Sumqayıtlılar “Şəhər günü”nü qeyd edir

823

Bu gün Sumqayıtda böyük və rəngarəng tədbirlərlə “Şəhər günü” qeyd olunur. SİA-nın verdiyi xəbərə görə, bayrama bir gün qalmış milli geyimli atlı carçılar, motosikletçilər şəhərin küçələrini gəzərək sakinləri və şəhərin qonaqlarını bayram tədbirlərinə dəvət ediblər. İlk öncə Sumqayıt İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, hüquq mühafizə orqanlarının, sənaye müəssisələrinin rəhbərləri, habelə ictimaiyyətin nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək tər çiçəklər qoyublar.

Daha sonra tədbir qədim Corat kəndindən başlayıb. Burada qala divarları tikilib, qədim gəmi səhnəsi qurulub, bazar meydanı açılıb. Tədbirə toplaşan on minlərlə sumqayıtlı, bayrama gələn qonaqlar, xarici ölkələrin səfirləri böyük maraqla ədəbi-bədii kompozisiyaya tamaşa edirlər. Qədim toplardan açılan atəşlər, bayram üçün xüsusi hazırlanmış dünyanın ən nəhəng corat qutabı və uzaq keçmişdən Qafqaz Albaniyasından Roma sərkərdəsi Pompeyin öz qoşunu ilə bayrama qatılması, bura toplaşanların böyük marağına səbəb olub.

Sonra bayram tədbiri Sumqayıtda yenicə istifadəyə verilmiş Bayraq Meydanında davam etdirilib. Burada kütləvi bayram keçidi təşkil edilib. Meydandan keçən idmançılar, motosikletçilər, kartinqçilər, retro maşınlar, Türkiyədən məşhur Mehtər qrupu, Rusiyanın Sankt-Peterburq şəhərindən dəvət olunmuş Barabançı qızlar qrupu, Dağıstandan Ləzginka rəqs qrupu, Azərbaycanın bölgələrindən musiqi kollektivləri nümunəvi çıxışlarını nümayiş etdiriblər və məşhur nağıl personajları insanları salamlayıblar.

Tədbirlər axşam geniş bayram konserti və əsrarəngiz atəşfəşanlıqla başa çatacaq.
Ceyhun Eyyubov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər