində Dövlət idarəçiliyi üzrə magistr dərəcəsi alıb, İqtisad üzrə fəlsəfə doktorudur. O, 1998-ci ildən etibarən Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı Daimi Nümayəndəliyində, AMb-də, ADA Universitetində müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2016-cı ilin iyunundan maliyyə nazirinin müavindir.
Qeyd edək ki, Emin Hüseynov “Sintezkauçuk” İstehsalat Birliyinə uzun illər rəhbərlik etmiş Zamin Hüseynovun oğludur.