Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbər dünyasını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə Feysbuk hesabında məlumat verib.
Qeyd edək ki, T. Əkbər ötən ilin noyabrında insult keçirmiş, 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Xatırladaq ki, Tahir Əkbər 1946-cı il yanvarın 20-də anadan olub. 1960-cı ildə Dzerjinski adına musiqi məktəbinin fortepiano şöbəsinə daxil olub, 1965-ci ildə isə oranı bitirib. 1985-ci ildən keçmiş SSRİ Bəstəkarlıq İttifaqının, daha sonra isə Azərbaycan Bəstəkarlar Birliyinin üzvü olub.
Tahir Əkbər müxtəlif janrlarda – xor musiqisi, simfonik və kamera əsərləri yaradıb. “Simfonik rənglər”, ilahiyyat mövzusunda yazdığı “Amin” əsəri Azərbaycan professional musiqisində yeni janrlar hesab olunur.
Bəstəkarın bəstələdiyi onlarca mahnı, o cümlədən “Dərdin alım“, “Heç küsməyin yeridirmi?“, “Azərbaycan“, “Əzizim“, “Heyfim gəldi“, “Qalardım“, “Bir qız bir oğlanındır“, “Xəzəllərin rəqsi“ və başqa mahnılar görkəmli ifaçılarımız Şövkət Ələkbərova, Mirzə Babayev, Zeynəb Xanlarova və digər müğənnilər tərəfindən uğurla ifa olunub.