Yəqin ki, hamınız qeybət edənləri, sözü üzə deməyə cəsarət etməyib, başqasının arxasıyca asıb-kəsənləri sevmirsiz. Cəmiyyətin müxtəlif təbəqələrində olduğu kimi futbolumuz da belələrindən xali deyil. Dəfələrlə şahid olmuşuq ki, hansısa futbolçu komandasından ayrılandan sonra sabiq komandasının rəhbərliyi, çalışdırıcısı haqqında müxtəlif ittihamlar səsləndirir. Adətən belə danışanlar özlərinin fitri istedada malik olduğunu iddia edir, guya ki, kimlərinsə paxıllığı üzündən, yaxud şər-böhtanla günahsız yerə işindən uzaqlaşdırıldığını iddia edirlər. Əlbəttə, istisnalar hər yerdə olduğu kimi bu cür hallarda da mövcud olur, bəzən həqiqətən də hansısa futbolçu məşqçi qərəzinə qurban gedir. Eyni hala hakimlərin cərgəsində də rast gəlmişik. Bu yaxınlarda “Qaradağ Lökbatan”ın çalışdırıcısı ilə yaşadığı məlum qalmaqal səbəbindən ikinci dəfə hakimlikdən uzaqlaşdırılacağı aktuallaşan Anar Niyazov gözünü yumub, ağzını açıb. Niyazov bizim hamımızın bildiyi və dəfələrlə səsləndirdiyimiz həqiqətləri dilə gətirib, Hakimlər Komitəsindəki qeyri-sağlam mühitdən bəhs edib. Onun dediklərini yenidən xatırladıb, təkrarçılıq etmiyəcəm. Sadəcə bu gün məhz belə xarakterə malik insanlar haqqında fikirlərimi sizinlə bölüşmək istədiymdən Anar Niyazovun adını çəkməli oldum. Siz də bilirsiz ki, Anar Niyazov Babək Quliyevlə birlikdə hakimlikdən uzaqlaşdırılsa da, Babək bəydən fərqli olaraq sonradan AFFA prezidentinin adına məktub yazaraq bağışlanmasını xahiş etmişdi. Kiminsə əfv ərizəsi yazıb, bağışlanmasını gözləməsi birbaşa həmin adamın günahlarını boynuna alması anlamına gəlir. Deməli, bir dəfə günah işlədib, bağışlandığını bilən Niyazov hiss edir ki, ikinci dəfə onu bağışlamayacaqlar. Buna görə də cəfakeş qəhrəman obrazını oynamağa məcbur olub, Xəqani Məmmədovun haqqında belə cəsarətli çıxışlar edir. Bununla da diqqəti özündən yayındırmağa, azərkeşlərin və mətbuatın gözündə özünü təmizə çıxarmağa çalışır. Bu yerdə yadıma qış fasiləsində AZAL-ın sıralarını tərk edən Yasin Abbasovun bir müddət əvvəl verdiyi açıqlamalar düşdü. Təxminən iki ayın söhbətidir, Yasin Vaqif Sadıqovun ona güvənmədiyini əsas gətirib, klubunu dəyişmək arzusuna düşmüşdü. İdman saytlarından birinə verdiyi qısa müsahibəsində futbolçu belə bir ifadə işlətmişdi: “bir az səbrli olun, qoy transfer vərəqəmi klubdan alım. Ondan sonra sizə daha ətraflı danışacam, mənə qarşı ciddi haqsızlıqlar olduğunu biləcəksiz.” Sonradan Yasinin nəzərdə tutduğu mətləblərdən xəbərdar olduq. Qəribədir, niyə futbolçu özünü haqlı hesab etdiyi məsələlər haqqında transfer vərəqi klubda olanda danışmağa cəsarət etmir? Bəlkə də bu mövzuya toxunmağı vacib bilməzdim. Amma hər dəfə oxşar hallarla qarşılaşanda üzümü belələrinə tutub demək istəyirəm ki, yalançı qəhrəman görkəmində çox miskin görünürsüz. Zamanında dilə gətirməyə qorxduğunuz sözləri sonradan deməklə cəsarətli imic yaratmaq mümkünsüzdür. Yəqin ki, qəzetimizin çərşənbə artıq “Neftçala” ilə anlaşan Davud Kəriminin sabiq klubunun rəhbərliyinə qarğış etməsindən xəbərdarsınız. Belə qarğışları adətən ucqar kəndlərdə yaşlı nənənlər səsləndirir. Müasir dünyadan kiminsə nahaq qarğışdan təsirlənəcəyinə inanan da tapmaq çətindir. Davudun qolkiper kimi məxsus olduğu keyfiyyətlərə bir-neçə dəfə toxunmuşam. Artıq heç də gənc sayılmayan qapıçı öz işini layiqincə görmək üçün müəyyən bacarığa sahib olsa da, zaman keçdikcə inkişaf etməyi, səviyyəsini yüksəltməyi bacarmadı, bu səbəbdən də “çərçivədə” yol verdiyi kobud səhvlərin sayı çoxalmağa başladı. Rəqibin uzaq zərbələri zamanı özünü səbəbsiz yerə itirməsini, topu cərimə meydançasında yer alan rəqib futbolçuların önünə atmasını əsas nöqsanı olaraq gördüyümü ikili söhbətlərimizdə özünə də söyləmişdim. “Neftçi”ylə oyundakı məlum səhvi isə “Rəvan”dakı karyerasına son qoydu. Heç bir qolkiperin səhvlərdən “sığortalanmadığı” məlum məsələdir. Əsas odur ki, öz səhvindən nəticə çıxarıb, lazımi dərsləri alasan. Amma Davud heç də belə müdriklik edənə bənzəmir. Onun bir müddət əvvəl verdiyi müsahibədə səsləndirdiyi “Onsuz da “Neftçi”yə uduzmalıydıq.”, “…məni komandada görmək istəməyənlərin cəzasını Allah versin” kimi fikirləri peşəkar futbolçunun beyninin məhsulundan daha çox, qeybətcil adamların çarəsiz sözlərini xatırladır. Heç, Rauf Mehdiyev çempionluğunda əvəzsiz pay sahibi olduğu “Neftçi”dən uzaqlşadırılanda özündən bu boyda cəfakeş obrazı düzəltməyə çalışmamışdı. Sözün düzü Kərimi belə cəsarətli sözləri dekabr ayında səsləndirsəydi onu qınamaz, əksinə cəsarətini alqışlayardım. Hamımız bilirik ki, Davud birinci dəstəyə yuvarlanmağa məhkum olan MOİK-in çətin günlərində klubunu dəyişib, “Muğan”a ehtiyat qapıçı kimi gəlməklə karyerasında irəliyə doğru addım atmışdı. Zaman keçdi, Kəriminin birinci dəstə təmsilçisi “Neftçala”ya keçidinə sevindiyi günü də gördük. Bu yerdə rusların məhşur atalar sözü yada düşür. Dilimizə tərcümə etməyə çalışsaq, həmin kəlam “sürünmək üçün yarananlar uça bilməzlər” kimi səslənir.
Amal Abuşov