Sxadadzenin kəsdiyi səs

1137

Kaxaber Sxadadzenin uşaqlığı maraqlı keçib. Deyilənlərə görə, evlərinin yaxınlığında göl var imiş. Boş vaxtlarında həmin gölün kənarında əyləşər, quşların oxumasına, qurbağaların qurultusuna qulaq asarmış. Bezəndə bir daş götürüb gölə atar, ətrafa sakitlik çökərmiş.

Ölkə futbolunda sakitlikdi. Lətifəsi bizlərdən uzaq, sanki qurbağa gölünə daş atıblar. Klublar istirahətə çəkilib, daha vacib olan həlledici mərhələyə hazırlığın planlarını cızırlar. Yanvardan etibarən toplanışlar başlayır, ardınca klublar mövsümün ikinci hissəsində güclərini sınayacaq, avrokuboklara getmək istəyənlər, eləcə də elitada qalmağı arzulayanlar həlledici mübarizəyə başlayacaq.

Adətən “transfer pəncərəsi” açılan ərəfədə bizim futbolçuları dünyanın aparıcı komandaları “istəyir”. Danışırlar, müzakirə edirlər, yazıb-pozurlar və axırda bəlli olur ki, reklam kampaniyası imiş. Yəni Biləcəridən o yana heç kimə lazım olmayan topqovanlarımız sadəcə, bəzi klub rəhbərlərini “qazlamaq”, qiymətlərini qaldırmaq üçün belə edirmiş.

Özünüz fikirləşin, bizimkilərin bacarığı olsaydı, Kamran Ağayev 6 ay klubsuz qalardı? Ya da Mahir Şükürov “Qəbələ”dən ayrıldıqdan sonra işsiz gəzərdi? Necə ki, Mahir transferin son anında özünü “Neftçi”yə pərçim etdisə, yəqin ki, Kamran da “Bakı”nın, ya da elə flaqmanın saqqızını oğurlayacaq. Ona nə var ki? “Xəzər Lənkəran”da olduğu kimi, bu klubların da rəhbərlərinin sağlığına bir-iki kəlmə deyəcək və transfer yekunlaşacaq.

Kamrana onsuz da indi bir o qədər inanmırlar. Bu üzdən dibçəkdə təzə qönçələr peyda olub. İndi çox qazanmaq eşqində olan bu gənclər köhnə taktika ilə təzə “qaz” axtarırlar. Məsələn, ölkə çempionatının cari mövsümündə sentyabrdan indiyə qədər 1 (!) qol belə vura bilməyən Rauf Əliyev iddia edir ki, təkcə ölkə daxilinlə 3 elçisi var. “Qarabağ” bu hücumçunun kəramətinə bələd olduğundan onun maaşını qaldırmır, bu səbəbdən Rauf da dəyərli olduğunu gözə soxmaq üçün siyahı düzəldib. Gör Türkiyənin aşağı dəstə klubları nə gündədir ki, Əliyev onları bəyənməyib iddialı klub istəyir.

Demirik ki, futbolçularımız xaricdə oynaya bilməz. Mümkündür. Bunu ən azı Rail Məlikov “Dənizlispor”da əvəzolunmaz olmaqla isbatladı. Amma o, niyə getdi? “Neftçi”dən qovulduğu və ölkədə heç kimə lazım olmadığı üçün. İndi qardaş ölkədə daha az qazanmağa razılaşıb futbolunu oynayır. Bizim digər futbolçuların da buna potensialı çatar. Ancaq hamısı çox qazana biləcəyi yer axtarır – güclü klublar onları istəmir, az pul verənləri bizimkilər bəyənmir. Cavid Hüseynov kimi hansısa iddialını aldada bilməsələr, elə PTT-Liqaya yollanacaqlar.

Avropa Liqasında legionerlər hesabına qapazaltı olmayan “Neftçi”nin oyunçuları da böyük klublara keçməlidir. Hər halda, belə deyirlər. “Ağ-qaralar”ın vitse-prezidenti Tahir Süleymanova inansaq, onlara konkret təkliflər gəlib. Cavid İmamverdiyevin Kiyev “Dinamo”sundan dəvət alması xəbəri ukraynalıların təkzibi ilə beşikdə boğulduğundan digərlərinin “anons”u gizli saxlanılır. Ancaq indidən sizi əmin edirəm ki, müştərilərin heç biri hansısa adlı-sanlı klub olmayacaq. Ya Araz Abdullayevin “Everton”a calaq edilməsi kimi “adı orada, dadı burada” bir variant fikirləşəcəklər, ya da yenə elə PTT-yə möhtac olacağıq.

“Neftçi”də transferlərlə bağlı bir çox məsələlərə indiyədək aydınlıq gəlməli idi. Baş məşqçi Böyükağa Hacıyev vəd etmişdi ki, dekabrın 25-də yeni gələcək oyunçular da, lazımsızlar da bəlli olacaq. Üstəlik, hansı oyunçuların hansı klublardan təklif aldığı da açıqlanacaq. Üstündən 4 gün keçib, ortada ciddi bir şey yoxdu. Bilirsiz niyə? İlin son oyununda “İnter” – “Neftçi” oyununda Hacıyevin bəyənmədiyi Sxadadze rəqibinə elə bir dərs keçdi ki, “ağ-qaralar”ın daxilində hamı bir-birindən ehtiyat edir. Heç-heçə bitən matç “İnter”in çempionluğa daha yaxşı kökləndiyini, oyun baxımından da “Neftçi”dən daha üstün olduğunu gözlər önünə sərdi.

Titulun qorunmasının çətin olacağını anlayan “Neftçi” bu üzdən susmağa üstünlük verdi. Ehtiyatda 3 oyunu qalarkən qışa kimi zirvəyə qalxacaqlarını vəd edən Böyükağa bəy yalançı çıxdığından indi planlar təzədən cızılmalıdır.

Sxadadze dil-dil ötənlərin gölünə necə daş atıbsa…

Fərid, APASPORT

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər