Sumqayıtlı xanım yazar Hamburqdan yazır: “Burda fahişələri polis himayə etmir”

1316

“Gecə Almaniyada fahişəliyinin tarixi haqqında oxumuşam” – oturduğumuz səs-küylü yeməkxanada qəfildən səssizlik yaranır, müsahibimə ünvanladığım, ingilis dilində dediyim sözləri hamı eşidir. Qonşu masadakı alman təlimçi həmişəki zarafatcıl tərzində gözlərini bərəldir, yeməyi guya boğazında qaldı deyə öskürməyə başlayır. Yanına gedirəm, niyə bu mövzu ilə maraqlandığımı deyirəm. 

Hamburqa səyahət zamanı bələdçi “qırmızı işıq” küçəsi haqqında 

danışdı. Bu küçə bir çox ölkələrdə olduğu kimi Hamburqda da məşhurdu. Bu küçədə qadınlar seksual xidmətləri müqabilində ödənişlərini alır, turistlər növbəti əyləncə sorağına düşürlər. Bu tip xidmətlərin təklif olunduğu küçələr demək olar bütün ölkələrdə var. Fərq təkcə ondadır ki, Hamburqda onları oliqarx, yaxud məmur, ya da hansısa hüquq müdafiəçisi gizli əli ilə himayə və idarə eləmir, həmən küçədəki alver qanuni şəkildə, dövlətin razılığı ilə gerçəkləşir. Həmən küçəyə marağım adı ora ilə birbaşa bağlı olan bir polis sayəsində yaranıb. Mənə o polis, onun adı və kimliyi maraqlı gəlib, təəssüf ki, nə qədər əlləşsəm də, onu Almaniyanın prostitusiyası tarixində tapa bilmədim. Səfər yoldaşım bələdçi ilə əlaqə saxlayacağına, onun adını öyrənəcəyinə söz verib. Mənsə polisin adı gələnəcən səfər qeydlərimi yazmağa başladım, bir müddətdir sosial şəbəkələrdən uzaq gəzdiyimdən, həm də romanımı bitirib yeni nə isə yazmağa başlamadığımdan, düşündüklərimi bölüşməyə ehtiyacım var.

“Qırmızı işıq” küçəsində vulqar geyimli qadın gözə dəymir, gecələr 

təkcə işıqlar yanır, qara setka corablı, qırmızı pomadalı parikli qızlar görünmür. Bunu polis istəyib. Mənə maraqlı gələn polis. Polis qızların haqq-hesabını aparan adama tapşırır ki, onun işinə göz yumacaq, yetər ki, qızlar adi paltarla küçədə dursun, onlardan soyuqda nazik corab, yaxası açıq kofta geyinmək tələb olunmasın. Adam razılaşır, hərə işinə-gücünə çəkilir, bir müddət sonra o küçədə fahişəlik qanuniləşir. Polis qədim ənənələrə malik peşəni yox eləmək gücündə olmur, əvəzində nəyisə düzəldir, başqa əlləri qızların üstündən çəkə bilməsə də, soyuğu sinələrinə soxulmağa qoymur.

Orta əsr alman qəsrlərindən birinin qapısını örtüb çölə çıxıram. Qəsri tədris mərkəzinə çeviriblər, mən də orda dərs alıram. Qəsr sahibinin ruhu barədə düşünürəm. Kötücələri bir zamanlar yad baxışlardan belə qorunan qəsrinin qapısını məsçid qapısına döndərib, bundan məmnundurmu görən, sual edirəm. Cibimdə Leninin şəkli olan oktyabrat ulduzu var. Anam məni yola salanda “işə bax, bir zamanlar düşmən ölkə kimi baxdığım yerə indi qızım dostluq səfərinə gedir” deyəndən sonra, otağımda qarşıma çıxan oktyabrat ulduzuna gülümsəyib cibimə tullamışdım.

Alman rejissoruna ünvanladığım mesaja cavab gəlir – “Kiyevdəyəm, Berlinə çatan kimi film təqdimatına getməliyəm, gecə zəng etsəm, səni narahat etmərəm ki” – soruşur, “olar, gec yatacam” – deyirəm. Orta əsr qəsrinin həyətindən keçib Aşağı Saksoniyanın Ali məhkəməsinin qabağı ilə otelimə tərəf addımlayıram. Sağda kiçik ekstrovaqant muzey var, yanından polis maşını sirenası ilə bəzədilmiş nərdivan keçir. Almaniyanın balaca bir dilimi olan Selle öz sakit və mehriban siması ilə mövcudluğuna davam edir. Dostumun Almaniya barədə analizi doğrudu – Almaniyanın kəndi şəhərindən, qəsəbəsi mərkəzindən kəskin fərqlənmir. Onun balaca bir “kusok”u bütöv Almaniya haqqında təsəvvürə malik olmağa kifayət edir. Almaniya matruşkaya bənzəyir. Fərq təkcə ölçüdədir, naxışlar demək olar  dəyişməzdir.

Gecənin on ikisidi. Telefon zənginə ayılıram. Səfər yoldaşlarım mafiya oynamağa çağıra bilməz, gecdi, otelə borcum yoxdu, nə ütü almışam, nə adapter. Dəstəyi qaldırıram, salamlaşıram, amma hələ harda, necə olduğumu tam dərk eləyə bilmirəm, xəttin o tayındakı adam nəzakətli səslə nə isə izah eləyir, erməni sözünü deyəndə tamam ayılıram. Zəng eləyən alman rejissordu. Getdiyi film erməni soyqırımından bəhs edirmiş, almanlarla türklərin müştərək işi imiş. Nəyisə bəyənmədiyini hiss eləyirəm, intuisiyam və yuxulu beynim deyir ki, türk rejissor Nobel eşqinə düşənlərdəndir, ermənilərin tərəfindədi. Film haqqında fikirlərini soruşuram, yuxumu qaçırtmaq istəmədiyini, detalları görüşəndə müzakirə etməyi tövsiyyə edir. Sonra söhbət mənim polisimin üzərinə gəlir. Polisin qızları soyuqdan qorumaq üçün geyindirməsi versiyasına gülür, buna inanmadığını deyir. Görünür, polis qızları qocalardan və uşaqlardan gizlətmək istəyib, bu, daha ağlabatandır deyə bildirir. Alman səmimiyyətini sevmiş, eyiblərini deməkdən çəkinmədiklərini özgüvən və güc göstəricisi kimi qəbul eləmişəm. Rastlaşdığım almanlar barələrində yayılmış punktuallıq və dəqiqlik təriflərinin stereotip olduğunu deyirlər və gülürlər. Güclüdürlər. Zəif və eyibli görünməkdən qorxmamaq güc əlamətidir. Yalnız zəiflər həmişə güclü görünmək istəyir.

Yenə ağlımda hüquqçulardır. İclaslarda, konfranslarda, pafoslu nitqlərin içində səslənən hüquq keşikçisi olmaq şərəfli və məsuliyyətli işdir cümləsi üzərində düşünür, protokol bəzəyi olan sözü özüm üçün yenidən kəşf edir, doğruluğundan riqqətə gəlirəm. Haqqın qoruyucusu olmaq öhdəliyin varkən, həyatın, ya da səndən “böyük”lərin qoyduğu qanunlara əyilib, haqsızlığa göz yummaq məcburiyyətindəsənsə və bu ziddiyyəti görəcək qədər balaca vicdana sahibsənsə, ürək xəstəliyi tapmadan yaşaya bilməzsən hüquq müdafiəçisi olaraq. Üstəlik, cavansansa, nə zamansa naiv səmimiyyətlə qəhrəman olmaq istəyin, nələrisə dəyişmək, düzəltmək arzun olubsa, hər ziddiyyətli işdə yenidən, təzədən, bir dəfə daha məğlub olacaqsan. Siqareti siqaretə calayacaqsan, ilk fürsətdə hamıdan, hər şeydən qaçmaq istəyəcəksən, kimisə, nəyisə, hətta özünü belə sahiblənmək bacarığın günü-gündən azalacaq, tərəddüdlərin əlində həyatın divarından divarına çırpılacaqsan. Çox vaxt kənardakılara olduğun kimi görünməyəcəksən, içindəki burulğanı varlığına çexol kimi keçirilmiş dərin, onun üstündən geyindiyin bahalı brendlərin paltarlarları ört-basdır edəcək. Dərinə rahat sığdığını, içində qayğısız oturduğunu düşünəcəklər, bilməyəcəklər ki, hər tərpənişində tərəddüdlərin ətini, sümüyünü, ruhunu cızır. Almaniyaya gəlməzdən bir gün qabaq baxdığım “Hakim” filmindəki hüquq müdafiəçisi də belə idi. Amma bu haqda sonra yazacam. Yorulmuşam. Gecdi. Bakı vaxtı ilə saat 9-a 10 dəqiqə qalıb. 3 saatdı ki Bakıda azanın səsi eşidilib, 9 tamam olanda Aztelekomun qabağında Azərbaycanın himni çalınacaq, Selle kilsəsinin saatı isə kəfkirini 6 dəfə yelləyib ətrafa səs salacaq.

Sabahınız xeyir!

Sahilə İbrahimova, xüsusi olaraq “Qafqazinfo” üçün 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər