Şuşa mədəniyyət paytaxtı olaraq dünya mədəni irsinə öz töhfəsini verəcək

1303

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vaxtı ilə işğal altında olan ərazilər haqqında danışarkən bildirmişdi: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir”

Bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Çünki, son 17 il ərzində Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük inkişaf yolu keçərək tarixinin ən qüdrətli, ən güclü dövrünü yaşayır. Bütün sahələrdəki hərtərəfli inkişafın nəticəsində ordumuz 44 günlük Vətən müharibəsində Ermənistanın işğal siyasətinə son qoydu, işğal altında olan torpaqlarımızı azad etdi. Bununla Ulu Öndərin işğal altında olan torpaqlarımızla, xüsusilə Şuşanın azad olunması ilə bağlı arzuları çin oldu, vəsiyyəti yerinə yetirildi.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciəti zamanı bunu xüsusilə vurğuladı: “Mən bu gün, eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!”

Ulu öndər Heydər Əliyev hakimiyyətinin birinci dövründə (1969-1982-ci illər) Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin inkişafına xüsusi diqqət yetirir, çox böyük qayğı göstərirdi. Həmin dövrdə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə qərarlar qəbul edildi. Qəbul olunmuş qərarlara uyğun olaraq Şuşada mövcud binalar, tarixi abidələr bərpa edildi, mehmanxana kompleksləri, yeni yaşayış binaları tikilib istifadəyə verildi.

1977-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində mühüm layihələr reallaşdırılmışdır.

Şuşanı azad görməklə yanaşı, onun bərpası, Azərbaycan mədəniyyətində öz layiqli yerini tutması da Ulu Öndərin ən böyük arzusu, ən böyük hədəflərindən biri idi.

Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri, ölkəmizin mədəniyyət beşiyi olan Şuşa bu gün azaddır, biz qayıtmışıq və Şuşamız hər ötən gün daha da dirçəlir, abadlaşır, inkişaf edir.

Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi də məhz Şuşa rayonuna təyin edilmişdir. Ölkə başçısının tapşırığına əsasən bu gün Şuşa şəhərində bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. Hazırda şəhərsalma prinsiplərinə uyğun olaraq bərpa və yenidənqurma işlərinin layihələndirilməsi üzərində də işlər aparılır.

7 may tarixində Prezident İlham Əliyev “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” sərəncam imzaladı. Sözsüz ki, 7 may tarixinin seçilməsi təsadüfi deyildir. 1992-ci ildən  sonra hər il mayın 8-ni bayram edən Ermənistan 29 il sonra bu tarixi Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olması faktı ilə qarşılamağa məhkumdur. Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi tariximizin saxtalaşdırılmasına dəstək olan digər ölkələr üçün də bir mesaj oldu.

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Şuşa şəhərinin gələcək inkişafı ilə bağlı mühüm mesajlar vermişdir. Ölkə başçısı müsahibəsində bəyan etdi ki, mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm! Vurğulandı ki, mütəxəssislər, memarlar, tarixçilər, şuşalılar şəhəri necə görmək istədiklərinə özləri qərar verməlidir və  bərpa ilə bağlı görüləcək işlərdə mütləq ictimai nəzarət olmalıdır.

Mədəni abidələrlə zəngin olan Şuşa şəhərində pərpa işləri sürətlə həyata keçirilir. Şəhərdə yerləşən Vaqifin məqbərəsi Heydər Əliyev Fondunun vəsaiti hesabına, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bərpa edilir. Şuşa şəhərinin rəsm qalereyası, Şuşa Xalça Muzeyi bərpa edilir. Azərbaycan İslam memarlığının, Qarabağ şəhərsalma ənənələrinin yadigarı olan Yuxarı Gövhərağa məscidində bərpa işləri həyata keçirilir.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Şuşaya səfərləri zamanı ziyarət etdikləri Şuşa Realnı məktəbi, Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Qazançı kilsəsi, Bülbülün ev muzeyi, Vaqifin türbəsi, Cıdır düzü hər bir azərbaycanlı üçün tarixi dəyər daşıyır. Şuşa şəhərində mövcud olan tarixi-mədəni abidələrin bərpası şəhərə Azərbaycan ruhunun qayıdışıdır.

Bir zamanlar “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Zaqafqaziyanın konservatoriyası” adlandırılan Şuşa şəhəri bundan sonra Azərbaycanın mədəniyyət paytaxtı kimi inkişaf edəcək, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olaraq bundan sonra da dünya mədəni irsinə öz töhfəsini verəcək.

Namiq Əliyev, Sumqayıt şəhərinin Tarixi Muzeyinin əməkdaşı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər