Sumqayıtlılar necə düşünür: Həyət, yoxsa bina evi – hansı niyə münasibdir?

2705

Son zamanlar həyət evlərinə maraq artmaqdadır. Bunun da səbəbi müxtəlifdir. Bəziləri həyət evlərini daha komfortlu, bəziləri isə hətta zəlzələ və digər təbii fəlakətlərə qarşı daha davamlı olduğuna görə seçirlər. Son illər Sumqayıtın H.Z.Tağıyev, Yaşıl Dərə, Stansiya Sumqayıt, Kottec, İnşaatçılar qəsəbəsi ərazilərində yer evlərinin sayı böyük sürətlə artır.

Görəsən, insanlar bina və həyət evini hansı xüsusiyyətlərinə görə seçirlər.

 Elə respondentlərimizlə də bunu aydınlaşdırmağa çalışmışıq. Buyurun, bu da cavablar:

Hacı Məmmədov (26 yaş, “Aztəchizat” şirkətinin marketinq meneceri):

– Adətən, həyət evləri daha rahat və komfortlu olur. Bina evləri isə həyət evlərinə nisbətdə balaca və yığcam olur, “Gün keçdi” filmində deyildiyi kimi, “qutu-qutu modern evlər”. Lakin hal-hazırkı sosial vəziyyət buna imkan vermir ki, insanlar həyət evində yaşasınlar. Çünki həyət evinin kommunal xərcləri həddindən artıq çoxdur. Əhali bina evinin kommunal xərclərini ödəyə bilmir, o ki qaldı həyət evi ola. İkinci bir məsələ də ondadır ki, bu gün bina evi həyət evindən ucuz başa gəlir. Bir də ki, bu günümüzdə atalarımızın SSRİ dövründə növbə ilə aldığı evlərdən başqa seçimimiz yoxdur! İstəsək də, istəməsək də budur…

 

Şəbnəm Əzimli (17 yaş, tələbə):

– Fikrimcə, bina evi daha rahatdır, Eyvana çıxanda ətrafı, insanları, maşınları, dəyişiklikləri görə bilirsən. Amma həyət evində ancaq öz başın, öz evin olur. Başqalarını bilmirəm, mənim üçün həyət evində yaşamaq maraqsız və cansıxıcı olar.

 

Elmira Əliyeva (36 yaş, teatr işçisi):

– Sumqayıt gənclər şəhəri adlandırıldığı üçün əhalisinin əksəriyyətini gənclər təşkil edir. Fikrimcə, gənc nəsil, gənc ailə üçün bina evi daha əlverişlidir.

Bina evində yaşadıqda bağça və məktəb də yaxın-rahat yerdə olur.

Şəxsən mən də bina evində yaşamağı seçərdim. Qaldı ki, həyət evinə  rahat olsa da, əziyyəti çox olur…Ən çox da, qış fəslində…

 

Osman Hacıyev (29 yaş, müəllim):

– İndi daha çox həyət evində yaşamağa üstünlük verərdim. Hansı evə üstünlük verilməsi həm də mövsümlə əlaqəli ola bilər. Məsələn, insanların çoxu yayda həyət evinə, qışda isə bina evinə üstünlük verirlər. Mənə gəldikdə isə bina evində qalsam da, istər yay, istərsə də qış mövsümündə həyət evində yaşamaq istərdim. Təbii ki, kommunal cəhətdən təmin olunmuş həyət evində. Bax bina evinə üstünlük verənlərin də əksəriyyəti qışda məhz kommunal məsələlərə görə həyət evində yaşamaq istəmir. Həyət evinin əziyyəti daha çoxdur. Amma ən böyük üstünlüyü isə sərbəstlik, təmiz hava, səs-küydən uzaq olması və s-dir. Öz həyətində ailə ilə birlikdə pürrəngi çay içmək nəyə deyirsən dəyər.

 

Babək Nağıyev (35 yaş, müəllim):

– 5-6 il bundan əvvəl soruşsaydınız, birnəfəsə bina evi deyərdim. Amma indi həyət evi istəyirəm. Çünki 5-ci mərtəbəyə çıxıb-düşmək çətindir. Mənimçün həyət evi daha rahatdır. Həyət evi uşaqların oynaması üçün də əlverişlidir. Ərazisi genişdir və istədiyin dizayna da uyğun tikə bilirsən.

 

Kəmalə Cabbarova (41 yaş, “Uşaqların Gələcəyi Naminə” İB-nin sədri):

– Bina evinin nə dadı qalıb, nə də ki, duzu. Son illərdə nəyə bənzəyir bilmirsən, insanlar isə əsəbi. Ən əsası da, bloklara giriləsi deyil. Qonaq gələndə adam xəcalət çəkir. Binalar köhnəldiyindən qara cücülər evləri basıb. Keyfiyyət baxımından da yeni tikilmiş binalara etibar yoxdur. Uzun müddət qaz yox, kupça isə verilmir. Həyət evini istədiyin kimi düzəldə bilirsən. Deyən yoxdur ki, eyvanı niyə bu cür artırmısan. Üstünə su, zibil tökən də olmur. İstədiyin zaman havada, istədiyin zaman evində otura bilirsən. Həyət evinin üstünlüklərindən biri də odur ki, istədiyin zaman musiqi dinləyib, qonaq-qara qəbul edə bilirsən.

Həm də əlavə olaraq bu məsələyə də aydınlıq gətirilsəydi, əla olardı: Görəsən, biz özəl evlər üçün niyə vergi ödəyirik? Axı bir zamanlar bununla bağlı qərar da çıxmışdi…

 

İlahə Hacıyeva (46 yaş):

– Məncə, həyət evi insanlar üçün daha əlverişlidir. Ona görə ki, rahat, sakit və genişdir. Mənfi cəhəti də odur ki, həyət evi böyük xərc tələb edir.

Məsələn, bizim evdə mətbəx böyük, otaqlar genişdir.

Bina evində isə elə bil qutudasan.

Bundan başqa həyət evi istirahət üçün daha səmərəlidir. Amma pulun olsa…

Bina evi qonşu baxımından yaxşıdır. Qonşularla ünsiyyət çox olur.

 

 

Aytən Vaqifqızı (22 yaş, tələbə):

– Əslində, bu mövzu son zamanların ən aktual mövzularından biridir.

Bina evlərində yaşamaq o insanlara uyğundur ki, onların şəxsi maşınları olmaya da bilsin. Şəhərdən bir qədər uzaqda yaşayanlara isə maşınsızlıq sərf etmir. Bina evinin bəzi problemləri, qayğıları var. Hər insan yaşadığı mühitin rahat və komfortlu olması üçün əlindən gələni edir, imkanı daxilində. Müşahidə etdiyim qədəriylə, ən çox seçim həyət evlərinədir. Həmin insanlar fərdi yaşayışa üstünlük verir.

 

Rəşad Ələkbərov (26 yaş, “RealGaz” MMC):

– Şəhər sakini olaraq, bina evində yaşamağın tərəfdarıyam. Bina evi mənə sanki daha təhlükəsiz, daha rahat gəlir. Amma çatışmazlıqları da var. Məsələn, yaradıcı insan üçün həyət evi daha yaxşı olar. Şəxsən mənim həftə içi asudə vaxtım işdən sonrakı saatlara təsadüf edir. O saatlarda da hər kəs təbii olaraq istirahət etdiyi üçün musiqi alətində məşq edə bilmirəm. Sadəcə, yaradıcı insanlar üçün yox, yaşlı insanlar üçün də həyət evi daha məqsədəuyğun olar. Nəzərə alsaq ki, 5 mərtəbəli yaşayış binaları liftlə təmin olunmayıb, yaşlı insanın hər dəfə mənzilinə qalxıb enməsi müşkülə çevrilir. Unutmaq olmaz ki, həyət evində cüzi də olsa, yaşıllıq salmaq imkanın var ki, bu da ruhun dincəlməsinə səbəb ola bilər. O da danılmaz faktdır ki, həyət evində istədiyin hər bir şəraiti qurmaq heç də asan məsələ deyil.

 

Aqşin Sultanov (51 yaş, işini bildirmək istəməyib):

– Hər birinin özünə uyğun çətinlikləri var. Bina evi fikrimcə, daha təhlükəsizdir, həm də qış fəslinə daha uyğundur. Eyvana çıxdıqda həyətdə, küçədə nə baş verdiyini görürsən.

Həyət evinin də, üstünlüyü odur ki, otaqlar genişdir.  Yay fəsli üçün əlverişlidir. İstədiyin qədər dost-tanış qəbul edə bilirsən. Hər gün təmiz havada yemək yeyir, çay içirsən. Geniş həyətin olur və lazım olan  məhsullardan əkib-becərirsən.

 

Tahirə Məmmədova (49 yaş, evdar xanım):

– Fikrimcə, həyət evi daha rahat və geniş olur. Amma əziyyətli və çox xərc tələb olunandır. Həmişə gərək əlin cibində olsun. Bu da kasıba yaramır.

Həyət evi zəlzələ və təbii fəlakətlərə qarşı daha davamlıdır, bina evinə isə etibar yoxdur. Həyət evində yağış yağdısa, palçığın-zığın içində olursan.

Qısası, bina evində yaşamağa üstünlük verərdim. Yayda isə həyət evinə köçərdim.

 

Rasim Mirzəyev (37 yaş, turizm işçisi):

– Düzü, mən bina evində doğulub boya-başa çatdığım üçün həyət evi mənə çox darıxdırıcı, qeyri-münasib görünür. Həyət evi daha çox yay aylarına və yazın sonuna uyğun gəlir. Bina evində isə kondisionerin olarsa, ilin bütün fəsillərində normal yaşamaq mümkündür.

Bina evi qonaq qəbuluna, sakit, səs-küysüz, ekoloji təmiz həyat tərzinə daha uyğundur. Amma təəssüf ki, ünsiyyəti sevənlərə, təklikdən qorxanlara, xüsusən maddi cəhətdən imkanları aşağı olanlara münasib deyil. Çünki nə qədər pulun olursa olsun, həyət evini həyətilə birlikdə istədiyin şəraitə gətirib çıxarmaq çox çətin olur. Yaxşı bina evinin komfortunu isə heç nəyə dəyişmərəm.

 

Hazırladı: Elmir Ağayev, “168 saat”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Orxan
    Dekabr 24, 2012 - 17:17

    (Həyət evində yağış yağdısa, palçığın-zığın içində olursan.)
    Yuxarıda yazılan bu fikirlə razı deyiləm. Əgər həyət evinə qədər asfalt yol varsa, həyəti də metlakdırsa niyə zığ-palçığ olurki.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər