Açıqlanan statistik rəqəmlərə əsasən, bu ilin yanvar-may aylarında Azərbaycanda aqrar sektorda artım qeydə alınıb. Qeyd olunur ki, cari ilin ilk beş ayında 2 165,1 mln. manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% çoxdur.
Hesabat dövründə kənd təsərrüfatının 79,5%-ni təşkil edən heyvandarlıq məhsullarının istehsalı 1 721,9 mln. manat təşkil edib ki, bu da 2019-cu ilin analoji ayları ilə müqayisədə 3,2% çoxdur.
Bitkiçiliyə gəldikdə isə, hesabat dövründə 443,2 mln. manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,3% çoxdur.
“…proqnozdan əlavə 500 milyon manat vəsaitin büdcəyə daxil olması…”
Cari il ərzində aqrar sektorda qeydə alınan artım barədə fikir bildirən millət vəkili Tahir Mirkişili qeyd etdi ki, aqrar sektorda istehsalın 3.6 faiz, o cümlədən, bitkiçilikdə məhsul istehsalının 5.3 faiz, heyvandarlıqda məhsul istehsalının 3.2 faiz, iqtisadiyyata kredit qoyuluşlarının 16.4 faiz artması indiki bu çətin şəraitdə mühüm nailiyyətdir. Eyni zamanda, inflyasiyanın 2.9 faiz olması və orta aylıq əməkhaqqının artaraq 740 manata çatması əhalinin maddi rifahının artması baxımından yaxşı göstəricidir.
Millət vəkili onu da əlavə etdi ki, büdcə gəlirlərinin artması, proqnozdan əlavə 500 milyon manat vəsaitin büdcəyə daxil olması əhalinin maddi rifah halına əsas təsir edəcək sosial xərclərin icrası üçün mühüm maliyyə zəmini yaratmaqdadır: “Bu ilin büdcəsinin də ən böyük hissəsi (40%-ə yaxın) zatən sosial xərclərdir. İnflyasiyanın minimum həddə olması və orta aylıq əməkhaqqının artması da mühüm sosial-iqtisadi nəticədir. İqtisadiyyatın ən çox islahatlara məruz qalan sahələrində indiki şəraitdə belə artımın qeydə alınması, ÜDM-də azalma tempinin az olması onu deməyə imkan verir ki, Azərbaycanın pandemiya böhranından minimum itkilərlə çıxmağa iqtisadi imkanları mövcuddur”.