Ötən ildən etibarən 15 iyun Azərbaycan tarixində ikinci dəfə xüsusi bir mahiyyət daşıyan günə çevrildi. Ulu öndər Heydər Əliyev 29 il əvvəl bu gündə Azərbaycanı parçalanmaq, bir dövlət kimi siyasi xəritədən silinmək təhlükəsindən qurtardısa, bu gün isə Azərbaycan güclü və qalib dövlət olaraq bir daha bölgədə və dünyada sülhün və rifahın bərqərar olması üçün öz töhfəsini təqdim edir.
Bu baxımdan, bir il bundan əvvəl imzalanan Şuşa Bəyannaməsinin müstəsna siyasi, iqtisadi, hərbi, elmi, mənəvi və tarixi əhəmiyyətini xüsusi olaraq qeyd etmək lazımdır. İlk növbədə bu sənəd Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətlərini daha da gücləndirərək yeni bir mərhələnin əsasını qoydu. Digər tərəfdən Ermənistanda revanşizmin və Qars müqaviləsinin ləğvi barədə iddiaların səsləndirildiyi, bəzi dövlətlərin regionda yenidən qarışıqlıq yaratmaq istədikləri bir zamanda belə bir sənədin imzalanması xüsusi rəmzi məna daşıdı. Məlumdur ki, Qars müqaviləsinin ləğv edilməsi ilə bağlı ayrı-ayrı vaxtlarda həm ermənilər, həm də onlara havadarlıq edən qüvvələr fikirlər səsləndirmiş və bunun üçün cəhdlər göstəriblər. Lakin Şuşada imzalanan Bəyannamə bu məsələni tarixin arxivinə göndərdi.
Bəyannamədə qeyd edilib ki, tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaq.
Şuşa Bəyannaməsi öz məzmununa, strateji məqsədlərinə görə həm də regionda sülhün, sabitliyin möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, bölgədə yeni münaqişələrin meydana çıxmasında maraqlı olan qüvvələrə çox ciddi mesaj verir: “Azərbaycan və Türkiyə dəfələrlə bəyan edib ki, bu sənəd heç bir üçüncü dövlətə qarşı yönəlməyib. Bizim ölkələrimizi yalnız ortaq etnik köklər, dini və mədəni amillər deyil, həm də ümumi maraqlar birləşdirir. Azərbaycanla Türkiyə beynəlxalq platformalarda sıx əməkdaşlıq edir, siyasi, iqtisadi, ticarət əlaqələri, mədəniyyət, təhsil sahəsində münasibətlər ən yüksək səviyyədədir. Eyni zamanda, hərbi sahədə, müdafiə məsələlərində çox dinamik inkişaf edən əməkdaşlıq mövcuddur. Bu baxımdan Şuşa Bəyannaməsi iki ölkə arasında strateji müttəfiqliyin təsdiqidir”.
Bir sözlə, yuxarıdakı fikrimizə yenidən qayıdaraq deyə bilərik ki, 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən Şuşada imzalanmış Müttəfiqlik Bəyannaməsi ölkələrimizin imkanlarının birləşdirilməsini və maraqlarının birgə müdafiəsini nəzərdə tutan unikal tarixi sənəddir.
Faktiki olaraq Şuşa Bəyannaməsi Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarının strateji müttəfiqlik konsepsiyasına çevrilməsini təsdiq edən bir tarixi sənəd oldu.
Türkiyə və Azərbaycan indiyə qədər də bütün məsələlərdə bir yerdə olublar, bundan sonra da bu birlik davam edəcək. Bu gün Şuşa Bəyannaməsinin ölkələrimiz və xalqlarımız üçün əhəmiyyətini olduğu qədər dəyərləndirmək qeyri-mümkündür. Çünki bu Bəyannamə mahiyyət etibarı ilə gələcəyimizə, hər iki ölkənin stabil, inkişaf edən və təhlükəsiz gələcəyinə hesablanmış bir sənəddir. Təsadüfi deyil ki, bu tarixi sənədin imzalanması Azərbaycanda mövcud olan bütün siyasi qüvvələr tərəfindən birmənalı olaraq dəstəklənib. Şuşa Bəyannaməsi ölkədə fəaliyyət göstərən 48 siyasi partiya tərəfindən birgə bəyanatla təqdir edildi.Birmənalı olaraq Şuşa Bəyannaməsini Azərbaycan və Türk xalqlarının şanlı keçmişinə bir sədaqət və gələcək nəsillərə ən dəyərli bir nəsihət nümunəsi olduğunu deyə bilərik.
Bu sənədlə Azərbaycan öz dövlət müstəqilliyinə qarant altına alaraq bütün mümkün təhlükələrdən özünü sığortalaya bildi.
Sevinc Qasımova
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini, Gənclərin İnkişaf və Karyera Mərkəzi Sumqayıt nümayəndəliyinin direktoru