“Taborumuza qayıdanda əvvəlki “uşaq”lardan çox az qalmışdı…”

1125

Qarşımda oturub mənə müsahibə verən gənc oğlanın danışdığı hekayə qəlbimi qürurla doldurur. Bəzən umub-küsdüyümüz Azərbaycan gəncliyinin qəhrəman nümayəndəsinin döyüş hekayəsinə elə maraqla qulaq asıram ki, sanki filmə baxıram. Rauf Cəfər oğlu Səfərov 04 yanvar 2000-ci ildə Salyan rayonunun Ərəbqardaşbəyli kəndində anadan olub. Atası Cəfər kişi neftçidir, neft daşlarında işləyir. Anası Yeganə xanım isə evdar qadındır, həm də ev təsərrüfatı ilə məşğul olur . Raufgil 3 qardaşdırlar. Rauf ailənin ən kiçik övladıdır. Böyük qardaşları Elşad və Rəşad Sumqayıt şəhərində yaşayaraq fəhləlik edirlər.

 

Qəhrəmanımız 2017-ci ildə həmin kənddəki şəhid Rafael Quliyev adına orta məktəbi bitirib. Rauf 2018-ci ildə hərbi xidmətə yollanıb. Hərbi xidmətini cəbhə xəttindəki səngərdə, Tərtər rayonunun Marquşavan kəndində edib. 2019-cu ildə isə tərxis olunaraq evə qayıdıb. Sumqayıta gedərək qardaşları ilə birgə fəhləlik edib. Bu ilin sentyabr ayının 21-də çoxları kimi o da könüllü səfərbərliyə alınaraq orduya yollanıb. Raufun ilk döyüşü Lələtəpə yüksəkliyi istiqamətində olub. Onların mindiyi BTR-i düşmən minamyotla vuran zaman hərbi maşında olan 9 nəfərdən 2 nəfər şəhid olub, Rauf isə yaralı olsa da cəldliyi nəticəsində alışan BTR-dən çıxa bilməsi nəticəsində sağ qalıb. Müxtəlif dərəcəli xəsarətlər alan gənc döyüşçü xəstəxanaya getməkdən imtina edərək döyüşlərdə iştirakını davam etdirib. Sentyabr ayının 29-da isə Cəbrayıl rayonunun Nuzgar kəndində ələ keçirib yerləşdikləri sığınacağın tank əleyhinə raketlə vurulması nəticəsində Rauf ağır yaralanıb. Yanıq və baş-beyin silkələnməsi xəsarətləri alıb. Onu ağır vəziyyətdə əvvəlcə Fizulidəki hərbi hospitala, oradan isə Şirvan şəhər və Hacıqabul rayon xəstəxanalarına köçürüblər. 11 günlük müalicədən sonra özünə gələn Rauf təkidlə döyüşlərə qayıda bilib.

Rauf deyir: “Taborumuza qayıdanda əvvəlki “uşaq”lardan çox az qalmışdı. Ya şəhid olmuşdular, ya da yaralandıqlarından müalicədə idilər”.

Raufgilin taboru da noyabr ayının 1-də yerləşdikləri məntəqədən Şuşa istiqamətində hərəkətə başlayıb. Bir qədər hərbi maşınlarda irəlilədikdən sonra piyada dağ-dərə ilə xeyli yol qət etdikdən sonra Şuşakəndə çatıblar. Lakin axşam saatlarında yerləşdikləri dağın döşündəki meşədə düşmən döyüşçülərimizi şiddətli atəşə tutub. Rauf da döyüşçü yoldaşları ilə birgə yerə uzanaraq düşmənlə yaxın məsafədən atışmağa başlayıb. Taboru 3 tərəfdən atəşə tutan düşmənə qarşı şiddətli döyüş başlayıb. Düşmənin AQS tipli qumbaraatan silahdan açdığı atəş nəticəsində Rauf ayağından yaralanıb. Bu zaman Rauf ayağa qalxaraq yerini dəyişmək istədikdə nöbəti dəfə qəlpələr gözünü çıxarıb. Özünü itirməyən Rauf yaralı halda yerini dəyişərək atəş altından çəkilərək qanı axmasın deyə ayağını xüsusi vasitə ilə bağlayıb. Meşədə döyüş səhər saat 5-ə kimi davam edib və yalnız həmin vaxt düşmənin yerini dəqiq müəyyən edə bilmiş ordumuzun sərrast artileriya atəşi ilə düşmən susdurulub. Səhər açılanda xeyli daha ağır yaralını onların ardınca çox çətinliklə mövqeyə gəlib çıxa bilmiş KamAZ-a mindirərkən Rauf yaralı olmasına baxmayaraq köməklik edib. Amma maşında yer olmadığı üçün növbəti maşını gözləyib. Bu zaman 4 yaralı döyüşçü birlikdə özlərinə gəlmək üçün yaxınlıqdakı tərk edilmiş erməni evinə gedərək sobanı qalayıb isiniblər, gecəni orada keçiriblər. Bir gözünü itirmiş Rauf digər yaralı döyüş yoldaşları ilə birlikdə bir günü belə yola verib. Ertəsi günü isə onların ardınca maşın gəlib çıxa bilib və yaralı döyüşçüləri Hadruta aparıb. Bakı şəhərində təcrübəli həkimlərin apardığı cərrahi əməliyyat nəticəsində Raufun gözünə girmiş 3 qəlpədən 2-i çıxarılıb, 1 qəlpə isə daha dərinə nüfuz etdiyindən toxunulmayıb. Yaxın vaxtlarda onun çıxmış gözünün yerinə linza qoyulacaq. Beləcə bu 20 yaşlı qəhrəman gəncin döyüş yolunu dinlədikcə onunla yanaşı əyləşmiş valideynlərinin necə qürur dolu həyəcan keçirdiklərini duymamaq mümkün deyil.

Raufun anası Yeganə xanım deyir: ”Oğlum Raufla qürur duyuram. Şükür balam sağdır. Allah şəhid olmuş balalarımızın valideynlərinə səbr versin. Mən onları da öz balam bilib hər gün ağlayıb oxşayıram. Qoy müharibə olmasın”.

 

“Rauf hələ uşaqlıqdan qeyri-adi idi. Artıq 6 yaşı olanda ibadətə meyllənmişdi. Namazı öyrənmişdi. 8 yaşı olanda Quran oxuyurdu. Sakit təbiətli və zəhmətkeş bir uşaq idi. Allah bütün əsgərlərimizi qorusun, Şəhidlərimizin ruhunu şad etsin. Valideynlərinə səbr versin”-deyir qəhrəmanımızın atası Cəfər kişi söhbəti yekunlaşdırıb.

Emil Məmmədov, Salyan

Virtualaz.org

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər