Sumqayıtlıların metrobus xəyalı gerçək olur? – AÇIQLAMA

4741

“Tam təsdiq olunmasa da, gələcək planlarımızdan biri Bakı və Sumqayıt arasında metrobus xəttinin açılışıdır. Bildiyimiz kimi, metrobus xətti elə bir xətdir ki, bura başqa nəqliyyat vasitəsi daxil ola bilmir”, –bu sözləri BNA-nın baş direktoru Vüsal Kərimli bildirib.
Təbii ki, əsas məqsəd Bakı-Sumqayıt şosesində tıxac probleminin həll olunması və sərnişinlərin rahatlığıdır.
BNA-nın mətbuat katibi  Mais Ağayev   metrobusların nə vaxtdan  istifadəyə veriləcəyi  barədə danışarkən bu məsələlərin hələ müzakirə mərhələsində olduğunu söyləyib: “Texniki dəyərləndirmələr aparılır, habelə digər məsələlər var, onlar müzakirə olunur. Müzakirələr yekunlaşdıqdan sonra metrobusların istifadəyə veriləcəyi tarix açıqlanacaq”, – deyə M.Ağayev qeyd edib.
“Dünayanın bir çox ölkələrində metro stansiyaları yerin üstü ilə çəkilib, Azərbaycanda isə  yalnız yeraltı stansiyalar var. Metronun yerin altında olması şərt deyil”.
Bu sözləri nəqliyyat eksperti Elməddin Muradlı metrobusların istifadəyə verilib verilməyəcəyi barədə danışarkən bildirib. Ekspert həmçinin vurğulayıb ki, ölkəmizdə metrostansiyaların yalnız yerin altı ilə çəkilməsi öz növbəsində kifayət qədər vəsait və zaman alan bir prosesdir. Bir stansiyanın yerin altı ilə tikilib istifadəyə verilməsi illərlə vaxt aparır. Buna görə də, heç kəsə sirr deyil ki bu gün bizdə stansiyaların sayı azdır.  Dünyanın elə ölkələri var ki, əhalisinin sayı bizdən qat-qat azdır, lakin yüzlərlə metrostansiyası var. Metro stansiyalarını yerin üstü ilə təşkil etməklə məsafəni Sumqayıta və Bakı ətrafı qəsəbələrə qədər uzatmaq olar. Bakının bir neçə kəndini, Abşeronun qəsəbələrini, həmçinin də Şamaxinka adlanan əraziləri əhatə edən metrobuslar istifadəyə verilsə, tıxaclar da aradan qalxar.
Sulutəpə, Xırdalan və sair yaşayış məntəqələrindən  gələn sakinlərin həmin ərazilərdə nəqliyyat problemi, avtobus çatışmazlığı var deyə 1 manatlıq taksilərdən istifadə edirlər, beləliklə bu kimi problemlər yaranır. Metrobuslar həmin əraziləri də əhatə edərək istifadəyə verilsə, bütün bu problemlər aradan qalxar və sakinlər mənzil başına təhlükəsiz çatdırılar. Məsələyə bu baxımdan yanaşaraq reallaşdırılmalıdır, yox əgər yeyinti olacaqsa, kimsə gələcəkdə özünə biznes qurmağı fikirləşib və görüntü xatirinə Bakıda min, Sumqayıtda düş prinsipi əsas götürüləcəksə, bunun heç bir effekti olmayacaq. Cənab prezidentin 2018-ci il 27 dekabr tarixli fərmanı əsasında yol hərəkətinin təhlükəsizliyinə dair 5 illik dövlət proqramı təsdiq edildi. Proqramda bu cür nəqliyyat sisteminin yaradılması təklif olunur və aidiyyəti qurumlara da bu barədə tapşırıqlar verilib. Tramvay, trolleybus, yeri gəlsə, metrobus sisteminin yaradılması təklif olunub. Sadəcə qurumların buna necə yanaşmasından çox şey asılıdır. Əlbəttə ki, başdansovdu bir layihə yazılsa, heç bir effekti olmayacaq, necə ki, Azərbaycan Dəmir Yolları QSC Bakı- Sumqayıt sürət qatarını yaratdı. Amma insanlar yenə də oraya çox axın etmir. Səbəb isə stansiyalar arasındakı interval və gedişhaqqının baha olması səbəbindən çoxlarını qane etməməsidir. Bu səbəbdən də yenə Şamaxinka dairəsi, Memar Əcəmi, 20 Yanvar metrostansiyaları ərazisi yaxınlığından manatlıq taksilər daha çox pul qazanır, nəinki, bu sürət qatarları. Düzgün yanaşma olmadığından, insanları oraya yönəldə bilmirlər və milyonlarla pul xərclənmiş bir layihə tam uğurlu nəticə vermir”. xeberle.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər