Sumqayıtlı xanım azarkeşin sirri: “Ümid edirəm ki, ailəm bu müsahibəni oxumaz” – FOTOLAR

868
Xanım azarkeşlərlə müsahibələr layihəm sayəsində Sevinc Novruzova ilə tanışlığım yarandı. Bu xanım “Qəbələ” komandasının qatı azarkeşidir.
Onun haqqında məlumatlar sizlərə olduğu kimi, mənə də maraqlı idi. Gəlin Sevinci daha da yaxından tanıyaq.
Mən Novruzova Sevinc Məhərrəm qızı 1991-ci ilin yanvarın 17-də Sumqayıt şəhərində anadan olmuşam. Orta təhsilimi Sumqayıt şəhər 17 saylı orta məktəbdə aldıqdan sonra, Azərbaycan Texnologiya Universitetinə daxil olmuşam. Qiyabi əsaslarla təhsil aldığımdan tələbəlik illərindən işləmişəm. Müxtəlif mətbu orqanlarda işləmişəm, 6 il qəzetdə müxbir kimi çalışmışam. Özümü başqa sahədə də sınamışam. Ancaq hazırda işləmirəm.
– Futbola gəlişin necə olub?
– Azarkeş kimi futbola gəlməyim bir təsadüfdür. Çünki, futbolu nə uşaqlıqdan sevmişəm, nə də ki, marağım olmayıb. Evimizdə oğlan uşağı olmadığından futbola baxanımız da olmayıb. Bəlkə qardaşım olsaydı, onun marağı sayəsində mən də futbola baxardım.  Atamın da futbola marağı yoxdur. Bu yaşına qədər toplam olaraq heç beş dəqiqə oyuna baxmayıb. Adi futbol qaydalarını belə bilmir. İlk dəfə futbola getməyim, oyunu canlı izləməyim 2005-ci ildə Tofiq Bəhramov adına Rsepublika stadionunda “Neftçi”nin Çempionlar Liqasının ikinci mərhələsinin cavab oyununa təsadüf edib.  O zaman bacımın yoldaşı bacımla məni oyuna aparmışdı. Özü “Neftçi” fanatı olduğundan, bizi də bilərəkdən bu komandanın oyununa aparmışdı.(gülür)… Səhv etmirəmsə, ” Anderlext” ilə görüş “Neftçi”nin 1:0 hesablı qələbəsi ilə başa çatmışdı. Stadionu, izdihamı, canlı oyunu məhz o zaman görmüşdüm.  O vaxtlar oyuna xanımlar çox az gəlirdi. Hətta barmaqla sayılacaq qədər az. İllər sonra dostumuz Vasif Acalov 2014-cü ildə xanımlardan ibarət  fan-klub yaratdı. Mən onu həmkar olaraq “Lider” TV_dən tanıyırdım.  Xanımların stadiona gəlməsində, oyunu canlı izləməsində Vasifin əziyyət çox idi. İlk yarandığı dönəmlərdə Vasif öz əhatəsində olan xanımları, dostları, mətbuat işçilərini cəlb etmişdir. Bir növ reklam xarakterli idi. Formalar, papaqlar paylanılıb, şəkillər çəkilirdi. Sosyal şəbəkələrdə hətta səhifələri də var idi. Xanımların stadiona cəlb olunmasında ən vacib iş idi. Məncə çox uğurlu layihədir ki, indiyə kimi də davam edir. Mən də o zamanlar Vasifin dəvəti ilə getmişdim. Bir neçə oyun onlarla izlədim, hətta stadion həvəsi, oyuna canlı baxmaq marağı o qədər çox idi ki, tək “Qarabağ”ın oyunlarına yox, başqa komandalar – “Kəpəz”, “Neftçi”, “İnter”in də oyunlarına gedirdim. O vaxtlar “Qəbələ”nin də səfər oyunlarına  gedirdim. Daha sonra öz yolumu seçdim. O gündən indiyə kimi yalnız “Qəbələ” yə azarkeşlik edirəm.
– Niyə məhz “Qəbələ”? Statistikaya baxsaq, “Neftçi” və “Qarabağ”ın Avropada uğurları daha çoxdur. “Qəbələ” sevgisinin altında nə gizlənir? Əslin Qəbələdəndir?
– Mən deməzdim ki, “Qəbələ”nin uğurları təqaüd yaşında olan “Neftçi”nin, “Qarabağ”ın uğurlarından azdır. Klubların yaranma tarixlərini müqayisə etsək, görərik ki, “Qəbələ” gənc klub olaraq çox nailiyyətlər əldə edib. Ardıcıl iki dəfə 2015/2016 və 2016/2017 illərdə 4 mərhələ adlamaqla Avropa Liqasında qrup mərhələsinə düşməsi, bu turnirdə layiqincə bizi təmsil etməsi, 3 dəfə Azərbaycan kubokunun (2013/2014, 2016/2017, 2017/2018) finalçısı olması, Azərbaycan çempionatında 3 gümüş (2016/2017, 2017/2018) və 2 bürünc medal (2013/2014, 2014/2015, 2015/2016) qazanmasını qeyd etmək olar. 14 yaşlı klub üçün bunlar kifayət qədər uğurlu göstəricidir. İstər yerli çempionatda, istər kubokda, istərsə də beynəlxalq aləmdə. Daha böyük uğurlarının olmasını istərdik. İnşallah zamanla o günləri də görərik.
Qəbələnin rayon olaraq mənimlə heç bir əlaqəsi yoxdur. Hətta dəfələrlə mənə deyiblər ki, əslən dağlısan Bakı klublarına azarkeşlik et.  Və yaxud da “Sumqayıtda qalırsan. Niyə “Sumqayıt” komandasına azarkeşlik etmirsən?”, kimi suallar veriblər. Bildiyim qədəri ilə, heç bir yerdə belə bir qanun-qayda yoxdur ki, kim haralıdırsa, harada yaşayırsa o bölgənin klubuna da azarkeşlik etməlidir. Mənim üçün bir klub var, məhz o klub da “Qəbələ”dir . Mənə əziz də, doğma da o klubdur. O formanın haqqını verən, sona qədər mübarizə aparan kluba azarkeşlik edirəm. Düzdür, klubumdur deyə demirəm, oyunlarını bəyəndiyim və bəyənmədiyim futbolçular da vardır. Ancaq o demək deyil ki, məhz kiməsə görə oyuna gedirəm, azarkeşlik edirəm.
– “Qəbələ”nin ev oyunları üçün rayona gedirsən, ya ancaq Bakıdakı səfər matçlarına?
– Hər bir azarkeş kimi, mən də sevdiyim klubun hər oyununda iştirak etməyə çalışıram. Fərq etməz istər ev oyunu olsun, istərsə də səfər oyunu. Mənim rayona getməyimə sadəcə oyunun keçirilmə vaxtı mane ola bilər. Hər dəfə PFL-in saytına daxil olanda dua edirəm ki, oyunun başlama saatı tez olsun. Əgər gec bitərsə məcbur olub getmirəm. Çünki, hər kəsə məlumdur ki, Qəbələdən Sumqayıta ən tez 4 saata dönmək mümkündür. Məsəl üçün, əgər oyun axşam  8-də başlayıb 10-da bitərsə, evə gəlib çatmağım ən tezi gecə 2-yə çəkər. Buna da nəinki mənim ailəm, hətta başqa xanım azarleşlərin ailəsi də icazə verməz. Ayda ən azı iki dəfə ev oyunu olur. Düzdür, qarlı, yağışlı və dumanlı yollarda qayıtmaq qorxuludur.  Ancaq o yol mənə çox uzun və yorucu gəlmir. Keçən ilə kimi, “Qəbələ”nin səfər oyunları içərisində Gəncə səfərləri, 2016-ci ilə kimi də Lənkəran səfərləri olurdu. Gəncə səfəri mənə daha sıxıcı gəlirdi. Ancaq oradan qalibiyyətlə dönəndə onun ayrı mənəvi zövqü olurdu. 6:1 hesablı qələbə kimi. “Kəpəz” də tezliklə diviziyondan qayıdar, çempionatda əyalət klublarının sayı artar. Hərdən zarafatla “Qəbələ”nin səfər oyunu mənim ev oyunumdur”- deyirəm. (gülür)… Çünki Bakı oyunlarında nisbətən daha rahat gedib-gəlmək olur. Həmçinin, oyunların gec bitməsi də insana problem yaratmır.
– Bəs Qəbələyə getməyinə ailən necə münasibət göstərir?
– Başqa klubun xanım azarkeşlərinin ailələri oyunlara getməsinə icazə verəndə paxıllıq edirəm. Çünki, bizim ailədə nə Bakı oyunlarına, nə də rayonda keçirilən oyunlara getməyə icazə vermirlər. İşlədiyim vaxtlarda evdən “qəzetdən göndərirlər” yalanı ilə izin alırdım. O işdən çıxandan sonra isə hər oyun üçün tülkünün belə ağlına gəlməyən bəhanə və yalanlar uydururam.Ən maraqlısı da odur ki, dəfələrlə belə olub. Qəbələyə gedirəm, oyuna baxıram, oyundan dönürəm ağlıma heç bir bəhanə gəlmir. Bizim binanın liftinə daxil olanda və 7 mərtəbəni qalxanda hansısa “fikir məhsulu” artıq hazır olur. Nə hikmətdirsə, beynim yalnız liftdə işləyir.  (gülür)…
Qapı döyüləndə artıq mən və səhnəciyim hazır vəziyyətdə olur. Görəndə ki, çox əsəbləşiblər və bu söhbətdən çıxa bilmirəm, keçirəm “sarı simə” toxunmağa. “Rayonum yox, kəndim yox. Şəhərdən uzaqlaşıb sakitləşmək istədim. Təsadüfdən də oyun var imiş, gedib oyuna baxmışam” – kimi yalanları deyirəm. “CBC Sport” kanalında isə görəndə deyirəm köhnə kadrlardı. Və son vaxtlar artıq TV problemini həll etmişəm. Kadrlara düşməyim deyə start fitinə kimi kameralardan gizlənirəm. Oyun başlayanda mən də oturub oyunuma baxıram. Bilirəm ki, oyunu kənara qoyub məni çəkməyəcəklər. Ümid edirəm ki, mənim ailəm bu müsahibəni oxumaz.  Çünki, müsahibənin bu hissəsi onlara çox tanış gələcək. (gülür)…
– Bəs birdən oxusalar?
– İnşallah  görməzlər. Əgər görsələr yəqin ki, icazə verməzlər. Məndə nədənsə az ola bilər, ancaq bəhanələr çoxdur. Bir çıxış yolu tapıb aradan qaçaram. Əsas oyun olsun. Həftədə cəmir bir dəfə olan oyuna bir bəhanə tapmaq mənə artıq çətin gəlmir. (gülür)…
– Oyunlara tək gedirsən? “Qəbələ”nin xanımlardan ibarət fan-klubunu yaratmaq fikrin varmı? Beləliklə, həm oyuna tək getmiş olmarsız, həm də tək komandaya daha çox azarkeş qazandırmış olarsız.
– Oyunlara hər zaman tək gedirəm. Bu təklikdə mənə görə ən gözəlidir. Onsuzda oyunlara evdən gizlin getdiyimə görə tam rahat baxa bilmirəm. Ancaq kiminləsə də getmək istəmirəm. Yəni hansısa qızın məsuliyyətini öz üzərimə çəkib, onu ora aparmaq istəmirəm. Ona görə də tək gedib, tək gəlirəm. Ən yaxşısı da məhz budur. 326 km yolu kiminləsə getmək və bu yolda kiminsə nazını çəkmək mənə görə deyil. Ətrafımda bir neçə xanım var. Necə gedib gəldiyimi soruşdular. Onlara etdiyim izahdan sonra getmək istəmədilər. Çünki, heç kim özünü əziyyətə salmaq istəmir. Oyuna baxanda belə hamı rahatlıq tələb edir. Ona görə də onlara ən münasibi Bakı oyunlarıdır. Paytaxtda keçirilən oyunlarda azarkeşlik etmək çox asandır. Uzağı 1 saata evindəsən. Ona görə Bakıdakı oyunlarımıza xanımlarımız gəlirl. Gələn xanımlar birləşsələr, bir fan klub yarada bilərlər. Çoxu məndən “Qəbələ”nin qızlarından ibarət fan-klubunu soruşur. Sözün düzü o yükün altına girmək istəmirəm. Əgər o fan-klub yaradılsa, yalnız sevinə və əlimdən gələn köməkliyi edə bilərəm. Ancaq gedib onlarla bir oyunu izləyib, o fan-kluba üzv olmaq istəmərəm.  Mənə elə gəlir ki, qızlarımızdan ibarət fan-klub yaranarsa, o kluba başçılığı elə Qəbələ rayonunun özündə yaşayan xanımlardan biri edə bilər.  Fikrimcə, belə daha məqsədəuyğun olar. Bir məqamı da vurğulayım ki, mən illərin azarkeşi deyiləm. 2015-2016-cı illərdən başlamışam azarkeşlik etməyə. Bu sahədə cəmi 4 illik təcrübəm var. Mənim tücrübəmin az olması da imkan verməz bu məsuliyyətli işi öz öhdəmə götürüm. Xanımlarımıza onu da deyim ki, bizim stadionumuzun özəlliyi onun gözəlliyindədir. Təbiət qoynunda, təmiz havalı, dağlarla əhatə olunmuş möhtəşəm bir stadiondur. Bir sözlə, Bakıda belə stadiona rast gələ bilmərsiniz. Həftəsonu istirahəti üçün əvəzsiz məkandır. Həm təbiət qoynunda olursan, həm də eyni zamanda oyunlara baxırsan. Öz təcrübəmdən deyə bilərəm ki, avtobusla gedib taksiylə qayıda bilərsiz. Ən rahat və sadə yolu budur.
– Qəbələyə gedəndə demək olar ki, hara getdiyinu, harada olduğunu heç kim bilmir. Ailə üzvlərini nəzərdə tuturam. Deyir şər deməsən, xeyir gəlmir. Həyatda heç kim heç nədən sığortalanmayıb. Bəs qorxmursan ki, yolda başına bir iş gələr və ailən səndən xəbərsiz qalar.
– Rayona gedəndə heç kim heç nəyi bilmir. Yuxarıda da qeyd etdiyim kimi, yalnız min bir bəhanə ilə evdən çıxıram. Təbii ki, başıma nə iş gələcəyindən də xəbərsizəm. Ona görə də çox narahat oluram. Həmişə deyirəm, Allah canımı alacaqsa qorxmuram, alsın. Ancaq Bakı-Sumqayıt yolunda alsın, daha Ağsunun aşırımlarında yox. (gülür). O aşırımlardan hədsiz çox qorxuram. Ən son oyunlardan birini deyim, dekabrda “Zirə” ilə olan oyunda qatı duman səbəbi ilə oyun hətta yarımçıq qalmışdı. Siz indi fikirləşin o qaranlıqda, bir addım o tərəfi görməməklə evə necə qayıtmaq olar. Bəzi döngələr var idi ki, taksi sürücüsü maşını güclə yığışdırırdı. Oradan aşmaq an məsələsi idi. Həqiqətən evə salamat çatmamaq qorxusunu onda yaşamışdım. Sonuncu ev oyunumuzda da hava çox soyuq idi. Mən də oyundan əvvəl rayona çatdığımdan məcbur olub 4 saatı küçədə keçirdim, bomjlar kimi parkda oturdum. (gülür)… Daha sonra 2 saat oyun. Toplam olaraq 6-7 saat soyuq hava şəraitində olduğumdan, evə gələndə bacım və anam mənə baxıb bir sözü dedilər: “Göyərmisən”. Soyuğun təsiri dörd gün yüksək hərarətlə (41 dərəcə) keçdi. Evdə adi bir çay istəyəndə: “Get “Qəbələ” çayını versin” – deyirdilər. Qisaslarını bir növ elə alırdılar.  Əslində qarda da, yağışda da, duman da o yolu getmişəm. Hərəsinin özünə görə çətinliyi olub. Ancaq Allaha şükür ki, sağ-salamat çatmışam. Yəqin bir gün o yolda ölsəm, müsahibənin bu hissəsini qeyd edib: “Rəhmətlik bilirdi belə olacaq, demişdir” –  deyərsiz. (gülür)…
 
– Bakıda xanımların stadiona getməsinə hardasa camaat öyrəşib. Bəs Qəbələdə sənə qarşı münasibət necədi? Kişi azarkeşlərdən özünə qarşı hörmətsizlik görmüsən?
– Sizi inandırım ki, “Qəbələ”nin azarkeşləri ziyalı, savadlı təbəqədir. Onlardan atmacalı sözlər, pis münasibət görməmişəm. Əksinə, şirin Qəbələ ləhcəsi ilə “Xoş gəlmisiniz” deyirlər. Oyun bitəndə sonra necə qayıdacağımı soruşan azarkeşlərdə də olur. Ona görə yalandan pisləyə bilmərəm. Sevirəm onların mehribançılıqlarını, mədəniyyətlərini. Hətta deyərdim ki, onlar “Neftçi”, “Sumqayıt”, “Kəpəz” azarkeşlərindən xanım azarkeşləri az görsələr də, onlardan çox mədəni davranırlar. Bu sözümə görə heç kim məni qınamasın. Gördüyümü deyirəm. Ən qorxulu azarkeşlər – Gəncəli azarkeşlər idi. Ora gedəndə özümü bir anlıq Bombeydə hiss edirdim. Çox narahat olurdum.
– Futbolçularla dostluq-tanışlıq əlaqələrin var? Yoxsa sabah-birigün hansısa şaiələr çıxar deyə risk etmirsən tanışlıq yaratmağa?-
– Futbolçularla dostluğum yoxdur. Bəziləri ilə sadəcə tanışlıq vardır. Əsasən də sosyal şəbəkələrdən bir-birimizi tanıyırıq. Bir-iki dəfə hansısa futbolçumuz zədəli olub, oyundan kənar qalanda adi bir işarətlə salamlaşmışıq. Düşünürəm ki, ya səfər oyunlarında azarkeşlərin az gəlməsi səbəbindəndir ki, məni tribunalarda görüblər, elə tanıyıblar və yaxud da xanım azarkeşlərin sayının az olmasıdır ki,  sadəcə üzdən yaddaşlarda qalmışam. Bəlkə də heç adımı da bilmirlər. Dostluq yoxdur, olsa qürur duyaram, sevinərəm. İnstaqramda “Qəbələ”nin fan səhifəsini işlədirəm. Orada bir iki futbolçumuz ilə söhbətimiz olub. Şəkillər paylaşılanda bəyəniblər, özlərinə də şəxsidə təşəkkürümü bildirmişəm. Bu qədər.
– Sevinc, hansısa futbolçudan sevgi etirafı alsan, futbolçu ilə sevgili olarsan, ailə qurarsan?
– AFFA-nın şüarı ilə cavablayım. “Niyə də yox?!”
– Bəyəndiyin futbolçu var?
– Məni az–çox tanıyanlar bilir ki, bütün günü sosial şəbəkələrdə, öz şəxsi profillərimdə Dmitri Bezotosninin şəkillərini paylaşıram. Onunla şəxsi tanışlığım yoxdur. Sadəcə onun oyun texnikasını çox bəyənirəm. Ona xüsusi simpatiyam var. Danılmaz faktdır ki, Dima yerli çempionatda ən güclü qapıçılardan biridir. Mənim üçün isə birincidir. Mayda müqaviləsinin vaxtı bitir. Ümid edirəm ki, müqaviləsini yeniləyər və bizimlə uzun müddət qalar. Ona olan münasibətimi bilən bir dostumuz mənə onun formasını hədiyyə etmişdir. İndiyə kimi də dəyərli hədiyyə kimi özümdə saxlayıram.
– Bəs xaricdən bəyəndiyin klub və futbolçu hansıdır?
– İngiltərə Premyer Liqasından klub olaraq “Çelsi”ni, futbolçu kimi Eden Hazardı bəyənirəm. Ronaldonu da sevirəm. Türkiyədə bir tkomandanı tutub, ancaq ona baxmıram.  Vaxt olanda hamısına baxıram. Ancaq uşaqlıqdan futbolu bizə sevdirən Diyego Maradona olub. Rusiyanın “Spartak” , Təbrizin “Traxtur Sazi” klublarına da baxıram.
– Yuxarıda qeyd etdin ki, sosyal şəbədə “Qəbələ”nin fan səhifəsini işlədirsən. Bu öz layihəndi?
– İnstagramda gabala_fc fan page – səhifəsi artıq 3 aydır ki, fəaliyyət göstərir. İndiyə kimi 3 min izləyicisi var. Maraq üçün açdığım səhifə indi olmazsa olmazımdır. Hər saat daxil oluram, şəkillər, videolar paylaşıram. Futbolçuların səhifələrini axtarıram. Ən son paylaşımlarıı fan səhifədə paylaşıram. Arxiv fotolara da üstünlük verirəm. Bir azarkeş kimi mən də klubumuz üçün nəsə etməyə çalışıram. Təzə səhifə olduğundan aktivlik aşağıdır, ancaq inanıram ki, bir müddət sonra daha aktiv və baxımlı səhifələrdən biri olacaq.
Röya Kərimli
Sport7.az

Sumqayıtlı xanım azarkeşin sirri: "Ümid edirəm ki, ailəm bu müsahibəni oxumaz" - FOTOLAR

Sumqayıtlı xanım azarkeşin sirri: "Ümid edirəm ki, ailəm bu müsahibəni oxumaz" - FOTOLAR

Sumqayıtlı xanım azarkeşin sirri: "Ümid edirəm ki, ailəm bu müsahibəni oxumaz" - FOTOLAR

Sumqayıtlı xanım azarkeşin sirri: "Ümid edirəm ki, ailəm bu müsahibəni oxumaz" - FOTOLAR

Sumqayıtlı xanım azarkeşin sirri: "Ümid edirəm ki, ailəm bu müsahibəni oxumaz" - FOTOLAR

Sumqayıtlı xanım azarkeşin sirri: "Ümid edirəm ki, ailəm bu müsahibəni oxumaz" - FOTOLAR

Sumqayıtlı xanım azarkeşin sirri: "Ümid edirəm ki, ailəm bu müsahibəni oxumaz" - FOTOLAR

Sumqayıtlı xanım azarkeşin sirri: "Ümid edirəm ki, ailəm bu müsahibəni oxumaz" - FOTOLAR

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər