Sumqayıtlı sözlərim, hisslərim, xatirələrim…

1609

İctimai TV-nin məşhur aparıcısı Azər Süleymanlı Sumqayıtla bağlı xatirələrini bölüşüb.

sumqayitxeber.com Azər Süleymanlının şəhərimizlə bağlı fikirlərini təqdim edir:

O qədər çoxdur ki, Sumqayıtlı sözlərim, hisslərim, xatirələrim…
Mən kəntdə doğulub böyümüşəm. Uşaqlığım sovetlərin sonu, müstəqilliyin ilk illərinə təsadüf edib. Sadə uşaqlıq keçirmişəm. İndiki əyləncələr, şəraitlər, məşğuliyyətlər yox idi onda. O illərin ən böyük sevinci valideynlərimin bizi Sumqayıta gətirməsi idi. Bu bir insanın yaşaya biləcəyi ən nadidə hiss idi, elə bilirəm. Kaş bu şəhərə gəlişə necə hazırlaşdığımı, günləri necə saydığımı, sevincdən nələr yaşadığımı yaza-anlada biləydim. Yox ki, elə bir ifadə vasitəsi, təsvir tərzi…

H.Z.Tağıyev qəsəbəsinə çatdıqca, zavodların zərərli havası burnuma toxunduqca, ciyərlərim, ürəyim açılırdı eləcə… O “qoxunu” belə ciyərlərimin bir yerində saxlamışam bu gün də. Az-az ‘dadıram’ lap darıxdıqca tükənəcəyindən qorxaraq… Onda elə bilirdim ki, dünyanın ən gözəl havası bu şəhərdədir. Onda elə bilirdim ki, bura dünyanın ən gözəl yeridir…

Cümlələrim, Sumqayıtla bağlı “həqiqətlərim” keçmiş zamanda yazılsa da, bu şəhərin mənə “yaşatdıqları”, ruhuma “qatdıqları” heç keçmədi, heç zəifləmədi. Sumqayıtın məndəki cazibəsi, gözəlliyi heç bitmədi… Və içimdə çox tez-tez dəli kimi hər küçəsini, hər tinini gəzmək, görmək, öpmək ehtiyacı yaranır buraların…

Bir neçə gün öncə isə, Sumqayıtın 70 illiyi ilə əlaqədar bu şəhərdən canlı yayımlandı verilişimiz. Həyat nə qəribədir… Nə bilərdim ki, bir gün bu şəhərin yubileyi münasibəti ilə hazırlanacaq verilişin aparıcısı olmaq, onun haqqında belə böyük bir tribunadan danışmaq mənə nəsib olacaq…

Efiri məşhur “Sülh Göyərçini” abidəsinin qarşısından yayımlayırdıq. Mən ilk dəfə “Göyərçin”i görəndə elə bilirdim ki, dünyada ondan böyük heç nə yoxdur. Sonra mən böyüdüm, o “balacalaşdı”. Amma Sumqayıt məndə heç “balacalaşmadı”…

Bu şəkli də uşaqlığımın ən böyük yadigarının qarşısında çəkdirdim illər sonra. Əlimi də bərk-bərk yaslamışam dünənimə – özümə söykəmiş kimi. İllər öncə də şəklim vardı burada. Onda mən göyərçinin qanadlarında, ucalığında güclə görünürdüm. İndi mən də böyümüşəm, yaşa dolmuşam, amma xatirələrimdə boğulmuşam, hisslərimdə batmışam… Baxmayın belə güldüyümə, içimdə halbahal olmuşam…

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər