Qadının yaşını, kişinin maaşını…
Kim nə qədər qazanır?
Siyasətçilər nə qədər qazanır?
Bu günlərdə Türkiyənin nüfuzlu “Milliyet” qəzeti dünya və türk siyasətçilərin əməkhaqları barədə yazı dərc edib. Qəzet dünyanın ən çox maaş alan dövlət və hökümət rəsmilərinin onluğunu da hazırlayıb. Beləliklə, məlum olub ki, dünyanın ən çox qazanan lideri Sinqapurun baş naziri Lee Hsien Lonqdur. Onun illik əmək haqqısı nə az, nə çox – 2,47 milyon dollara bərabərdir. Lonqun ən yaxın izləyicisi isə 516 min dollarla Honkonqun baş naziri Donald Tsanqdır. ABŞ prezidenti Barak Obama isə yalnız üçüncüdür. Onun illik gəliri 400 min dollardır.
Avropanın “lakomativləri” – Fransa, Almaniya, Britaniya, eləcə də İrlandiya liderləri də yüksək əməkhaqqı alanlar arasındadır. Kanada və Yaponiya liderləri də ilk onluqdadır.
Türkiyəyə gəldikdə isə ölkə prezidenti Abdullah Gül ayda 18434 YTL, yəni 11521 dollar maaşı ilə dolanır. Baş nazir Rəcəb Tayyib Ərdoğan isə ondan az qala 2 dəfə az – 6118 dollar əməkhaqqı alır. Türkiyə Böyük Millət Məclisinin başqanı Mehmet Əli Şahin isə 5655 dollar maaş alır.
Azərbaycanda…
Bəs bizdə vəziyyət necədir? Bizim siyasətçilər nə qədər qazanırlar?
Gözləndiyi kimi, sosial-iqtisadi inkişafına görə artıq MDB-nin lider dövləti olan Azərbaycan dövlət başçısı post sovet ölkələrinin rəhbərləri arasında ən yüksək əməkhaqqına malik olanıdır. Prezident İlham Əliyevin maaşı 19000 dollara bərabərdir. Yeri gəlmişkən, xatırladaq ki, Azərbaycan Prezidenti hələ 2003-cü ildə – dövlət başçısı seçilərkən öz maaşının bir hissəsindən imtina edib.
Aylıq əməkhaqqına görə Milli Məclisin sədri ikinci yerdədir. Onun maaşı 1950 manata bərabərdir. Ölkə konstitusiyasına əsasən dövlətin ikinci adamı baş nazir hesab olunsa da o, aldığı əməkhaqqına görə 1925 manatla üçüncü yerdədir.
Milli Məclis sədrinin birinci müavini spikerin aylıq vəzifə maaşının 90 faizi (1755 manat), Milli Məclis sədrini müavini 85 (1650 manat ), Milli Məclisin komitə sədri 80 faizi (1560 manat), millət vəkilləri isə 70 faizi miqdarında əməkhaqqı alır. Deputatların aylıq maaşına gəldikdə isə bu, 1365 manatdır.
Baş nazirin birinci müavinin əməkhaqı 1700 manatdır. Digər müavinlər isə 1625 manat maaş alır. Nazirlərin, komitə sədrlərinin və Dövlət Sosial Müdafiə Fondu sədrinin maaşı isə 1500 manatdır. Dövlət Neft Fondunun icraçı direktoru da nazirlərdən az qazanmır.
Bəs icra başçıları?
İcra başçılarına gəldikdə isə onların aylıq maaşı nazirlərdən və deputatlardan bir qədər azdır. 1250 manat əməkhaqı alan icra başçıları hər halda, bu mənada nazir müavinlərini qabaqlayırlar.
Sumqayıtda isə…Və ən nəhayət, bizim üçün yəqin ki, ən maraqlısı: sumqayıtlı məmurların aylıq maaşı nə qədərdir? “168 saat” bununla bağlı sorğu-araşdırma aparıb.
Yuxarıda artıq qeyd etdiyimiz kimi, icra başçılarının aylıq gəliri 1250 manatdır bu, bütün icra başçılarına aiddir, eləcə də Sumqayıtda.
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov 500 manat əmək haqqı alır.
Sumqayıt şəhər təhsil Şöbəsinin müdiri Vidadi Bağırov isə əməkhaqqı cədvəlində 345 manata imza atır.
Şəhər Səhiyyə Şöbəsinin müdiri Rauf Sadıxovun əməkhaqqısı 444 manata bərabərdir.
Sumqayıt şəhər Statiska İdarəsinin rəisi Mehriban Piriyeva isə ayda 435 manat qazanır.
Mənzil Kommunal Təsərrüfatı İstehsal İstismar Birliyinin rəisi Təvəkkül Məmmədovun aylıq gəliri 450 manata bərabərdir.
Sumqayıt Şəhər Telekommunikasiya Qovşağının rəisi Akif Əsgərovun aylıq əməkhaqqısı ümumilikdə 700 manat edir.
Şəhər Mədəniyyət İdarəsinin rəisi Namiq Qaffarov isə 508 manat əməkhaqqı alır.
Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov rektorluq vəzifəsinə görə 634 manat qazandığı halda, professor kimi cəmi 247 manat əməkhaqqı alır. Dərhal qeyd edək ki, universitet prorektorlarının aylıq maaşı 450-500 manat arasında dəyişir.
Məktəb direktorlarına gəldikdə isə onların vəzifə maaşları rəhbərlik etdiyi məktəbdəki siniflərin sayına görə təyin olunur və Sumqayıtda bu rəqəm 150-165 manat civarındadır.
Kitabxana direktorlarının maaşları isə 133 manatdır.
Vüsal
P.S. Doğrudur, qadının yaşını, kişinin isə maaşını soruşmazlar. Amma əməkhaqqlarını soruşduqlarımız axı BIZIM BÜDCƏmizdən maaş alırlar…
168 saat