Sumqayıtlı tanınmış həkimin kitabı işıq üzü görüb – FOTOLAR

1697

Sumqayıtlı tanınmış göz həkimi, Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyinin sədri Dr. Emin Əlihüseynlinin kitabı işıq üzü görüb.

Emin Əlihüseynli sumqayitxeber.com-a açıqlamasında bildirib ki, son 10 ilə yaxın bir dövrdə sevdiyim praktik oftalmologiya ilə yanaşı hobbim olan tarixi roman üzərində də çalışırdım: “Azərbaycan tarixində bəlkə də erkən Səfəvilər dövrü qədər sirli və maraqlı hadisələrlə zəngin ikinci bir dövr olmayıb desəm, yəqin ki, yanılmaram. Fərman Kərimzadənin “Xudafərin körpüsü”, “Çaldıran döyüşü” əsərləri ilə bu dövrə daha da aşiq olmuş bir nəslin nümayəndəsi olaraq, şanlı tariximizin bu dövrü hər zaman maqnit kimi məni özünə cəlb edirdi. Məktəb illərində istər I Şah İsmayıl, istərsə də I Şah Təhmasib haqqında yazılan məqalələri oxumaq və bu dövrdə baş verən hadisələri təhlil edərkən rastlaşdığım bir tarixi fakt məni çox sarsıtmışdı. Bu Şirvanşahlar sülaləsinin sonuncu hökmdarı 18 yaşlı Şahruxun Şah Təhmasib tərəfindən 1539-cu ildə Təbrizdə gizli edamı idi. İllər keçdikcə həm bu dövrə, həm də bu dövrdə yaradılmış Təbriz miniatür məktəbinin incilərinə olan marağım daha da artırdı. Həmin dövrdə yaradılmış miniatürləri seyr etdikcə sanki baş verən tarixi hadisələr gözlərimin önündə bir film kimi canlanırdı. İlbəil bu hiss daha da qabarıq şəkildə özünü biruzə verərək, güclənirdi. Beləcə oxuyub araşdırdıqlarımı, görüb müşahidə etdiklərimi qeyd etmək qərarına gəldim. İlk olaraq Təbriz miniatür məktəbinin nümunələri barədə “Beş Sehrli Əlyazma” kitabını nəşr etdirdim. İkinci kitabım artıq üzərində on ilə yaxın bir vaxtda işlədiyim və Səfəvilər dövlətinin ikinci hökmdarı I Şah Təhmasibin hakimiyyətinin ilk 15 illik dövrünü əhatə edən “Sonuncu Şirvanşah” tarixi romanı oldu. Romandakı hadisələr 1524 – 39-cu illərdə baş verir. Hadisələr Təbrizdən, Şamaxıya, Xorasandan İstanbula qədər olan geniş coğrafiyanı əhatə edərək, həmin dövrdə baş vermiş tarixi hadisələrə əsaslanır”.

Müəllif bildirib ki, Şah Təhmasibin hakimiyyətinin ilk illərinin çox ağır və ictimai-siyasi hadisələrlə zəngin olmasına baxmayaraq, o, dövrünün ən böyük incəsənət hamilərindən biri olduğundan, bu illər eyni zamanda həm Təbriz miniatür məktəbinin, həm də Təbriz xalçaçılığının çiçəklənmə dövrünə təsadüf edir. Beləki, məhz bu vaxt “Şah Təhmasibin Şahnamə” əlyazması və “Şah Təhmasibin Xəmsə” əlyazmaları təbrizli rəssamlar və xəttatlar tərəfindən hazırlanır, həmçinin dünyanın ən məhşur “Şeyx-Səfi” xalıları toxunaraq ərsəyə gəlir.
Əsər Şirvanşahlar dövlətinin sonuncu hökmdarı 18 yaşlı Şahruxun Təbrizdə gizli edamı ilə bitir. 1539-cu ildə Şah Təhmasibin saray rəssamlığına olan marağı tükəndiyindən, “Xəmsə” əlyazması da yarımçıq qalaraq, dövrünün sonuncu ən möhtəşəm əlyazması olur.
E.Əlihüseynli vurğulayıb ki, yəqin ki, belə bir tarixi romanı 15-20 il əvvəl internet dövrünün inkişaf etmədiyi və dünya muzeylərində qorunan Azərbaycan xalqına məxsus incəsənət əsərlərinin rəqəmsallaşdırılmadığı bir dövrdə yazıb, ərsəyə gətirmək çətin olardı:”Torpaqlarımızın qayıdışı, xalqımızın birlik və qəhrəmanlıq ili olan 2020-ci ildə UNESCO Azərbaycan miniatürlərini dünya mədəni irsinin siyahısına daxil etdi. Miniatürlər təsvir edilmiş vərəqlər hazırda dünyanın müxtəlif muzeylərində, həmçinin şəxsi kolleksiyalarda qorunur və onlara layiq olduqları yüksək qiymət verilir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər