Şuşa Bəyannaməsi regionda sabitliyə, sülh və təhlükəsizliyə töhfə verəcək

902

2020-ci ilin payızı Azərbaycan tarixində tam yeni bir səhifə açdı. Müqəddəs Vətən müharibəsi bir daha azərbaycanlılara döyüş ruhunun gücünü , xalq-hakimiyyət birliyini və qəhrəman Azərbaycan oğullarının Vətən sevgisini isbatladı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, taktiki-manevr qabiliyyəti, diplomatik məharəti sayəsində qüdrətli Azərbaycan Ordusu əzəli, əbədi yurd torpaqlarını düşmən tapdağından azad etdi.

Dost dar gündə tanınar, deyiblər. Döyüş günlərində qardaş Türkiyə dövlətinin mənəvi-siyasi dəstəyi də hər birimizi qürurlandırdı. Böyük Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” deyiminin və ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının işıq saldığı yeni strateji tərəfdaşlıq yolu müharibədən sonra çağdaş politoloji baxış bucağında, yeni dünya nizamı çərçıvəsində keyfiyyətcə müasir bir mərhələyə qədəm qoydu.

“Şuşa Bəyannaməsi” bu mərhələnin yol aldığı Zirvənin konturlarını aydınlatdı. Heç şübhəsiz iki qardaş ölkə arasında Bəyannamənin imzalanması həm də ayrı-ayrı illərdə bağlanmış müqavilələrə sadiqliyin təcəssümüdür.

13 oktyabr,1921-ci ildə imzalanmış Qars müqaviləsi, 9 fevral, 1994-cü ildə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə” müqavilə, habelə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Protokol, 16 avqust 2010-cu ildə reallaşan “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilə qardaş ölkələrin münasibətlərinin hər zaman ali dərəcədə qərar tutduğuna bariz nümunə olub.

2021-ci il, iyunun 15-də, Milli Qurtuluş bayramında, müasir Azərbaycan dövlətçiliyi təməl günündə “Şuşa Bəyannaməsi”nin imzalanması da, əslində bir simvol oldu. İki qüdrətli Türk dövlətinin rəhbəri , iki müzəffər sərkərdənin, iki xalq sevgisini qazanmış Liderin qədim Şuşada, Cıdır düzündə bu Bəyannaməni imzalaması bizə nə qədər fərəh anı yaşatdısa, düşmənə və onu dəstəkləyən bəzi təşkilat və dövlətlərə bir o qədər acı bəxş etdi.

Əlbəttə, siyasi, iqtisadi, müdafiə, mədəniyyət-humanitar, səhiyyə, təhsil, gənclər və idman , sosial sahələrdə potensialın birləşdirilməsi, səmərəli əməkdaşlıq öz effektiv bəhrəsini verəcək və gücümüzə güc qatacaq. Eyni zamanda mövcud Bəyannamə Qafqazın ümumi inkişafında , regionda sabitliyin, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində, dövlətlər arasında münasibətlərin tənzimlənməsində əhəmiyyətli rol oynayacaq.

Xarici siyasət konsepsiyasının uğurlu həllində müntəzəm iki tərəfli siyasi məsləhətləşmələr, beynəlxalq təşkilatlar müstəvisində qarşılıqlı dəstək, beynəlxalq səviyyədə tanınmış sərhədlərin təhlükəsizliyinə qarşı Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təmini də dostluq və qardaşlığın əbədiliyinə rəvac verir.

Bütün qeyd etdiklərimizin fonunda Ermənistan ciddi miqrasiya problemləri yaşayır. Azərbaycan ərazisində məskunlaşmış ermənilər arasında miqrasiya daha qabarıq hiss olunur. Bu baxımdan Ermənistanın yeganə çıxış yolu sülhdür.

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə kompleks yenidənqurma işləri həyata keçirir. Bu işlər Şuşa şəhərində daha sürətlə reallaşdırılır. Bölgəyə yeni investisiyaların qoyulması gözlənilir. Bu o deməkdir ki, bir neçə ildən sonra Şuşa və Xankəndinin inkişaf səviyyəsində ciddi fərqlər özünü göstərəcək. Şuşada və onun ətrafında turizm üçün əla imkanlar olacaqdır. Qeyd etdiyimiz və digər iqtisadi amillər regionda yeni münasibətlərin formalaşmasına səbəb olacağı qaçılmazdır.

Leyla Hafiz qızı, Sumqayıt Dövlət Dram Teattının mətbuat katibi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər