Sumqayıtlı rəssam-keramistin sənət dünyası

645

Keramika həm rəngkarlıq, həm heykəltəraşlıq, həm də qrafikanın bir yerdə sintezidir. Heç bir sənətdə bu sintezi etmək mümkün deyil. Keramika özü tarix yazır. İnsan sivilizasiyasının tarixi ən çox keramika ilə ölçülür. Qazıntılar zamanı ən çox tapılan da keramika məhsullarıdır. Mən də keramikanı seçdim. Bu seçimimdə mərhum rəssam, Azərbaycanda yeganə monumental keramist Zahid Hüseynovun sinfini bitirməyim mühüm rol oynadı.

Bu sözləri AZƏRTAC-ın müxbirinə müsahibəsində sumqayıtlı rəssam-keramist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəsibə Şükürova deyib.

Sənəti sirlərində söhbət açan N.Şükürova bildirib ki, keramika – rəngli gildən hazırlanan və xüsusi sobalarda bişirilən məmulatlardır. Çini və saxsı məmulat isə zərif ağ gildən hazırlanır.

Əslən İsmayıllı rayonundan olan sənətkar üzərində Qobustan qayalarının təsvir olunduğu əsəri göstərərək bildirir ki, o, bu kompozisiyada qayaların öz sirrini insanlarla bölüşdüyünü əks etdirməyə çalışıb. Digər əsəri, “Qırmızı qaranlıqlar arasında yaşıl işıq” barədə danışan Nəsibə Şükürova onun leytmotivi barədə deyir: “Bu, şeytan caynaqlarıdır və o caynaqlar gələn işığın qarşısını almağa çalışır. Kompozisiyanın fəlsəfəsi həmin caynaqların nə qədər güclü olsa da, o işığın qarşısını almaqda acizliyini göstərir”.

Yaradıcılığında əsasən sönmüş vulkan torpağının bişmiş gilindən hazırlanan şamotdan istifadə etdiyini deyən Nəsibə Şükürova “Qobustan”, “İkinci həyat”, “Xurcun”, “Xalça vaza”, “Bədii vaza” və digər əsərlərinin məhz həmin materialla başa gəldiyini bildirir.

Onun yaradıcılığında aparıcı mövzulardan birini də Azərbaycanın taleyi ilə bağlı hadisələrə həsr etdiyi əsərlər təşkil edir. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Vətən müharibəsində qazandığımız tarixi qələbə və digər mühüm hadisələr rəssam- keramistin bir çox əsərlərinin əsas mövzu mənbəyidir.

Bir çox sərgilərinin iştirakçısı olduğunu deyən Nəsibə xanım yaratdığı əsərlərlə ölkəmizi təbliğ etməkdən qürur duyduğunu bildirir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər