Sumqayıtlı qapıçı: ” Biz bunların arxasında gizlənməməliyik.”

620
Sumqayıt futbol məktəbinin nümayəndəsi olan və hazırda  “Qarabağ”ın formasını geyən  Fərhad Vəliyev  Sportal.az saytına müsahibəsində həm “Neftçi” ilə qarşılaşmadan sonra yaşanan qalmaqallara münasibət bildirib, həm də digər maraqlı məqamlara aydınlıq gətirib.
– Əvvəlcə “Qarabağ” – “İnter” oyunu barədə fikirlərini öyrənmək istərdim.
– Əlbəttə, “Neftçi” üzərində qələbədən sonra bizi çətin “İnter” oyunu gözləyirdi. Bu oyunun da əhəmiyyəti bizə məlum idi. Bu oyunda qələbə bizim üçün çox böyük rol oynayırdı. “Neftçi”yə daha da yaxınlaşırıq, həm də ikinci yerdə olan “İnter”i üstələdik. Şükür ki, dünənki qələbədən sonra da bu istəyimizə nail olduq. Oyun çətin mübarizə şəraitində keçdi. 2:0 hesabı ilə önə keçməyimizə baxmayaraq rəqib hardasa 10-15 dəqiqə təzyiq göstərdi və 5 dəqiqə ərzində qapımıza iki top vurdu. Şükür ki, biz də buraxdığımız qoldan sonra öz oyunumuzu tapdıq və Oparonun gözəl qolu sayəsində qələbəni əldə etdik.
– Səncə, bu oyun çempionluq yolunda “Qarabağ” üçün nə qədər vacibdi?
– Mən düşünürəm ki, bu oyun çempionluq yolunda böyük addım idi. Mən belə vurğulayardım. Çox böyük addım idi. Çünki çempionluq uğrunda həm “Neftçi”, həm də “İnter” rəqibimzdi. “İnter”i də məğlub etmək istəyirdik. Allaha şükür ki, bu, bizdə alındı.
– 54 və 57-ci dəqiqələrdə dalbadal iki qolun buraxılmasına səbəb nə idi?
– Doğrudan da 2:0 hesabı ilə önə keçəndə ola bilər ki, düşündük ki, oyunu qələbə ilə başa vuracağıq. Ola bilər arxayınlaşdıq. Amma çempionatımız göstərir ki, bir dəqiqə, hətta bir saniyə belə arxayınlaşmaq olmaz. Hakimin son fitinə kimi mübarizə aparmaq lazımdı. Bu oyun da bunu göstərdi. Yaxşı ki, bu, tezliklə başımıza gəldi. Çünki gələn oyunlarda bizə dərs olacaq. 1:0, 2:0, hətta 3:0 da önə keçsən, sona qədər mübarizə aparmaq lazımdı.
– Tahir Gözəl müsahibəsində deyib ki, buraxılan hər iki qolda qapıçımızın səhvi var idi. Bu barədə nə deyərdin?
– İnanmıram ki, Tahir Gözəl belə söz desin. Qollara da baxanda heç bir qapıçı səhvindən söhbət gedə bilməz. Ola bilər ki, Tahir Gözələ kimsə yanlış məlumat verib. Məncə, o, qollara baxsa, fikrini dəyişər.
– Qarşıda “Neftçi” ilə kubok oyunu var. Son oyunda da “Neftçi” ilə aranızda qalmaqal yaşandı. 
– Qalmaqal deyəndə ki, “Neftçi” tərəfi hakimi günahkar çıxardı. Bütün futbol ictimaiyyəti hakimin idarəçiliyində heç bir problem olmadığını bildirdi. Hakim hər bir epizodda verdiyi qərarda haqlı idi. İstər penaltidə, istərsə də qırmızı vərəqədə. İnşalah, düşünürəm ki, gələn oyunda bizi normal, qəşəng görüş gözləyir.
– Dalbadal belə çətin oyunlar “Qarabağ”ı yora bilərmi? Düzdü, son iki görüşdə gözəl oyun nümayiş etdirirsiz. 
– Ola bilsin ki, hardasa yorğunluq olsun. Biz bunların arxasında gizlənməməliyik. Belə oyunlara alışmalıyıq. Çünki bütün Avropa ölkələrində belə çempionatlar gedir. Gələn mövsümdən də oyun sayı artır. Bu oyunlara daha da köklənməliyik və hazır olmalıyıq. Hər bir futbolçu hər oyundan sonra özünə yaxşı fikir versə, dincəlsə, 3-4 gündən bir çıxıb oyunlarda yaxşı mübarizə apara bilər.
Raifə İBRAHİMOVA

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər