Şuşa həbsxanasında saxlanılan azərbaycanlı əsir və girovlara ağlasığmaz metodlarla işgəncələr veriblər, hətta onları bir-birlərinə işgəncə verməyə məcbur ediblər.
Bu haqda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov APA-ya müsahibəsində danışıb.
“Tarixə nəzər salsaq, görərik ki, hələ I Dünya müharibəsində, əsasən, Türkiyəyə qarşı döyüşmüş erməni terrorçu dəstələri əsirlərə və mülki əhaliyə qarşı çox dəhşətli işgəncə növləri tətbiq ediblər. Bizim apardığımız araşdırmalar göstərir ki, həmin işgəncə növləri I Qarabağ müharibəsində inkişaf etdirilərək yeni çalarlarla tətbiq edilib. Yəni Ermənistan hərbçiləri bu sahədə öz sələflərindən geri qalmayıb, hətta onlardan irəli gediblər”, – İ.Axundov deyib.
Onun sözlərinə görə, I Qarabağ müharibəsi ilə bağlı aparılan araşdırmalar göstərir ki, Ermənistan hərbçiləri azərbaycanlı əsir və girovlara özləri işgəncə verməklə yanaşı, onları hər hansı açıq meydanda toplanmış mülki erməni əhalinin də ixtiyarına verərək işgəncələr verdiriblər.
“Eyni zamanda, əsir və girovları bir-birinə qarşı işgəncə verməyə məcbur ediblər. Təsəvvür edin, Şuşa türməsində saxlanılmış əsirlərin bir çoxu bildirir ki, onları türmənin həyətində və hasarın üzərində saatlarla it və digər heyvanların səslərini çıxarmağa məcbur ediblər. Bu cür ağlagəlməz və ancaq erməni terror düşüncəsinin məhsulu olan işgəncə növləri azərbaycanlı əsir və girovlara qarşı tətbiq olunub. Xüsusilə insanların dişlərinin kəlbətinlə çıxarılması, başlarına mismar çalınması, damarlarına dizel yanacağı yeridilməsi və s. həyata keçirilib. Əsirlikdən azad edilənlər danışır ki, Şuşa həbsxanasına yeni gətirilənləri dəmir gürzlə vuraraq onları: “Evimə xoş gəldim” – deməyə məcbur edirmişlər. Qeyd edim ki, Şuşa şəhəri işğaldan azad edildikdən sonra Dövlət Komissiyasının əməkdaşları oraya baxış keçirib. Maraqlı fakt ondan ibarətdir ki, əməkdaşlarımız oraya baş çəkərkən əsirlərin haqqında bəhs etdiyi dəmir gürzü də oradan taparaq dəlil kimi götürüblər. Biz həmin gürzü deyilənlərə sübut kimi “Zəfər Muzeyinə” təqdim etməyi düşünürük”, – İşçi qrupunun rəhbəri vurğulayıb.
Xatırladaq ki, I Qarabağ müharibəsində azərbaycanlı əsir və girovlara Şuşa həbsxanasında amansız işgəncələr verən erməni hərbi canilərdən ikisi – Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviç 44 günlük müharibədə döyüşçülərimiz tərəfindən tutulmuşdu. Sonradan bu hərbi canilər Bakıda məhkəmə qarşısına çıxarıldılar və keçmiş hərbi əsirlər zərərçəkənlər qismində onların törətdiyi dəhşətli əməlləri bütün təfərrüatları ilə məhkəmənin gedişində danışdı. Məhkəmənin yekununda Mkrtiçyan və Xosrovyan hərəsi 20 il həbsə məhkum edildilər.