Sumqayıtlı yazıçı: “Oxuculardan 16 min məktub almışam”

975

Kulis.Az yazıçı Varis Yolçuyevlə müsahibəni təqdim edir.

– Kitablarınızda oxucu məktublarını çap edirsiniz. İndiyə kimi nə qədər oxucu məktubu almısınız?

– Məktublar əsasən poçt, Facebook vasitəsilə gəlir. Bir günə orta hesabla 7-8 məktub alıram. Bir dəfə zarafatla demişdim ki, aldığım məktubların sayına görə “Ginnesin rekordlar kitabı”na düşəcəyəm (gülür). Dörd il müddətində 16 min 193 oxucu məktubu almışam.

– Oxucularla canlı ünsiyyətdə olursunuz?

– Fərdi şəkildə görüşüb əsərlə bağlı təəssüratlarını, həyatını danışmaq istəyən insanlar çox olur. Sadəcə vaxt məhdudiyyəti var. Elə adam olur ki, çox xahiş edir. O cür adamlarla imkan daxilində görüşməyə çalışıram. Braziliyalı yazıçı Paolo Koelyo Çinin ucqar bir dağ kəndində onun əsərlərini oxuyan qoca qarının görüşünə gedib. Təsəvvür edirsinizmi, Braziliyadan Çinə səfər edib ki, oxucusu ilə görüşsün. Ümumiyyətlə, bizdə oxucularla yazıçılar arasında bir sədd var. Mən bunu hiss edirəm, belə olmamalıdır. Yazıçı oxucuların zövqünə bələd olmalıdır.

– Rayonlardan oxucu məktubları alırsınız?

– Əsasən Sumqayıt, Gəncə və Naxçıvan Muxtar Respublikasından oxucu məktubları alıram. Naxçıvanın bütün rayon və kəndlərində kitablarım oxunur. Şimal və cənub zonasından da oxucularım yazır.

– Ölkədən kənarda necə kitablarınıza maraq var?

– Cənubi Azərbaycanın Təbriz, Urmiya, Xoy, Mərənd şəhərlərindən tez-tez oxucu məktubları alıram. Son zamanlar qardaş Türkiyədən rəylər gəlməyə başlayıb. Türkiyəli qardaş və bacılarımızdan çoxlu rəylər gəlir. Hətta Türkiyədə xanım iş adamı rahat oxumaq üçün kitabımı 3 min avroya tərcümə etdirib.

– Sizi daha çox kimlər oxuyur?

– Kitablarımı ən çox 11-ci sinif şagirdləri, ali məktəb tələbələri oxuyur. Hərbi hissələrdə – zabitlər, əsgərlər arasında kitablarım populyardır. Əsərlərim həbsxanalarda demək olar ki, əl-əl gəzir. Bundan başqa, müəllimlər, səhiyyə işçiləri, millət vəkilləri də yazdıqlarımı sevə-sevə oxuyurlar.

– Millət vəkillərindən kimlərin adını çəkə bilərsiniz?

– Kitablarım çap olunanda hər dəfə deputatların rəyinə də yer verirəm. Sonuncu kitabda Hadı Rəcəblinin rəyi çap olunub. Qənirə Paşayeva, Aydın Mirzəzadə və İmamverdi İsmayılovun adlarını qeyd edə bilərəm.

– Sizə qarşı münasibət birmənalı deyil. Bu sizi narahat etmir?

– Bizdə ədəbiyyata ikili standartla yanaşırlar. Pornoqrafiyanı, narkomaniyanı, mənəviyyata zidd şeyləri təbliğ etmirsə istənilən yazıçını qəbul etmək lazımdır. Hal-hazırda dünyada modern romançılıq geniş yayılıb. Bu romançılıq əvvəlki romançılıqdan fərqlənir. Məşhur yazıçımız-adını çəkməyəcəyəm-mənimlə söhbətində dedi ki, niyə sənin əsərlərində bədii təsvir yoxdur. Bizim yazıçılardan tələb edirlər ki, sən niyə Dostoyevski kimi, Kafka kimi yazmırsan və yaxud da sən Umberto Eko deyilsən və sair. Bu gün dünyada heç bir yazıçı ənənəvi romançı üslubda yazmır. İndi yazılan romanlarda bədii təsvirlər olmamalıdır. Ümumişlək sözlərdən istifadə olunmalıdır. Yəni, mücərrədliyə varmaq lazım deyil. Dediklərimə aid olan əsərlər dünyada bestsellerə çevrilib.

Bizdə isə deyirlər ki, mən filankəsi oxumuram, yaza bilmir. Hazırda ən böyük tirajı olan Paolo Koelyodur. Onun da əsərlərini bəyənmirlər. Deyirlər ki, Kafka hara, Koelyo hara. Ümumiyyətlə, bu iki yazıçını müqayisə etmək gülüncdür. “Yetmiş yeddinci gün” kitabımda bestseller şərtlərini kənara qoydum. Onun tirajı aşağı oldu. Belə rəylər gəlirdi ki, bu əsəri siz yazmamısınız, mümkün deyil ki, siz belə bir əsər yazasınız və sair. Bir sözlə, bu əsər bəyənilməmişdi. Bax, bu cür reaksiyalarla üzləşdim.

– İkili standartlar danışdınız. İkili standartlar dedikdə nəyi nəzərdə tutursunuz?

– Ədəbiyyatımızda qruplaşmalar yaranıb. Bu, mənim yaralı yerimdir. Ədəbiyyat adamları vəzifəsi, nüfuzu olan insanların ətrafında toplaşır. Yazıçılar oxucuların ətrafında toplaşmalıdır. Görmüşük ki, qarşıdurma, qalmaqal şou-biznesdə olur. Müğənnilər belə dar məqamda birləşirlər. Bir gənc yazıçı peyda olanda yaşlı yazıçılar ona qarşı elə aqressiv münasibət göstərirlər ki, adam mat-məəttəl qalır.

İlk kitabım çap olunanda təcrübəli, istedadlı yazıçıların kitabıma reaksiyaları mənə maraqlı idi. Kitabı həmin yazıçılara göstərib onlardan məsləhət almaq istəyirdim. Heç bir sahədə ədəbiyyat sahəsində olduğu kimi düşmən münasibət yoxdur. Bir dəfə yaşlı yazıçılarımızdan birinə zəng etmişdim və bir saata yaxın oxucu kimi onun əsərləri haqda fikir mübadiləsi apardıq. Həmin yazıçı mənimlə həvəslə danışırdı. Sonra dedim, mən də yazıçıyam, kitabım çap olunub. Bu sözümü eşidən kimi əsəblə dedi ki, sağ ol, mənim vaxtım yoxdur. Halbuki, onun yaradıcılığından danışanda bəh-bəhlə məni dinləyirdi. Belə olmaz axı. Mənim yazıçılar arasında dostlarım çoxdur. Aqil Abbas, Vaqif Bəhmənli, Əjdər Ol, Qulu Ağsəs, Səlim Babullaoğlu, Əyyub Qiyas və Elçin Hüseynbəyli ilə dostluq münasibətlərim var.

– Kitablardan maddi gəlir çoxdurmu?

– Bu gün hər kəsə məlumdur ki, Azərbaycanda kitabla, yazıçılıqla dolanmaq mümkün deyil. Həm də nəzərə almaq lazımdır ki, ölkədə kitab şəbəkəsi zəifdir. Bu gün 9 milyon insanın yaşadığı ölkədə kitabların tirajı 9-90 min arasında olmalıdır. Ancaq bildiyiniz kimi bu gün yazıçılarımızın kitabları 500-1000 tirajla çap olunur. İlk növbədə kitab bir çox tələblərə cavab vermir, ikinci tərəfdən kitabların yayımı təşkil olunmalıdır. Bu gün digər bir problem piratçılıqdır. Piratçılıqdan mənə ciddi ziyan dəyib. Sonuncu kitabımın bütün tirajını bir təşkilat məndən aldı. Satışını da, yayımını da onlar özləri təşkil etdi. Sonuncu kitabımın pirat nüsxəsi demək olar ki, yoxdur. Ancaq bundan əvvəlki beş kitabımın hər birinin pirat nüsxəsi olub. Məncə bununla da mübarizə aparmaq lazımdır. Bu yazıçı üçün həm mənəvi, həm də maddi zərbədir. Facebookda bir nəfər yazmışdı ki, mənim kitabımda 100-ə yaxın səhv tutub. Piratçılar əvvəl kserokopiya edirdilər, sonra özləri çap etməyə başladılar. Savadsız insanlar korrekturaya baxmadan, bəzi hallarda bütöv abzaslar buraxıb kitablarımı nəşr edir. Bərbad vəziyyətdə kitablar çap olunur. Bu isə yazıçının nüfuzuna xələl gətirir.

– Kitablarınızın başqa dillərə tərcüməsi gözlənilirmi?

– Kitablarımın tərcüməsi ilə bağlı ilk təklif Özbəkistandan gəlib. Tərcüməçi Rüstəm Cabbarov kitablarımı oxuyub, bəyənib. Orda “Daraqça” qəzeti var, 140 min tirajla çap olunur. “Sonuncu ölən ümidlərdir” kitabımdan parçalar “Daraqça” qəzetində hər həftə verildi. Sonra isə “Sənə inanıram” nəşr olundu. “Sonuncu ölən ümidlərdir” kitab halında artıq çap olunub. Paytaxt Daşkənddə kitabın təqdimatı olacaq, mən də orda iştirak edəcəyəm. Türkiyə və Rusiya nəşriyyatları ilə şifahi razılıq əldə olunub artıq. Hazırda tərcümə işi gedir. Bu ilin axırına kimi Türkiyə və Rusiyada kitablarım çap olunacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər