Sumqayıtlı ziyalılar millət vəkili Aqil Abbasın fikirlərinə etiraz etdilər

3571

Bu günlərdə Milli Məclisin iclasında deputat Aqil Abbas Şuşa rayon Mədəniyyət Mərkəzinin Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin tabeçiliyindən ayrılması ilə bağlı təkliflə çıxış edib. Millət vəkili çıxışında bildirib ki, Sumqayıtdan hələ bir tanınan nə tarzan var, nə oxuyan çıxıb, nə də bir sənətkar çıxıb: “Sumqayıta böyük hörmətimiz var, sumqayıtlıları aşağılamıram. Sadəcə olaraq müqayisə üçün deyirəm. Necə olur ki, Şuşa Sumqayıta tabe olur? Şuşa Mədəniyyət şöbəsi ayrılmalıdır Sumqayıtdan. Müstəqil fəaliyyət göstərməlidir”.

Millət vəkilinin “Sumqayıtdan hələ bir tanınan nə tarzan var, nə oxuyan çıxıb, nə də bir sənətkar çıxıb” fikirləri sumqayıtlılar tərəfindən etirazla qarşılanıb. Sumqayıt sakinləri, ziyalılar bu fikirlərə öz narazılıqlarını ifadə edibllər.

Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evinin direktoru, AYB “Poeziya seksiyası” sədrinin müavini İbrahim İlyaslı bununla bağlı Milli Məclisinin üzvü Aqil Abbasa müraciət edib. Şair İ.İlyaslı millət vəkilindən sumqayıtlılara qarşı olan bu haqsız münasibəti dəyişməyi və bununla bağlı mətbuata açıqlama verməyi xahiş edib:

“Sayın millət vəkilim, hörmətli Aqil Abbas!

Milli Məclisdə Şuşa mədəniyyət şöbəsinin Sumqayıt Regional Mədəniyyət idarəsinin tabeçiliyində fəaliyyət göstərməsinə münasibət bildirərkən söylədiyniz “Sumqayıtdan indiyə kimi nə tarzən, nə oxuyan, nə sənətkar çıxmayıb…”ifadəsi “Mən bununla Sumqayıtı aşağılamaq istəmirəm” ifadənizə rəğmən bütün sumqayıtlılar kimi məni də çox üzdü. Şəxsinizə və yaradıcılığınıza sayğı duyan bir qələm dostu  olaraq bu münaibəti sizə heç yaraşdırmadım.

Əvvəla, Şuşanın, eləcədə Qubadlı və Zəngilanın mədəniyyət şöbələrinin nədən və hansı prinsiplərdən dolayı Sumqayıt Regional Mədəniyyət idarəsinə bağlı olduğunu siz də bilməmiş deyilsiniz. Bu, günümüzün indiyəcən olan reallığından irəli gələn bir məsələdir. İndiyəcən Şuşanın mədəniyyət müəssisələrinin Abşeronun ərazisində fəaliyyət göstərməsi üçün Sumqayıt Regional Mədəniyyət idarəsi bütün mümkün şəraiti yaradıb.Və hamımız da bilirik ki, Şuşa və eyni zamanda digər rayonlarımız işğaldan azad ediləndən sonra yeni regional idarələrin yaradıcılağı  istiqamətində işlər gedir. Sadəcə buna zaman və mümükün şərait lazımdır.

O ki, qaldı Sumqayıtda ciddi sənətkarların yetişib-yetişmədiyi məsələsinə, mənə elə gəlir, bunu araşdırmaq elə də çətin deyil. Diqqət etsəniz görəcəksiniz ki, ölkəmizin indi paytaxt Bakıda yaşayan və Azərbaycanın mədəniyyət sahəsində tərəqqisinə xidmət edənxeyli sayda adlı-sanlı sənətkarları, müxtəlif kateqoriyalar üzrə ədəbiyyat və incəsənət xadimləri məhz Sumqayıtın yetirmələridir. Onların adlarını, statuslarını, tutduqları vəzifələri, təltiflərini sadalasaq uzun və şərəfli bir siyahı alınar.

Odur ki, sumqayıtlılara qarşı olan bu haqsız münasibətinizi dəyişməyinizi və bunu mətbuata açıqlamağınızı rica edirəm”.

Şair, Əməkdar müəllim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Ofelya Babayeva da deputatın fikirlərinə münasibət bildirib: “Deputat Aqil Abbasın 72 yaşlı şəhərim Sumqayıt haqqında dedikləri məndə çox təəəssüf hissi doğurdu. Sumqayıt əsil zəhmətkeşlər, gözəl sənətkarlar, mədəniyyət xadimləri, elm xadimləri ilə məşhur olan bir şəhərdir. Qısa bir dövrdə Xəzərin sahilində Cənubi Qafqazın ən böyük sənaye mərkəzlərindən birinə çevrildi. Bununla yanaşı bu şəhər yuxarıda qeyd etdiyim kimi həm də özünün məşhur elm və incəsənət xadimləri ilə də məşhurdur. Sumqayıtda böyük bir universitet, üç səviyyəsi ilə seçilən kollec, hər il ali məktəblərə ölkədə ən çox məzun yetişdirən çoxlu orta məktəb var. 1980-ciillərin sonlarından başlayaraq isə mənfur düşmənlərin işğal etdikləri rayonlarımızdan ən çox qaçqın və məcburi köçkünə qucaq açmış bir şəhərdir. Sumqayıtda 60 mindən yuxarı qaçqın yaşayıb. Və bu gün çox şadam ki, çox xoşdur ki, həmin qaçqın və köçkünlərin üzərindən bu ad götürülüb. Vaxt gələcək onlar müqəddəs şəhidlərimizin və qazilərimizin qanları bahasına, müzəffər ordumuzun ali baş komandanı cənab İlham Əliyevin komandanlığı ilə düşməndən azad edilmiş doğma yurd-yuvalarına qayıdacaqlar. Vaxt gələcək bu qayıdış Qarabağdan sonra Zəngəzura, Göyçəyə doğru da yol alacaq. Amma bu gün əsas məsələ həmin yerlərdə infrastrukturun yaradılması, dağıdılmış obaların, ocaqların dirçəldilməsi və bərpası məsələsidir. Mənə elə gəlir ki, qısa bir zamanda cənab Prezidentimizin səyi, elliklə hamımızın dəstəyi nəticəsində biz buna da nail olacağıq”.

Ofelya Babayeva bildirib ki, Şuşa, əlbəttə, ölkəmizin, bütün türk dünyasının mədəniyyət mərkəzidir:”Ancaq mənə elə gəlir ki, hər cür müqayisə qüsurludur. “Sumqayıtdan heç bir sənətkar, tarzən çıxmayıb” deyən Aqil Abbasın korrektə olmayan bu fikirlərinə hədsiz dərəcədə təəssüflənirəm. Mən onlarla mədəniyyət, elm, incəsənət xadimlərinin adlarını çəkərəm ki, onlar Sumqayıtın adını həmişə uca tutublar. Onların içərisində mən üç incəsənət xadiminin adını çəkmək istəyirəm. Vaxtilə Sumqayıt Musiqi Kollecinə rəhbərlik etmiş və bu gün də bu şəhərdə yaşayan, əslən Qarabağlı Malik Quliyevin, ondan sonra kollecə rəhbərlik etmiş məşhur kaman ustası Ədalət Vəzirovun, yenə də vaxtilə bu kollecə rəhbərlik etmiş tanınmış skripka ustası Bayandurun  adlarınıı çəkmək istəyirəm. Və onlarla muğam ustaları məhz bu kolleci bitirib sonra ali təhsil alıblar, muğam sənətiminin inkişafında öz xidmətlərini göstəriblər. Hesab edirəm ki, vaxt gələcək Aqil Abbasın haqqında söhbət açdığı musiqi kollecləri Şuşada da, Ağdamda da, hətta işğaldan azad edilmiş digər rayonlarımızda da olacaq.

Regional Mədəniyyət İdarəsinin Sumqayıtda olması Aqil Abbası nədən təəssüfləndirir? Bəyəm o bilmirmi ki, bu hansı reallıqdan qaynaqlanır. Vaxt gələcək bu regional idarəyə tabe olan Qubadlı, Zəngilan mədəniyyət şöbələri də öz rayon mərkəzlərində fəaliyyət göstərəcək. Sadəcə buna zaman lazımdır”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər