Dünən Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə İctimai Palatanın aprelin 17-də keçirdiyi aksiyada saxlanılaraq 7 sutka həbs cəzası alan Müsavat Partiyası Sumqayıt təşkilatının sədri Fəxrəddin Abbasın apelyasiya şikayətinə baxılıb. F.Abbasın vəkili Əsabəli Mustafayev bu işdə qanun pozuntusuna yol verildiyini dedi: “Fəxrəddin bəy tutulan andan prosessual pozuntuya yol verilib. Onu tutan şəxslər özlərini təqdim etməyiblər. Polis idarəsində isə Fəxrəddin bəyə yaxınları ilə əlaqə saxlamağa şərait yaradılmayıb. Orada 20 saat ac-susuz qalmaqla yanaşı işgəncələrə məruz qalıb”.
Vəkil F.Abbasın saxlanılan zamanı çəkilmiş şəkillərini məhkəməyə təqdim edərək həmin vaxt onun üzərində xəsarət olmadığını dedi: “Polis idarəsində Fəxrəddin bəyi döydükdən sonra onun alnında və bədənində xəsarətlər yaranıb. Təcridxanaya çağırılan təcili yardımın həkimləri də Fəxrəddin bəyin üzərində xəsarət olmasını protokollaşdırıblar. Hüquq müdafiəçisi Elçin Behbudov da təcridxanada onunla görüşüb, şəkillərini çəkib”.
Vəkil hakimdən F.Abbasın azad edilməsini, ona verilən işgəncələrin araşdırılmasını xahiş etdi.
F.Abbas mitinqdə iştirak etmək üçün aprelin 17-də saat 14-də Bakıya gəldiyini və “Nizami” kinoteatrının yaxınlığında polislər tərəfindən saxlandığını dedi. O, Nəsimi RPİ-də rəis müavini Süleyman Nemətovun ona verdiyi işgəncələrdən də söz açdı: “Süleyman adlı bir manyak var. O, adamları əzmək istəyir. Bir polkovnik saxlanılanları otağına çağırırdı. Mən ora gedən kimi əmir etdi ki, məni başqa yerə aparsınlar. Məni 1-ci mərtəbədə bir otağa apardılar. Süleyman Nemətov ora gəldi və məni döyməyə başladı. Faşist kimi böyrəklərimin üstünə vururdu. O, müharibə zamanı düşmən gülləsi ilə yaralandığım yerdən, boynumun arxasından vurdu. Bu zaman alnım divara dəydi. Sonra saxlanılanların yanına gələndə Pənah Hüseyn alnıma nə olduğunu soruşdu. Onda bildim ki, alnımdan qan axır. Bunlar məni mübarizədən döndərə bilməz. Mən axıra kimi gedəcəm”. Qeyd edək ki, F.Abbaslı 1992-ci ildə Ağdərə döyüşlərində boynundan yaralanıb.
Polis idarəsində saxlanılarkən onlara su verilmədiyini, saxlandıqları yerdə havasızlıq olduğunu deyən F.Abbas ailəsinin təhlükəsizliyindən narahat olduğunu və beynəlxalq təşkilatların bu məsələni diqqətdə saxlamalarını xahiş etdi.
5 dəqiqəlik müşavirədən qayıdan hakim Nəsimi məhkəməsinin qərarını dəyişmədiyini və bu işdə işgəncə faktını araşdıra bilməyəcəyini dedi.
Vəkil dedi ki, F.Abbasın üzləşdiyi işgəncənin araşdırılıb günahkarların cəzalandırılması üçün prokurorluğa müraciət edəcəklər və onun qanunsuz həbsdə saxlanmasından isə Avropa Məhkəməsinə şikayət veriləcəyini bildirdi. F.Abbasın yaxınları isə onlara təzyiqlərin başlandığını dedilər.
S.KAZIMLI, “yeni müsavat” qəzeti