Açıq məkanda reklam yayımlayan sahibkarlar onları tez bir zamanda qeydiyyatdan keçirməlidirlər.
Əks təqdirdə həmin sahibkarlara qarşı qanunvericilik çərçıvəsində müvafiq addımlar atılacaq. Tələblərə əməl etməyən reklam yayıcılarını 10 min manatadək cərimə gözləyir. Artıq bəzi ərazilərdə icazəsiz reklamların söküntüsünə başlanılıb.
Bu barədə Azərbaycan Dövlət Reklam Agentliyindən məlumat verilib.
Ərazidə monitorinq aparan Dövlət Reklam Agetliyinin Bakı şəhər Reklam İdarəsinin Estetik nəzarət şöbəsinin müfəttişlərindən biri – Orxan Oruczadə deyib ki, işimizin əsas təməli reklam yayıcıları ilə nəzakətlə ünsiyyət qurub, onları maarifləndirməkdir. Agentlikdə çalışdığı vaxt ərzində işinə böyük məsuliyyətlə yanaşdığını bildirən müfəttiş vəzifəsinin böyük səbr və təmkin tələb etdiyini vurğulayır. Onun sözlərinə görə, öhdəlikləri rahatlıqla icra etmək üçün texniki təchizatla təminat müfəttişlərin işini xeyli asanlaşdırıb. Belə ki, əvvəllər reklam lövhələrinin səthi ənənəvi üsulla ölçülürdüsə, indi məsafədən ölçmə cihazı onların işini rahatlaşdırmaqla yanaşı, vaxta qənaət baxımından da mühüm əhəmiyyət kəsb edir.